AZ

Uğurlu sosial siyasət insanların sosial rifahının yüksəlməsinə yönəldilib

Dünya ölkələrində iqtisadi katakilizmin hökm sürməsinə baxmayaraq Azərbaycanda sosial layihələrin icrası davam etdirilir. Beynəlxalq aləmdə maliyyə böhranı tüğyan etdiyi bir məqamda ölkəmizdə nəzərdə tutulan bütün sosial proqramlar icra edilməkdədir. Baxmayaraq ki, beynəlxalq aləmdə yaranmış vəziyyət Azərbaycana da təsirsiz ötüşmür, amma hələlik bir dənə də olsun sosial proqram təxirə salınmayıb. Əksinə, işğaldan azad olunmuş ərazilərimizdə quruculuq və abadlıq işləri ilə paralel maaşlar, pensiyalar, sosial müavinətlər mütəmadi olaraq artırılır. Məhz bu kimi tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial siyasətinin  əsasını təşkil edir. Etiraf edilməlidir ki, son illər ərzində ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət uğurlu olub. Dünya bazarında neftin qiymətinin  dəfələrlə dəyişməsinə baxmayaraq Azərbacanda manatın məzənnəsinin sabit saxlanmasına nail olunub. Məhz yürüdülən düşünülmüş siyasətin nəticəsidir ki, dövlət büdcəsinin dürüstləşdirilməsi, eləcə də digər sahəvi qanunlarda edilən əlavə və dəyişikliklər nəticəsində pensiya və müavinətlərin artırılması diqqət mərkəzində saxlanılır. 
Millət vəkili Vüqar Bayramov bildirib ki, Azərbaycan dövlətinin yürütdüyü sosial siyasət birbaşa vətəndaşların sosial rifahının yüksəlməsinə yönəldilib: "Belə ki, "Əmək Pensiyaları haqqında" Qanuna 2017-ci ildə edilən dəyişikliklərə əsasən, qadınların pensiya yaşı gələn aydan daha 6 ay uzadılacaq. Qeyd edək ki, pensiya yaşı ilə bağlı diferensial yaş mexanizmi tətbiq olunmasını və kişilər ilə xanımların pensiya yaşı arasında fərqin müəyyənləşdirilməsini təklif edirik. Bir sıra inkişaf etmiş dövlələrdə, o cümlədən Mərkəzi və Şərqi Avropa ölkələrində olduğu kimi xanımların daha tez pensiyaya çıxması məqsədəuyğundur. Əvvəlla, xanımların pensiya yaşının kişilərlə müqayisədə daha az olması onların sosial təminatı baxımdan vacibdir. Bu baxımdan daha öncə, xanımların pensiya yaşının 63-də saxlanılmasını təklif edirdik. Belə ki, xanımların xüsusən yaşlı dövrlərində sosial təminata daha çox ehtiyacları var. Digər tərəfdən, kişilərin rəsmi əməkhaqqısı xanımlarla müqayisədə təxminən 2 dəfə çoxdur. Bu o deməkdir ki, xanımların sosial kapital yığımları nisbətən azdır. Ona görə də xanım vətəndaşlarımız üçün pensiya yaşı tamam olan zaman kapitalın xüsusi əmsala vurulmasını təklif edirik. Əgər xanım vətəndaşımızın pensiya kapitalı 40 min manatdırsa, həmin vəsait 1,5 əmsalına vurula bilər. Bu zaman kapital avtomatik olaraq 60 min manat olur. Bu da imkan verə bilər ki, xanım vətəndaşımız pensiya yaşı tamam olan zaman daha çox pensiya alsın. Düşünürük ki, pensiya islahatların növbəti mərhələsində gender aspektindən diferensial yanaşmanın tətbiq edilməsi sosial təminat baxımdan arzuolunan olardı".


