AZ

Rusiya - Çin münasibətlərindəyeni dövr başlayır

Rusiya-Çin danışıqları bir daha nümayiş etdirdi ki, Moskva və Pekinin bir çox beynəlxalq və regional problemlərə yanaşmaları yaxındır və ya üst-üstə düşür. 

 

Senzor.az bildirir ki, bunu Pekində Rusiya-Çin danışıqlarının yekunlarından bəhs edən Rusiya Prezidenti Vladimir Putin deyib.

 

“Hər iki ölkə müstəqil və heç kimdən asılı olmayan xarici siyasət yürüdür. Biz Birləşmiş Millətlər Təşkilatının və onun Təhlükəsizlik Şurasının mərkəzi roluna, beynəlxalq hüquqa, mədəni və sivilizasiya müxtəlifliyinə, bütün iştirakçıların və dünya ictimaiyyətinin maraqlarının balanslaşdırılmasına əsaslanmalı olan daha ədalətli və demokratik çoxqütblü dünya nizamının formalaşdırılması üçün birlikdə çalışırıq”, - Putin bildirib.

 

O qeyd edib ki, bu mövqelərdən Rusiyanın bu il sədrlik etdiyi BRİKS-də və iyulda sədrliyi Çinə keçəcək Şanxay Əməkdaşlıq Təşkilatında Rusiya və Çin səmərəli qarşılıqlı fəaliyyət göstərirlər.

 

Rusiya Prezidentinin sözlərinə görə, Pekin və Moskva “qlobal iqtisadi idarəçiliyin təkmilləşdirilməsi, Ümumdünya Ticarət Təşkilatı, G20, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu kimi çoxtərəfli institutların islahatı, siyasətsizləşdirilməsi və onların müasir reallıqlara uyğunlaşdırılmasının tərəfdarıdırlar”.

 

“Biz qapalı hərbi-siyasi ittifaqlara yer olmayan Asiya-Sakit okean regionunda etibarlı və adekvat arxitektura və təhlükəsizliyin qurulması istiqamətində işləməyi zəruri hesab edirik. Biz hesab edirik ki, bu cür ittifaqların yaradılması çox zərərlidir və əks nəticə verir”, - Putin qeyd edib.

 

Eyni zamanda, Putinin sözlərinə görə, bu axşam keçiriləcək qeyri-rəsmi görüşdə Ukrayna böhranı ətrafında yaranan vəziyyət, eləcə də bütün xarici siyasət gündəmləri ətraflı müzakirə olunacaq.

 

Putin həmçinin bildirib ki, danışıqlar zamanı prioritet mövzu ticarət və investisiya əməkdaşlığı olub. 

“Ticarət və investisiya əlaqələrinin dərinləşməsinə ölkələrimiz arasında ödənişlərin milli valyutalarla köçürülməsi istiqamətində vaxtilə atılan razılaşdırılmış addımlar əhəmiyyətli dərəcədə kömək edib. Rusiya-Çin ticarət əməliyyatlarında rubl və yuanın payı artıq 90 faizi ötür. Və bu rəqəm artmaqda davam edir və bu o deməkdir ki, qarşılıqlı ticarət və investisiyalar üçüncü ölkələrin təsirindən və qlobal valyuta bazarlarındakı mənfi tendensiyalardan etibarlı şəkildə qorunur”, - Putin bildirib.

 

Onun sözlərinə görə, danışıqlar zamanı yüksək templə gedən enerji sektorunda əməkdaşlıq mövzusu ətraflı müzakirə olunub.

 

“Bu, bizim prioritet sahələrdən biridir. Bizim enerji əməkdaşlığı sahəsində işi dərinləşdirmək üçün konkret planlarımız var. Energetika sahəsində Rusiya-Çin əməkdaşlığı təkcə karbohidrogenlərlə məhdudlaşmır. Dinc nüvə enerjisi sahəsində əməkdaşlıq gücləndirilir”, - Rusiya Prezidenti qeyd edib.

 

“İkitərəfli sənaye əməkdaşlığına gəlincə, biz Çin avtomobil istehsalçılarının və məişət texnikası istehsalçılarının Rusiya bazarında mövcudluğunun fəal şəkildə genişlənməsini alqışlayırıq”, - Putin bildirib.

 

Onun sözlərinə görə, əlvan metallurgiya, kimya, sellüloza sənayesi, biotexnologiya, əczaçılıq, kosmik tədqiqatlar və bir çox digər yüksək texnologiyalı sənaye sahələrində də böyük birgə layihələr həyata keçirilir.

 

Öz növbəsində Çinin Sədri Si Cinpin bildirib ki, Çin və Rusiya başqalarına dövlətlərarası münasibətlərin və böyük qonşular arasında münasibətlərin yeni tipinin qurulması nümunəsini göstəriblər.

 

Bundan əlavə, Si Cinpin Prezident Putinlə birlikdə ikitərəfli münasibətləri düzgün inkişaf yolunda saxlamağa və bütün sahələrdə əməkdaşlıq üçün yeni planlar hazırlamağa hazır olduğunu bildirib.

 

Danışıqlardan sonra Vladimir Putin və Si Cinpin Çin Xalq Respublikası və Rusiya Federasiyasının iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 75-ci ildönümü kontekstində yeni dövrə qədəm qoyan hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə dair Birgə Bəyanat imzalayıblar. 

 

Qeyd edək ki, Putin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə iki günlük dövlət səfəri ilə Çin Xalq Respublikasına gəlib.

 

Vladimir Putin və Si Sinpin arasında söhbət Pekində Böyük Xalq Zalında baş tutub. Sonra Rusiya-Çin danışıqları geniş tərkibdə davam etdirilib. 

Mayın 17-də Rusiya Prezidenti Harbində olacaq. 

 

Bu, Rusiya Prezidentinin andiçmə mərasimindən sonra xaricə ilk səfəridir. Səfərdə Putini iki lider arasında ikitərəfli görüşlər tarixində ən böyük nümayəndə heyətlərindən biri müşayiət edir. Buraya Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və yeni müdafiə naziri Andrey Belousov daxildirlər.


Senzor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
50
senzor.az

10Mənbələr