AZ

Dürüstləşdirilmiş büdcədə sosial xərclər azaldılır? - So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Şahbaz Xuduoğlu, naşir:

- Təhsil ili sona çatır. Əlamətdar hadisəni qeyd etmək üçün restoranlarda tıxac yaranıb. Birinci sinifdən tutmuş ən son sinfədək bu günü restoranda qeyd edəcəklər. Toy etmək bunun yanında toya getməlidir.

Hörmətli məktəblər və rəhbərləri, daha yaradıcı yanaşmaq olmazmı? Uşaqlarla səyahət edin, muzeylərə, teatrlara, tarixi məkanlara səfərlər edin.

 

Günel Musa, jurnalist:

- Bax Cəlilabadda sahələrdən kartof yığımının davam etməsi xəbəri kimə lazımdır, ay başınıza dönüm? Özü də gecə saat 12 də verirlər bu xəbəri. Kartofun da qiyməti 1 manatı keçir.

 

Aqil Kəngərli, yazıçı:

- Göyçayda işıqlar hər gün söndürülür. Bu istidə belə halın nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. 2 gündür su da verilmir.

 

Orxan Fikrətoğlu, Əməkdar incəsənət xadimi:

- Müəllimi yaş həddi ilə təsnifatlandırmaq təhsil sisteminin hörmətini aşağı salır. Qoca və ya təcrübəsiz cavan müəllim anlayışları valideynə seçim haqqı belə verilmədən hansı subyektiv qərarla təyin edilir?

Müəllim sadəcə tədris siyasətini şagirdlərə ötürən canlı ünsiyyət vasitəsidir. Tədris sistemi, dərsliklərin səviyyəsi, metodoloji test edilməkdənsə, nədənsə sadəcə vasitəçilər zaman-zaman imtahan edilir. Yaxşı və ya pis müəllimi onun biliyi, dünya görüşü, təcrübəsi müəyyən edir? Ya qəbul olunmuş tədris şəkillərini şagirdə çatdırması?

Mənim fikrimcə, bütün müəllimlər, ən savadsızı belə təhsil sisteminin zəif bəndi deyil. Zəif bənd tədrisin təşkilatlanması, nəyin və necə tədris olunması, cəmiyyətdə təhsilə tələb təklif uyğunlaşdırılmasının aparılmaması, yeni, müasir peşələrə rəğmən, fakültələrin açılmamasıdır.

 

Asif Nərimanlı, jurnalist:

- Ermənistan Azərbaycanla sülh sazişini bir ay müddətində imzalamağa hazır olduğunu rəsmi şəkildə elan etdi. Tərəflər arasındakı ziddiyyətləri nəzərə aldıqda bunun bir ay müddətində baş tutması çətin görünür, əslində rəsmi İrəvanın açıqlaması da sülh sazişinin bu müddətdə imzalanmasından daha çox, Bakının tələblərini gündəlikdən çıxarmaq məqsədi daşıyır.

Prezident İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən, Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan konstitusiyasını dəyişdirilməsi tələbini yenidən dilə gətirdi və konstitusiya dəyişmədiyi müddətdə sülh sazişinin mümkünsüz olduğunu bəyan etdi. Bu, rəsmi Bakı tərəfindən dəfələrlə irəli sürülən tələbdir.

Ermənistan hakimiyyəti əvvəlcə konstitusiyanın dəyişdirilməsi məsələsini aktuallaşdırsa da, sonradan bunu arxa plana keçirdiyi müşahidə edilir. Mövqe dəyişikliyi daha çox daxili etirazdan qaynaqlanır, xüsusilə Qazax-Tavuş istiqamətində demarkasiya işlərinin aparılması fonunda baş verənlər və hakimiyyətə qarşı ictimai dəstək qazanmasa belə, kilsə-diaspor ittifaqının hücuma keçməsi Paşinyanı narahat edir. Buna görə konstitusiya dəyişikliyinin daxili məsələ olduğunu, danışıqların gündəliyinə daxil edilmədiyini dilə gətirir, Əliyevin tələbini də Ermənistanın "daxili işinə müdaxilə" adlandırırlar, halbuki, Azərbaycana qarşı ərazi iddialarının hüquqi aktlarında yer alması bu ölkənin daxili işi ola bilməz. Rəsmi İrəvan da anlayır ki, Bakının tələbi haqlıdır, bunu arxa plana keçirmək məqsədilə iki gediş edir.