Yeri gəlmişkən qeyd edək ki, son günlər sosial mediada 2024-cü ilin dürüstləşdirilmiş büdcədə sosial xərclərin azaldılması ilə bağlı müzakirələr diqqəti cəlb edir. Bu məsələ bir sıra siyasətçilər tərəfindən də gündəmə gətirilib. Bəs, əslində, vəziyyət necədir? Millət vəkili bildirib ki, müzakirələrin əsas səbəbi dürüstləşdirilmiş büdcədə sosial müdafiə və sosial təminat xərclərinin təsdiq olunmuş 4 milyard 542 milyon manata qarşı 4 milyard 391 milyon manat və ya 150,8 milyon manat proqnozlaşdırılmasıdır. Bu maddə üzrə fərq ümumi sosial xərcləmələrdə azlamaya səbəb olurmu? Əslində, bu maddə üzrə azalma nəzərdə tutulsa da dürüstləşdirilmiş büdcədə ümumi sosial xərcləmələr üzrə heç bir azalma proqnozlaşdırılmır. Çünki, bu maddə sosial xərclərin strukturunda bir istiqamətdir və əslində sosial istiqamətə daha çox vəsait dövlət büdcəsi deyil icmal büdcəyə daxil olan fondlar vasitəsi ilə həyata keçirilir: "Məsələnin mahiyyəti sadədir: sözügedən maddənin 1 milyard 392 milyon manatı dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonunda (DSMF) transfertlərdir. Bu maddə DSMF-nin büdcəsində belə adlandırılır: "Dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait". Yəni, DSMF-in xərclərinin ödənilməsi üçün həmin vəsait dövlət büdcəsindən sözügedən fonda köçürülür. DSMF həmin vəsait ilə pensiya və digər sosial ayırmaları ödəyir. Bu ilin ilk 4 ayının yekunlarına əsaslanaraq DSMF 2024-cü il üçün büdcəsində qeyri-büdcə sektorundan məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma məbləği dürüstləşdirilərək 3 milyard 387 milyon manatdan 3 milyard 577 milyon manata çatdırıb. Yəni, həmin fond ilkin proqnozlara nisbətən 190 milyon manat daha çox vəsait toplaya biləcək. Həmin vəsaitin 25 milyon manatı pensiyaların verilməsinə, 5 milyon manatı isə sözgüdən fondun saxlama xərclərinə yönəldiləcək. Bu o deməkdir ki, 190 milyon manatın 30 milyon manatı cari xərclərə yönəldiləcək və 160 milyon manat əlavə vəsait qalır. Nəticədə, DSMF dövlət büdcəsindən həmin 160 milyon manatı almayacaq və buna görə də transfertlərin həcmində və öncə qeyd etdiyimiz maddədə 160 milyon manata yaxın azalma var. 
Deməli, əslində transfertlərin 150.8 milyon manat azalması sosial xərclərin azalması anlamına gəlmir. Çünki, DSMF öz yığımları hesabına həmin vəsaiti ödəyəcək. Əksinə, bu dövlət büdcəsi vəsaitlərində qənaətə və digər istiqamətlərə vəsait ayırmağa imkan yaradacaq. Unutmayaq ki, işğaldan azad olunan ərazilərimizə yönəldilən vəsaitlərin bir qismi sosial xərclərdir. Çünki, o vəsaitlərə əmək haqqı və digər sosial ödənişlər də daxildir. Digər tərəfdən, dövlət büdcəsinin sosial müdafiə və sosial təminat maddəsi ümumi sosial xərclərin bir hissəsidir. Bu heç də bütün sosial xərclər deyil. Əgər həmin maddədə 4 milyard 391 milyon manat nəzərdə tutulubsa DSMF-in 2024-cü ildə pensiyalara ödəyəcəyi məbləğ 6 milyard 525 milyon manat olacaq. Yəni, sadəcə DSMF-nin pensiya xərcləri həmin maddə üzrə vəsaitdən 49.0 faizə yaxın çoxdur. Eyni zamanda, "Büdcə Sistemi" haqqında Qanuna əsasən, sosial xərclər müdafiə olunan xərclərdir və onlara sekvestr tətbiq oluna bilməz. Yəni, onlar azaldıla bilməz. Bu konktestdən,dürüstləşmiş büdcədə ümumi sosial xərcləmələrdə hər hansı bir azalma olmayacaq, əksinə pensiya ödənişləri 25 milyon manat artırılacaq. Göründüyü kimi, dürüstləşdirilmiş büdcədə sosial xərclərin azaldılması ilə bağlı fikirlərin real əsasları yoxdur. Unutmayaq ki, yalnız dövlət deyil, icmal büdcə də dürüstləşir. Sosial xərclərin payı da icmal büdcə aspektindən müəyyənləşdirilir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
7
olaylar.az

10Mənbələr