AZ

Münasibətlərin inkişafında yeni səhifə

“Azərbaycanın ərəb dövlətləri və İslam coğrafiyası ilə əlaqələri tarixi köklərə, bir sıra təbii amillərə, o cümlədən siyasi və iqtisadi maraqlara əsaslanır. Bu mənada Azərbaycan-Misir münasibətləri tarixi köklərə və ənənələrə, milli-mənəvi dəyərlərə uyğun olaraq formalaşıb. Ölkəmizin ərəb dövlətləri, o cümlədən də daha geniş İslam coğrafiyası ilə münasibətlərinin dərinləşməsinə münbit zəmin yaradan əsas faktorlardan biri məhz tarixi bağlılıq amilidir. Müqəddəs dinimiz, oxşar mənəvi dəyərlərimiz ölkələrimizi və xalqlarımızı birləşdirən çox mühüm amil qismində çıxış edir. Azərbaycanın İslam coğrafiyası ilə münasibətlərində ilk növbədə təbii amillər, eyni zamanda dövlətlərin siyasi iradələri müstəsna rol oynayır. Ölkəmiz İbu coğrafiya ilə əməkdaşlığını ikitərəfli qaydada, həmçinin beynəlxalq platformalar üzərindən genişləndirir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri bütövlükdə ölkəmizin ərəb dünyası ilə genişlənən münasibətlərinin növbəti nümunəsidir. Hələ 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Ərəb Dövlətləri Liqasında müşahidəçi statusuna malikdir. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının qərargahında o zamankı Baş katib Amr Musa ilə görüşüb, Liqaya üzv olan ölkələrin səfirləri qarşısında çıxış edib. 2022-ci ilin iyun ayında Ərəb Dövlətləri Liqasının Baş katibi, Misirin sabiq xarici işlər naziri Əhməd Əbul Qeyt respublikamızda səfərdə olub və Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Geniş İslam coğrafiyası və ərəb dünyası ilə münasibətlərin dərinləşməsi ölkəmizə siyasi dividentlər qazandırır. Ərəb dövlətləri, xüsusilə də İslam coğrafiyasında yayımlanan mətbuat ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Zəngin resurslara malik ərəb dövlətləri ilə əməkdaşlığın iqtisadi perspektivləri də böyükdür. Yaşıl enerji seqmenti üzrə imzalanan sənədlər və respublikamızda reallaşdırılan layihələr bir daha təsdiqləyir ki, ərəb dövlətləri ölkəmiz üçün zəngin investisiya mənbəyi qismində çıxış edə bilərlər. Eyni zamanda, ərəb dövlətləri geniş bazardır. Hazırda dünyada bazarlar uğrunda ciddi rəqabət gedir. Azərbaycanın Körfəz ölkələrinə böyük həcmlərdə ixrac imkanları var.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan-Misir əlaqələri bu gün sürətlə inkişaf edir. Bu əməkdaşlığın qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib.
Dost ölkələr olan Azərbaycan və Misir həm ikitərəfli, həm də coxtərəfli platformalarda sıx əməkdaşlıq edirlər. İki ölkə beynəlxalq təşkilatlarda – BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında birgə fəaliyyət göstərir və bir-birini dəstəkləyir. Ölkələrimiz arasında ticari-iqtisadi məsələlər də daim gündəmdədir. Buraya əczaçılıq, sənaye sahələri, alüminium sənayesi, energetika, neft sənayesi, o cümlədən bərpaolunan energetika sahəsi və s. daxildir. Bu istiqamətlərdə əməkdaşlıq üçün geniş perspektivlər var. Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələrimiz turizm sahəsində də inkişaf edir və son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda, Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir.
Pərvin Kərimzadə qeyd edib ki, Prezident İlham Əliyevin iyunun 8-də Misirə uğurla baş tutan rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Dövlət başçılarının mətbuata bəyanatı zamanı Prezident İlham Əliyevin dediyi kimi, bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Dövlətimizin başçısı vurğulayıb: “Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir”. Misir Prezidenti Əbdülfəttah əs-Sisi də Azərbaycan Prezidentinin bu səfərinin ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyini bəyan edib. Göründüyü kimi, Azərbaycan-Misir əlaqələrində yeni mərhələ başlayır. Münasibətlərin inkişafı isə hər iki tərəfin maraqlarına tamamilə cavab verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
6
sesqazeti.az

10Mənbələr