-  konstitusiya dəyişikliyinə getmədən sülh sazişinin bir ay müddətində imzalamaq istədikləri bəyan edirlər;

- sülh danışıqlarının detallarını ictmaiyyətləşdirirlər: Ermənistan XİN-in açıqlamasında qeyd olunur ki, "sülh sazişi layihəsində razılaşdırılmış müddəa var ki, tərəflərdən heç biri sazişdən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunlarına müraciət edə bilməz".

Bu müddəa Ermənistan konstitusiyanı dəyişmədən sülh sazişi imzalamağa imkan verir, lakin iki məsələdə problemlidir.

Birincisi, konstitusiya dəyişmədən imzalanacaq sülh sazişi davamlı olmayacaq: siyasi situasiya dəyişərsə, İrəvan kontitusiyaya istinadən bu müddəadan imtina edə bilər;

İkincisi, Ermənistan konstitusiyasında təkcə Azərbaycana qarşı yox, Türkiyəyə qarşı da ərazi iddiaları var və Bakının tələbi həm də Ankaranın mövqeyinin qəbul etdirilməsindən qaynaqlanır;

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti: 

- Bakıda, yaxud hansısa rayonda yaşayıb hansısa rayonun icra hakimiyyətinə necə onlayn müraciət etmək olar?

MyGov-da vətəndaşlar üçün faydalı ola biləcək yeni bir onlayn xidmət var. Ötən aydan bu xidmət aktivdir.

Burada istənilən icra hakimiyyətinə vətəndaş qəbulu ilə bağlı müraciət imkanı yaradılıb.

Yəni vətəndaş öncədən harada olmasından asılı olmayaraq istənilən icra başçısının qəbuluna yazıla bilər, onlayn görüş və oflayn (yerində görüş) ala bilər.

Bunun üçün MyGov mobil tətbiqində Xidmətlər bölməsində "YİHO vətəndaş qəbulu" xidmətini seçmək lazımdır.

Bildiyim qədər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bu xidməti Prezident Administrasiyası ilə birgə "Vətəndaş müraciətləri haqqında"  haqqında qanuna uyğun olaraq hazırlayıb.

Çox əhəmiyyətli və faydalı bir rəqəmsal xidmətdir.

Yeri gəlmişkən, yerli icra hakimiyyətləri İRİA-nın Rəqəmsal Sənəd Dövriyyəsi sisteminə də qoşulub. Artıq 85  yerli icra qurumu ilə digər dövlət qurumları arası sənədləşmə rəqəmsal müstəvidə, real vaxt rejimində aparılır .

Lakin yerli icra qurumlarının digər xidmətləri hələlik MyGov-da yoxdur.

İRİA bir xeyli öncə eGov-la bağlı  bir neçə portalın, o cümlədən icra hakimiyyətlərinin rih.gov.az portalının vahid portalda birləşəcəyini elan etsə də, hələlik bu reallaşmayıb.

Beləliklə, görünən odur ki, icra hakimiyyətlərinin rəqəmsallaşması prosesi ləng də olsa irəliləyir.

 

Etibar Əliyev, millət vəkili:

- Bu gün UNEC rektoru, professor Ədalət Muradovun dəvəti ilə İctimai Nəzarət Şurasının üzvü hörmətli Sahib Məmmədovla birlikdə universitetdə yaz imtahan sessiyasında ilk "Açıq qapı" günündə tələbə, valideyn və əməkdaşları dinlədik.

UNEC İctimai Nəzarət Şurasının sədri kimi deyə bilərəm ki, artıq neçə illərdir ki, bu Ali məktəbdə yeniliklərin şahidi oluruq. Rektor və onun komandasının bütün fəaliyyəti keyfiyyətli təhsilin təmin olunması, şəffaflıq, tələblərə qayğı göstərilməsinin üzərində qurulub. Universitetlər həm də mədəni mühiti ilə seçilməlidirlər və UNEC buna da nail olub.

Biz qələbəmizi davamlı insan kapitalına çevirməliyik!

 

Vüqar Bayramov, millət vəkili:

- Son günlər sosial mediada 2024-cü ilin dürüstləşdirilmiş büdcədə sosial xərclərin azaldılması ilə bağlı müzakirələr diqqəti cəlb edir. Bu məsələ bir sıra siyasətçilər tərəfindən də gündəmə gətirilib. Əslində, vəziyyət necədir? Bu il sosial xərcləmələr proqnozlaşdırılandan daha az olacaqmı?

