AZ

Şuşa Bəyannaməsi əlamətdar hadisə kimi Azərbaycan tarixinə həkk olunmuşdur

Azərbaycan-Türkiyə müttəfiqliyini ehtiva edən Şuşa Bəyannaməsi ilə Qafqazın tarixinin yenidən yazıldığını demək olar. Həqiqətən də burada iki qardaş ölkənin xidmətləri misilsizdir. 44 günlük vətən müharibəsindən sonra Türkiyənin Cənubi Qafqazdakı rolu haqqında səslənən fikirlərə, müzakirələrə də Şuşada cavab verildi. 

Artıq Türkiyə Cənubi Qafqaz regionunda iki böyük gücdən biri hesab edilir. Bəyannamənin imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata birgə bəyanatında vurğulandı ki, Türkiyə Azərbaycanla birlikdə işğaldan azad olunmuş torpaqlarda quruculuq-bərpa işlərini bərabər aparacaq. Eyni zamanda vurğulandı ki, bir daha bu hadisələrin yaşanmaması üçün də Azərbaycan Türkiyə birgə addımlar atacaq. Bu baxımdan, ən vacib məqam ondan ibarət idi ki, bundan sonra Azərbaycana ediləcək hər hansı bir təhdid, hücum Türkiyəyə qarşı edilmiş kimi qəbul olunacaq və Türkiyə anında Azərbaycanla bərabər bu məsələlərə cavab verəcək.

Eyni zamanda, Türkiyəyə qarşı da ediləcək bu kimi addımlar Azərbaycana qarşı da edilmiş olacaq və Azərbaycan birmənalı olaraq hər şeyi ilə Türkiyənin yanında olacaq. Bu Bəyannamə ilə Azərbaycanın Cənubi Qafqazda yeri və rolu daha da güclənməklə yanaşı, Türkiyənin rolu, Türk dövlətlərinin birliyi də güclənir. Artıq bu bölgəyə pis niyyətlərlə əl uzadanlara da çox ciddi bir cavab idi. 2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. 

Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü – 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. İndi də bölgə uğrunda ABŞ, Rusiya, Britaniya, Fransa, İran kimi dövlətlərin açıq mübarizəsi müşahidə olunmaqdadır. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir.

Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı. O qeyd etdi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. 

Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır.” Təbii ki, Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Ölkəmizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi.

Lalə Müseyibova Nizami rayon 210 saylı məktəbin direktor müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
23
missiya.az

10Mənbələr