AZ

Yeni faktlar: İngilislər erməniləri ifşa etdilər - Türklərə qarşı iddia yalanlandı

Soyqırımı əfsanəsi erməniləri bir arada saxlamaq üçün yeganə vasitədir. Hətta erməni olmalarının əsas "dəlili" kimi də sayırlar.

Bunu Teleqraf.com-a açıqlamasında AMEA-nın əməkdaşı, dosent Zaur Əliyev deyib.

Onun sözlərinə görə, ermənilərin "soyqırımı" iddialarına əsasən, guya 1915-ci ildə Osmanlı dövlətinin köçürmə siyasəti nəticəsində 1,5 milyon (əvvəllər 300 min, sonra isə 600 min deyirdilər) erməni ölüb:

“Bu yalançı iddianı əsaslandırmaq üçün ermənilər müxtəlif xarakterli “sənədlər” hazırlamış, faktları saxtalaşdırıb və fikirlər uydurublar. Avropa, Amerika, Türkiyə və dünyanın bir çox alimləri həmin faktların yalan və uydurma olduğunu elmi dəlillərlə sübut ediblər. Eyni zamanda qeyd edim ki, arxivlərdə uzun müddət axtarışlar və tədqiqat işləri aparan alimlər “erməni soyqırımı”na aid heç bir materiala rast gəlməyiblər.

Belə ki, ermənilərin "soyqırımı” iddialarını ifşa edən yeni faktlar ortaya çıxır. I Dünya müharibəsindən sonra ingilislər 1917-1919-cu illər arasında ermənilərin siyahıya alınmasını aparıblar. Bu siyahıya alınmada indiyə qədər kimsənin bilmədiyi nəticələr ortaya çıxıb. Siyahıyaalınma nəticəsində məlum olub ki, 1919-cu ildə Osmanlı torpaqlarında yaşayan ermənilərin sayı 1 milyon 602 min nəfərdir. Buradan belə bir nəticə çıxır ki, “soyqırımı” olan yerdə əhalinin sayı 102 min artıb. Bu, necə ola bilər? Deməli, ingilis arxivlərindən əldə edilən sənədlər və rəqəmlər erməni “soyqırımı”nı qəti şəkildə rədd edir.

1914-cü ildə Osmanlı dövlətində erməni əhalisinin sayına aid rəqəmlər hazırda arxivlərdə var və orda göstərilir ki, müharibə dövründə aclıq və xəstəliklərdən ölənlər də olub ki, ölənlərin içərisində, ermənilər, türklər, kürdlər və başqa xalqların nümayəndələri də var. Arxiv sənədlərinə görə 1915-1918-ci illərdə Osmanlı ordusunda 3 milyon adamın xəstələndiyi, 711 min nəfərin isə yaralandığı müəyyən edilib.

Çox maraqlı faktlardan biri də odur ki, xarici ölkələrin arxivlərində ciddi mühafizə edilən materiallarından aydın olur ki, Türkiyə hökumətinin sürgün qərarı cəmi 500 min ermənini əhatə etmişdi. (Halbuki ermənilər dünyaya car çəkib bağırırlar ki, sürgünə məruz qalan ermənilər 1,5 milyondur). Deməli, xarici ölkə arxivlərinin sənədləri də ermənilərin uydurmalarını rədd edir. Beləliklə, arxiv sənədləri, tarixi faktlar və həqiqətlər belədir ki, ermənilər özləri özlərinə quyu qazmış, yaşadıqları yerin və torpağın, yedikləri çörəyin, içdikləri suyun və udduqları havanın qədir-qiymətini bilməyib, ermənilərə hərtərəfli kömək edən və onları türk torpaqlarında yerləşdirən adamların zəhmətini bilərəkdən yerə vurublar.

İngilis yazıçısı və publisisti S.F.Dikson-Conson tərəfindən 1916-cı ildə yazılmış “Ermənilər” kitabında “erməni genosidi” barədə ermənilərin özlərinin uydurduğu əfsanələri puça çıxarılır. O, qeyd edir ki, “Qərb aləmində erməni məsələsini şişirtməyin başqa bir üzü vardır. O da hakimiyyət üçün yeni bir fürsətdir”.

