AZ

Deputat: Prezident İlham Əliyevin Misirə səfəri ölkələr arasındakı əlaqələrdə yeni səhifədir

Prezident İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri ölkələrimiz arasında tarixi xarakter daşıyan və Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə Misirə səfəri ilə müasir mərhələsinə qədəm qoymuş əlaqələrdə tamamilə yeni səhifədir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, Misir İslam coğrafiyası, ərəb və bütövlükdə Şərq dünyasında, habelə Afrika qitəsində ciddi nüfuz sahibi olan beynəlxalq subyekt kimi qlobal siyasətdə ciddi çəkiyə malikdir: “Eyni zamanda yaratdığı və diktə etdiyi geosiyasi reallıqla Azərbaycan bütövlükdə regionda yeni parlayan hərbi-siyasi kimi güc mərkəzi kimi özünü təsdiq edib. Bu mənada, Azərbaycan Respublikası və Misir Ərəb Respublikasının əlaqələrinin müsbət dinamikası qlobal sülh və təhlükəsizliyə müsbət təsir effekti perspektivinə malikdir”.

Bəhruz Məhərrəmov qeyd edib ki, Misir üçün Azərbaycan yad coğrafiya deyil: “Bu ölkə tarixi Azərbaycan dövlətləri ilə iqtisadi və ticari əlaqələr qurub. Sovet İttifaqının mövcudluğu şəraitində isə bütün Şərq-İslam dünyası ilə olduğu kimi, Misirlə SSRİ arasında əlaqələr rəsmən Ulu Öndər Heydər Əliyevin səlahiyyət dairəsində olub. Məhz bu kimi amillər bizə imkan verib ki, müstəqillik qazandıqdan sonra əlaqələrimizi yeni səviyyəyə çatdıraq. Bildiyiniz kimi, Azərbaycan və Misir BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatında və digər beynəlxalq formatlarda sıx əməkdaşlıq edir və demək olar ki, bütün məsələlərdə bir-birini dəstəkləyir. Xüsusən Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə biz rəsmi Qahirədən daim siyasi dəstək görmüşük. Qütbləşmənin dərinləşdiyi, Qərbin bir sıra imperialist dairələrinin daha da azğınlaşdığı bir dövrdə Azərbaycan və Misirin münasibətləri daha da dərinləşdirməsi zərurətə çevrilib. 2023-cü ilin yanvarında Misir Prezidenti Əbdülfəttah Əs-Sisi də Azərbaycana rəsmi səfər edib, Bakıda ciddi təmaslar həyata keçirilib. Azərbaycan Prezidentinin Misirə rəsmi səfəri isə hazırkı həssas geosiyasi dönəmdə Bakı-Qahirə ikitərəfli əlaqələrinin inkişafında dönüş nöqtəsi hesab oluna bilər. Sirr deyil ki, müasir qlobal şərtlər siyasi əlaqələrin etibarlılıq əmsalında və əlaqələrin dayanıqlı yüksək səviyyəsi üçün iqtisadi və ticari faktorların önəmini diktə edir. Müsbət məqamdır ki, Azərbaycan və Misir arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün çox böyük və real potensial var”.

Deputat nəzərə çatdırıb ki, Misir 100 milyondan çox əhalisi olan böyük bazar və Afrika, Yaxın Şərq və digər regionlara əlverişli çıxış imkanlarına malik strateji coğrafiyada yerləşən nəhəng dövlətdir: “Azərbaycandan isə Prezidentin də bildirdiyi kimi, "həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Habelə Azərbaycan ərazisində bütün infrastruktur yaradılıb və beləliklə, nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açılmaqdadır". Təbii ki, bütün bunlar hər iki ölkənin və xalqlarımızın maraq və mənafelərini əhatə edən münasibətlərin yeni səviyyəsini gündəmə gətirir. Təsadüfi deyil ki, birgə bəyanatda Misir Prezidentinin də bildirdiyi kimi, məhz bu zərurətə əsaslanaraq dövlət başçıları siyasi məsələlərlə bərabər, energetika, kənd təsərrüfatı, əczaçılıq, sənayenin müxtəlif sahələri, nəqliyyat və s. sahələrdə əlaqələrin inkişafı məsələlərini müzakirə edib. Dövlətlər arasında Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpaolunan Enerji Nazirliyi arasında elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında, AZPROMO ilə Misirin Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı, İqtisadiyyat Nazirliyi ilə Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu, İqtisadiyyat Nazirliyi ilə Misir Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında təcrübə mübadiləsi haqqında, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Misirin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumları imzalandı. Prezidentin səfəri çərçivəsində bu təmasları, Azərbaycan və Misirin əlaqələrinin digər bir istiqaməti, ölkələrimiz arasında islam həmrəyliyinin güclənməsinə töhfələrini xüsusi qeyd etmək yerinə düşər. Xüsusən cənab Prezidentin Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü ölkələrimizin bütövlükdə dünyada islam həmrəyliyinin möhkəmlənməsinə və mötədil islamın inkişafına mühüm töhfəsi sayıla bilər. Ümumiyyətlə, aydındır ki, Misir reallıqlardan çıxış edərək haqlı olaraq Azərbaycanı islam həmrəyliyinə daim töhfə verən ölkə kimi tanıyır. Həqiqətən də, istər Ulu Öndər, istərsə də möhtərəm Prezident həmişə xarici siyasət kursunu müəyyən edərkən İslam dünyasının diqqətində olan məsələlərə böyük önəm verib. Məsələn bu gün İslam dünyası üçün xüsusilə həssas məsələ olan Fələstin məsələsində Bakının həmişə ədalətli və prinsipial mövqeyi olub. Azərbaycan Fələstin məsələsinin 1967-ci il sərhədləri, şərqi əl-Qüds paytaxt olmaqla iki dövlət prinsipi əsasında həllinin tərəfdarıdır və ölkəmiz QH sədri olarkən də bu prinsiplərin təşviqinə daim töhfə verib. Azərbaycan Prezidentinin ərəb-islam dünyasının mərkəzlərindən biri olan Misirdə bu prinsipial mövqeyini bir daha rəsmən bəyan etməsi ciddi geosiyasi hadisədir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
31
apa.az

10Mənbələr