AZ

Çin rəsmisi: Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir

Pekin, 29 may, AZƏRTAC

Azərbaycanın Çindəki səfirliyində 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, Çin rəsmilərinin, Pekindəki diplomatik missiyaların rəhbərlərinin, Çin ictimaiyyətinin, işgüzar dairələrin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə iki ölkənin Dövlət himnləri səsləndirilib.

Ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov müstəqil Azərbaycanın 1918-ci il mayın 28-də müsəlman Şərqində qurulmuş ilk demokratik dövlətin - Azərbaycan Demokratik Respublikasının varisi olduğunu bildirib.

Diplomat 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyinin ilk illərində ağır sınaqlarla üzləşdiyini, aqressiv separatizm, terrorizm və qonşu Ermənistanın hərbi təcavüzünə məruz qaldığını, xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və təcrübəsi sayəsində ölkəmizin ağır dövrü arxada qoyaraq inkişaf yoluna qədəm qoyduğunu deyib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hazırda böyük zəfərlərə imza atır, xalqımız öz tarixinin şanlı səhifələrini yaşayır. Ərazi bütövlüyü və suverenliyi tam bərpa olunan Azərbaycan Cənubi Qafqaz regionunun sürətlə inkişaf edən, siyasi cəhətdən ən stabil, iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsinə çevrilib.

Azərbaycan ilə Çin arasında əlaqələrin tarixinin qədim İpək Yolu dövrlərinə gedib çıxdığını diqqətə çatdıran səfir Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycanın öz əlverişli coğrafi mövqeyi sayəsində tarixən ticarət, mədəniyyət körpüsü rolunu oynadığını bildirib. Minlərlə kilometrlik məsafəyə baxmayaraq, oxşar mədəni və mənəvi dəyərlər sayəsində zamanla xalqlarımız arasında dostluq yaranıb. İki ölkə arasında müasir münasibətlərimizin təməli məhz bu amillərdən qaynaqlanır.

Diplomat dövlət başçıları İlham Əliyevin və Si Cinpinin səyləri nəticəsində münasibətlərimizin dinamik və hərtərəfli inkişaf dövrünü yaşadığını, hazırda iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq spektrinin genişləndirilməsi imkanlarının nəzərdən keçirildiyini vurğulayıb. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk ölkələrdən biri olmaqla yanaşı, həyata keçirdiyi irimiqyaslı nəqliyyat-infrastruktur layihələri ilə bu təşəbbüsün həyata keçirilməsinə öz əhəmiyyətli töhfəsini verir. Azərbaycan üzərindən keçən nəqliyyat arteriyaları, yaradılmış müasir infrastruktur Çindən Avropaya və geriyə yüklərin daşınması üçün ən qısa və səmərəli nəqliyyat marşrutlarını formalaşdırır.

Səfir iki ölkənin humanitar əlaqələrinin sürətlə inkişaf etdiyini, mədəni mübadilələrin həyata keçirilməsində, humanitar əməkdaşlığın dərinləşməsində Heydər Əliyev Fondunun fəaliyyətinin xüsusi rolu olduğunu deyib.

COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi barədə yekdil qərarın beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və etimadının göstəricisi olduğunu vurğulayan diplomat Çinin “dünyanın yaşıl gündəliyi”nə xüsusi töhfəsini və zəngin biliklərini nəzərə alaraq, bu istiqamətdə də ölkələrimiz arasında davamlı, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf edəcəyinə əminliyini bildirib.

Çin Xalq Respublikası Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey Çin Xarici İşlər Nazirliyinin təbriklərini çatdırıb.

Hazırda Azərbaycan cəmiyyətində sabitliyin qorunub saxlandığını, iqtisadiyyatın sürətlə inkişaf etdiyini və ölkənin beynəlxalq nüfuzunun artdığını bildirən Çin rəsmisi ölkəsinin Azərbaycanın uğurlarına səmimi-qəlbdən sevindiyini deyib.

“Cari ilin fevralında Azərbaycanda keçirilmiş uğurlu seçkilərdə İlham Əliyevin yüksək səslə yenidən Prezident seçilməsi onun xalqın dərin etimadını və məhəbbətini qazandığını tam şəkildə göstərir. Çin səmimi dost kimi Azərbaycanın öz milli şəraitinə uyğun inkişaf yolunu davam etdirməsini hər zaman dəstəkləyir. Əminik ki, Prezident İlham Əliyevin güclü rəhbərliyi və bütün xalqın birgə səyləri ilə Azərbaycan dövlət quruculuğu sahəsində yeni və daha böyük nailiyyətlər əldə edəcək”, - deyə Li Huey bildirib.

Dövlət başçıları Si Cinpin və Prezident İlham Əliyevin strateji rəhbərliyi ilə Çin-Azərbaycan dostluğunun, əməkdaşlığının sağlam və sabit şəkildə inkişaf etdiyini vurğulayan xüsusi nümayəndə diqqət çatdırıb ki, hər iki tərəf siyasi etimadı yüksək səviyyədə qoruyur, iqtisadi-ticari, enerji, nəqliyyat sahələrində əməkdaşlığı möhkəm şəkildə irəlilədir və beynəlxalq məsələlərdə sıx əməkdaşlıq edir.

İki ölkə arasında ticarət dövriyyəsinin davamlı şəkildə artdığını vurğulayan Çin rəsmisi bu amilin tərəflər arasında əməkdaşlıq potensialının böyük olduğunu tam şəkildə göstərdiyini deyib. O, Çinin Azərbaycanla “Bir kəmər, bir yol” təşəbbüsünün birgə qurulmasını fürsət kimi dəyərləndirərək, müxtəlif sahələrdə əməkdaşlığın inkişafını arzuladığını diqqətə çatdırıb, ölkəsinin Azərbaycanın COP29 tədbirini uğurla keçirməsini tam dəstəklədiyini, Azərbaycan da daxil olmaqla beynəlxalq tərəfdaşlarla birlikdə qlobal iqlim idarəçiliyində fəal iştirak etməyə hazır olduğunu bildirib. O, ölkəsinin Azərbaycanla birlikdə iki ölkənin liderlərinin əldə etdiyi mühüm razılaşmaları həyata keçirməyə, qarşılıqlı etimadı davamlı şəkildə qorumağa, qarşılıqlı faydalı əməkdaşlığı hərtərəfli şəkildə genişləndirməyə və “Qlobal Cənub” ailəsi daxilində birlik və əməkdaşlığı təşviq etməyə hazır olduğunu diqqətə çatdırıb.

Sonra “Azərbaycan Hava Yolları”nın keçirdiyi lotereyada iki nəfər Pekin-Bakı-Pekin uçuşuna pulsuz bilet qazanıb.

Tədbir Azərbaycan mətbəxinin təamlarından ibarət ziyafətlə davam edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
50
azertag.az

10Mənbələr