O əlavə edir ki, ermənilərə üz vermiş ağır çətinliklərin, faciələrə gətirib çıxara biləcəyinin günahı, onları anlamadıqları işə təhrik edənlərin üzərinə düşür".

Buna baxmayaraq ermənilərin uydurma soyqırımı iddialarını rədd edən faktlar da çoxluq təşkil edir. “Soyqırımı əfsanəsi” ermənilərin erməni olmalarının əsas dəlili sayılmaqla erməniləri bir arada saxlamaq üçün yeganə vasitədir. ABŞ, Rusiya, Avropa və Asiya ölkələrində güclü təsiri olan “soyqırım əfsanəsi” buradakı ermənilərin fəaliyyətini, bir növ, tənzimləyir. Ermənilərin yaşadıqları hər yerdə “soyqırımı” ilə əlaqəli bir çox “xatirələr” var. Bunu onların sahib olduqları ticari xidmət, şəxsi biznes obyektlərində də görmək olar. Ermənilər dükanlarına, köşklərinə, yeməkxanalarına, məktəbə, kilsəyə və digər yerlərə “Genosid”, “Ararat”, “Ermənistan” adları verirlər”.

Zaur Əliyev bildirib ki, 1916-cı ilin 23-26 mayında Peterburq yaxınlığındakı Petroqradda “Ümumrusiya erməni qurultayı” keçirilib:

“Burada Rusiyanın 60 yaşayış məntəqəsindən 150 erməni nümayəndəsi müxtəlif məsələlər ətrafında müzakirələr aparıblar. Qurultayda 97 siyasi-ictimai-təşkilatlardan çıxış edənlərdən heç kəs 1,5 milyon erməninin öldürülməsindən danışmayıb. 1917-ci ilin may ayının əvvəllərində İrəvan şəhərində də bir yığıncaq, “ermənilərin birinci qurultayı” keçirilib. Onun gündəliyində ki 10 məsələdən heç biri “erməni soyqırımı”na aid deyildi. Məruzə və çıxışlarda da bu barədə danışılmayıb. Halbuki iddia olunan “qırğınlarla” qurultay keçirilən yerlərin ara məsafələri 25-35 kilometr idi. Digər tədbir 6 oktyabr 1917-ci ildə Tiflis şəhərində olub. “Ümumerməni qurultayı” işə başlayıb və bir neçə gün davam edib. Tiflislə “1,5 milyon erməni qırılan” məsafə cəmi 40-45 kilometr uzaqlıqda idi. Bu qurultayda da “erməni soyqırımı” barədə bir nəfər belə danışmayıb. Əksinə, ermənilər gürcü və azərbaycanlılara qarşı bəzi tələblər irəli sürüblər.

1965-ci ildə uydurma erməni soyqırımının 50 illiyini keçirərkən ermənilər açıq-açığına bəyan edirdilər ki, 40 milyard ABŞ dolları dəyərində pul toplayıblar. İldən-ilə bu məbləğ artır. Demək ermənilərin soyqırımı iddialarının kökündə pul yalnız pul durur.

24 aprel ermənilərin törətdiyi qırğınlardan sonra, Osmanlı hökumətinin aldığı inzibati tədbirlə “Daşnak”, “Hınçak”, “Ramgavardır”, “Veragöz” kimi erməni cəmiyyətlərini bağlayaraq, rəhbərlərini həbs etdiyi bir tarixdir. O vaxt bu işlə əlaqədar 235 erməni lideri həbs olundu. Ermənilər hər 24 apreldə dünyanı öz eyiblərini, cinayətlərini örtmək üçün aldadır.

30 may 1915-ci ildə “Köçürmə və daşınma” ("Sövq və yaşayış") qanunu qanununu məcburən çıxarıb. Osmanlı dövləti, bu qanunu çıxarmaq məcburiyyətində idi. Burada millət, din məfhumu yoxdur, yəni erməni sözü keçmir, yunan, alban, ərəb kəlməsi yoxdur. Birbaşa dövlətin sahib olduğu, bu qəsəbə və kəndlərdə müsəlman əhalini qətlə yetirən dəstələr, qanuna tabe etdirilmişdir. Sadəcə ermənilərə yox, Osmanlı dövlətinə qarşı üsyan və düşmənlərlə əməkdaşlıq edənlərə tətbiq olunmuşdur.

