AZ

Qələbəyə aparan “Əsgər marşı” belə yarandı-VİDEO

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Azərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır. Dövlətin müstəqilliyini qoruyan ordu hər zaman yüksək ruh halında və inamlı olmalıdır. Biz bu inamı Vətən Müharibəsi zamanı daha yaxından izlədik və şahidi olduq.

Ordunun yüksək ruh halını və inamını formalaşdıran bir sıra amillər var ki, onların içində qələbəyə aparan hərbi marşlar xüsusi yer tutur. Qeyd etməliyik ki, hər iki Qarabağ müharibəsində qələbə üçün ruh yüksəkliyi yaradan, inam göstəricisinə çevirilən marşlarımız olub. Lakin onlardan biri-bütün dövrlərin ən yaxşısı hesab olunanı, hərb tarixinin bütün çalarlarını özündə əks etdirəni məhz "Əsgər marşı"dır.

Bəs qələbəyə, döyüşə, inama səsləyən "Əsgər marşı" necə yaranıb?

Marşın kökü Cümhuriyyət dövrünə təsadüf edir. Belə ki, arxiv sənədlərdə göstərilir ki, 1919-cu ildə Bakıda Mürşüd Səttaroğlunun tərtibatı ilə "Ordu marşları" adlı broşür "Azərbaycan" qəzetinin nəşriyyatında çapdan çıxır. Marşların yer aldığı kitabçada müəllifi Əli Kami olan "Alay marşı" marşının sözləri də yer alır. Birinci Qarabağ müharibəsi dövründə bu marş yenidən aktuallıq qazanır və əsgərlərin dilindən düşmür.

Müstəqil və müasir Azərbaycan Ordusunun ilk nizami hərbi hissəsi olan 811 saylı Laçın alayının yaradıcısı və  komandiri olmuş, polkovnik Arif Paşa “Cebhe.info”-ya bildirib ki, 1992-ci ildə əsgərləri ziyarət etmək üçün bir qrup incəsənət xadimi Laçına gəlib:

“Əsgərlər onları türk şairi Əli Kaminin sözlərinə bəstələnmiş "Alay marşı" ilə qarşılayırlar. Qonaqların içində yer alan bəstəkar Cavanşir Quliyev marşın sözlərini çox bəyənir və həmin sözlərin əsasında müasir hadisələrlə səsləşən yeni marş bəstələmək qərarına gəlir. 811 saylı hərbi hissənin rota komandiri, mərhum Əhliyyət Süleymanov marşın sözlərini yazaraq Cavanşir Quliyevə təqdim edir. Bundan sonra indiki məşhur əsgər marşı Cavanşir Quliyevin bəstəsində oxunmağa başlayır”.

Marş ilk dəfə 1992-ci il mart ayında Azərbaycan Dövlət Televiziyasında "Xəbərlər" proqramında səslənir. Radio vasitəsilə döyüş bölgəsində eşidilən marş çox keçmir ki, Azərbaycan Ordusunun marşına çevrilir.

 

Naibə

"Cebhe.info"

Seçilən
97
17
cebheinfo.az

10Mənbələr