AZ

Misir səfəri əməkdaşlığın genişlənməsinə yeni töhfələr verəcək

Azərbaycanın ərəb dünyası ilə tarixi-mədəni bağlılığı var

Azərbaycan İslam həmrəyliyinə, müsəlman dünyasının diqqətində olan məsələlərə böyük önəm verir. Azərbaycan Qoşulmama Hərəkatının sədri olarkən bu prinsiplərin təşviqinə daim töhfə verib. Son zamanlar irəli sürülən bəzi iddialara baxmayaraq, Azərbaycanın ərəb-İslam dünyasının mərkəzlərindən biri olan Misirdə bu prinsipial mövqeyini səsləndirməsinin əlahiddə əhamiyyəti var.

Dövlətimizin xarici siyasəti, dünyada bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafına yönəlmiş siyasi kursun uğurları qlobal çağırışlara cavab verir. Azərbaycanın istər ABŞ, istər Rusiya, həmçinin region ölkələri, İran, Mərkəzi Asiya, Yaxın Şərq, Avropa İttifaqı ölkələri ilə əlaqələri bütün dünyanın diqqət mərkəzindədir. Dövlət başçımızın Misirə səfəri həm də Azərbaycanın ərəb dünyası ilə əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir. Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Belə ki, əsrlərlə Azərbaycan şairləri və mütəfəkkirləri ərəb dilində də yazıb-yaratmışlar. Dahi Azərbaycan şairləri Nəsiminin və Füzulinin məzarlarının ərəb dövlətləri ərazisində yerləşməsi bu bağlılığın daha bir bariz nümunəsidir.

2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Ərəb Dövlətləri Liqasında müşahidəçi statusuna malikdir. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misirə rəsmi səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının qərargahında ozamankı Baş katib Amr Musa ilə görüşüb, Liqaya üzv olan ölkələrin səfirləri qarşısında çıxış edib. İslam həmrəyliyi prinsipini daim rəhbər tutan Azərbaycan bu xüsusda ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olub. Ölkəmiz, həmçinin ərəb dünyasının haqq işini həmişə dəstəkləyib.

Azərbaycanın ərəb dövlətləri ilə əlaqələrində Misirlə münasibətlər də xüsusi əhəmiyyətə malikdir. İyunun 7-də Azərbaycan Prezidenti İlham Əliyev Misir Respublikasına rəsmi səfər edib. Bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan və Misir prezidentlərinin görüşləri keçirilib. Səfər çərçivəsində imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcək.

Azərbaycan və Misir prezidentlərinin keçirdiyi danışıqlar ikitərəfli əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb. O cümlədən inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin iki ölkə arasında birgə komissiyanın fəaliyyətinin və növbəti iclasının təşkilinin önəmi qeyd edilib. Tezliklə komissiyanın növbəti iclasının keçirilməsi qərara alınıb ki, iqtisadi-ticari sahədə əlaqələr daha da inkişaf etsin. Dövlətimizin başçısı Azərbaycan-Misir münasibətlərinin çox yaxşı səviyyədə olduğunu, ölkələrimiz arasında tarixi əlaqələrin mövcudluğunu qeyd edib. Prezident İlham Əliyev bütövlükdə ərəb dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

Azərbaycanla Misir arasında əlaqələr tarixi xarakter daşıyır. İkitərəfli münasibətlərə gəldikdə, ticarət həcminin artırılması təbii ki, müsbət haldır. Əgər statistik rəqəmlərə baxsaq görərik ki, ticarət dövriyyəsi bir neçə dəfə artıb. Səfər çərçivəsində imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar bu istiqamətdə Azərbaycan-Misir əlaqələrinin inkişafına kömək edəcək. İlk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq. Bu səylər region ölkələrinin və xalqlarının inkişafı üçün böyük töhfə olacaq.

Ölkəmizdə ərəb dilinin tədrisinə dəstək niyyətinə görə təşəkkürünü ifadə edən Prezident İlham Əliyev tarixən Azərbaycanda ərəb dilinin və İslam mədəniyyətinin tədqiqinə və tədrisinə böyük diqqət yetirildiyini vurğulayıb, Bakı Dövlət Universitetində şərqşünaslıq fakültəsinin, Azərbaycan Milli Elmlər Akademiyasında Şərqşünaslıq İnstitutunun fəaliyyət göstərdiyini qeyd edib. Səfər zamanı, eyni zamanda, yeni nəqliyyat dəhlizləri ilə əlaqədar fikir mübadiləsi aparılıb. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan ərazisində bütün infrastruktur yaradılıb və beləliklə, nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açılmaqdadır.

Bu məqamlar bir daha göstərir ki, bu gün Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Bu baxımdan Prezident İlham Əliyevin Misirə səfəri ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə yeni töhfələr verəcək.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
2
olaylar.az

10Mənbələr