Britaniya, Amerika, Fransa, Rusiya eləcə də Matandaranda olan sənədlər sübut edir ki, Osmanlı dövlətinin köçürülmə fərmanı 9 iyun 1915-ci ildən 8 fevral 1916-cı ilə qədər Anadolunun müxtəlif yerlərindən aşağıdakı saylarda olub. 438 min 758 nəfər toplanıb, bunlardan 382 min 148-i isə yeni yaşayış yerlərinə sağ çatdırılıb. 56 min 610 nəfərin ölümünün səbəbi isə sənədlərdən əldə edilən məlumatlara görə, aşağıdakı şəkildə ortaya çıxıb:

- 500 nəfər Ərzurum-Ərzincan arasında;

- 2 min nəfər Urfa Hələb yolunda;

- 2 min nəfər Mardin ətrafında quldurlar və ərəb qəbilələrinin hücumu nəticəsində qətlə yetirilib, 5 min nəfərdən çoxu da Dərsim bölgəsindən keçərkən erməni və kürd basqınçıları tərəfindən öldürülüb.

Ancaq zaman keçdikcə ermənilər tarixi faktları saxtalaşdıraraq, ölən ermənilərin sayını süni surətdə şişirdərək əvvəlcə 600 minə, sonra 800 minə, daha sonra isə 1,5 milyona qaldırıblar. Halbuki 1914-cü ildə Türkiyə ərazisində cəmi 1,294,851 erməni yaşamışdır ki, bu da ümumi əhalinin (18,520,016) cəmi 6,9 faizini təşkil edirdi.

Elə ermənilərin özünün razılığı ilə Maltada Britaniya Baş prokurorluğunun tədqiqatı 32 ay davam edir. 32 ay davam edən məhkəmədə həmin şəxslərə bəraət verilib və erməni əhalisinə qarşı cinayət törədilməməsi qənaətinə gəlinib.
29 iyul 1921-ci ildə belə qərar verilib:

“Bu günə qədər, məhbuslar əleyhinə keçirilmiş ittihamların doğruluğuna şahidlik edən ciddi bir şəxs tapılmyıb. Müttəhimlərin əleyhinə ittihamların Ədliyyə Məhkəməsi tərəfindən yetərli hüquqi fakt kimi qəbul edilməsi imkansız görünür. İngilis Kral Baş prokurorluğu “kütləvi öldürmə” iddiası ilə bağlı hüquq məhkəməsində yeni dava açmağa kifayət qədər sübut olmadığına, əldə olan sənəd və məlumatların ittihamlar üçün hüquq məhkəməsində sübut dəyəri olmadığı, ona görə də kimsənin bir hüquq məhkəməsi qarşısında cəzalandırılmasının mümkün olmayacağını qərara alır”.

Tarixçi qeyd edib ki, ermənilər, bölgədə xarici böyük güclərə daha çox möhtac hala gəlib. Əslində, bu məqamda istehsal olunan və davamlı olaraq saxta nümunələrlə gücləndirilən “strateji qurbanlıq mexanizmi” erməni problemi kimi makro səviyyədə siyasi dalana və beynəlxalq böhranların başlanğıc nöqtələrinə sürüklənən problemlər yaradır.

Diqqət etsək, “Bizi öldürdülər”, “Sürgündə öldürüldük”, “Boğulduq, işgəncələrə məruz qaldıq” bütün diskussiyalarda istifadə edilən identifikasiya sistemi bütün gücü ilə işlək hala gətirilir. Elmi tarix isə bütün gücü ilə işlək hala gətirilir. Siyasi dilənçilik fabrikinə çevrilmiş və siyasiləşmiş, bir növ saxta və keçmişdə real məzmunundan uzaqlaşdırılan “travma qurbanı” oxunda fırlanır. Zərərçəkmiş tərəfə diplomatik simpatiya isə qərəzli şəkildə faktları sorğulamır, qurbanlıq deyilən bir hadisə olsa belə, onların necə və hansı şəkildə qurban olması ilə maraqlanmır”.


Müəllif: Əsəd Məmmədəliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
teleqraf.com

10Mənbələr