Müzakirələrin əsas səbəbi dürüstləşdirilmiş büdcədə sosial müdafiə və sosial təminat xərclərinin təsdiq olunmuş 4 milyard 542 milyon manata qarşı 4 milyard 391 milyon manat və ya 150,8 milyon manat proqnozlaşdırılmasıdır. Bu maddə üzrə fərq ümumi sosial xərcləmələrdə azlamaya səbəb olurmu? Əslində, bu maddə üzrə azalma nəzərdə tutulsa da dürüstləşdirilmiş büdcədə ümumi sosial xərcləmələr üzrə heç bir azalma proqnozlaşdırılmır. Çünki, bu maddə sosial xərclərin strukturunda bir istiqamətdir və əslində sosial istiqamətə daha çox vəsait dövlət büdcəsi deyil icmal büdcəyə daxil olan fondlar vasitəsi ilə həyata keçirilir.

Məsələnin mahiyyəti sadədir: sözügedən maddənin 1 milyard 392 milyon manatı dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonunda (DSMF) transfertlərdir. Bu maddə DSMF-nin büdcəsində belə adlandırılır: "Dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait". Yəni, DSMF-in xərclərinin ödənilməsi üçün həmin vəsait dövlət büdcəsindən sözügedən fonda köçürülür. DSMF həmin vəsait ilə pensiya və digər sosial ayırmaları ödəyir. Bu ilin ilk 4 ayının yekunlarına əsaslanaraq DSMF 2024-cü il üçün büdcəsində qeyri-büdcə sektorundan məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma məbləği dürüstləşdirilərək 3 milyard 387 milyon manatdan 3 milyard 577 milyon manata çatdırıb. Yəni həmin fond ilkin proqnozlara nisbətən 190 milyon manat daha çox vəsait toplaya biləcək. Həmin vəsaitin 25 milyon manatı pensiyaların verilməsinə, 5 milyon manatı isə sözgüdən fondun saxlama xərclərinə yönəldiləcək. Bu o deməkdir ki, 190 milyon manatın 30 milyon manatı cari xərclərə yönəldiləcək və 160 milyon manat əlavə vəsait qalır. Nəticədə, DSMF dövlət büdcəsindən həmin 160 milyon manatı almayacaq və buna görə də transfertlərin həcmində və öncə qeyd etdiyimiz maddədə 160 milyon manata yaxın azalma var.

Deməli, əslində transfertlərin 150.8 milyon manat azalması sosial xərclərin azalması anlamına gəlmir. Çünki DSMF öz yığımları hesabına həmin vəsaiti ödəyəcək. Əksinə, bu dövlət büdcəsi vəsaitlərində qənaətə və digər istiqamətlərə vəsait ayırmağa imkan yaradacaq. Unutmayaq ki, işğaldan azad olunan ərazilərimizə yönəldilən vəsaitlərin bir qismi sosial xərclərdir. Çünki o vəsaitlərə əmək haqqı və digər sosial ödənişlər də daxildir.

Digər tərəfdən, dövlət büdcəsinin sosial müdafiə və sosial təminat maddəsi ümumi sosial xərclərin bir hissəsidir. Bu heç də bütün sosial xərclər deyil. Əgər həmin maddədə 4 milyard 391 milyon manat nəzərdə tutulubsa DSMF-in 2024-cü ildə pensiyalara ödəyəcəyi məbləğ 6 milyard 525 milyon manat olacaq. Yəni sadəcə DSMF-nin pensiya xərcləri həmin maddə üzrə vəsaitdən 49.0 faizə yaxın çoxdur.

Eyni zamanda, "Büdcə Sistemi" haqqında Qanuna əsasən, sosial xərclər müdafiə olunan xərclərdir və onlara sekvestr tətbiq oluna bilməz. Yəni onlar azaldıla bilməz. Bu konktestdən,dürüstləşmiş büdcədə ümumi sosial xərcləmələrdə hər hansı bir azalma olmayacaq, əksinə pensiya ödənişləri 25 milyon manat artırılacaq.

Göründüyü kimi, dürüstləşdirilmiş büdcədə sosial xərclərin azaldılması ilə bağlı fikirlərin real əsasları yoxdur. Unutmayaq ki, yalnız dövlət deyil, icmal büdcə də dürüstləşir. Sosial xərclərin payı da icmal büdcə aspektindən müəyyənləşdirilir.























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
8
525.az

10Mənbələr