AZ

Paşinyanın Bakıya səfəri, sülh müqaviləsi astanası və yeni mərhələyə keçid

2024-cü ilin noyabrında Azərbaycan COP29 tədbirinə ev sahibliyi edəcək. Bu çərçivədə bir neçə ölkədən çox sayda nümayəndənin Bakıya gəlməsi nəzərdə tutulur. Bu məqamda isə diqqətimizi çəkən mövzu budur ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün bundan öncə keçirdiyi mətbuat konfransı zamanı bildirmişdi ki, Azərbaycanla noyabr ayına kimi sülh müqaviləsi imzalana bilər. Nikolun bu fikri noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirində onun iştirakının mümkünlüyü ehtimalını artırır. 


Paşinyanın son vaxtlar verdiyi açıqlamara yaxından nəzər salsaq görərik ki, o Bakı ilə yaxınlaşmaqda və münasibətlərin normallaşmasında maraqlı görünür. Paşinyanın Qazaxın 4 kəndinin Azərbaycana təhvil verilməsi ilə bağlı atdığı addım da məhz bunu deməyə əsas verir.


Nikol müxalifətin iradlarına və etirazlarına baxmayaraq, Azərbaycanla delimitasiya prosesinin davam edəcəyini də bildirib. Görünən odur ki, Ermənistan baş naziri Azərbaycanla düyün qalan bütün məsələlərin həll edilməsində maraqlıdır. Əslində Nikol anlayır ki, bütün bunlar sülh müqaviləsinin imzalanması prosesini sürətləndirəcək. Əks təqdirdə isə bölgədə yeni toqquşma baş verə bilər ki, bu da Ermənistanın növbəti dəfə ağır məğlubiyyətlə üzləşəcəyinə gətirib çıxaracaq. Yenidən məğlub olacağını bilən Ermənistan tərəfi buna görə də isti münasibətlərə davam etməyə məcburdur.


Paşinyan Azərbaycanla yanaşı Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır. Çünki o, bölgədə Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulmayacağı təqdirdə Ermənistanın iqtisadi cəhətdən blokadasının davam edəcəyini və regionda reallaşan bütün beynəlxalq iqtisadi layihələrdən kənarda qalacağını anlayır. 


Həm sülh müqaviləsinin imzalanması, həm də Paşinyanın Bakıya səfəri sözsüz ki, Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlaması demək olacaq. Bu mərhələ isə xaraktercə, əsasən iqtisadi əlaqələri və ümumən regionun sosial-iqtisadi inkişafına dair projeləri özündə ehtiva edəcək. Başqa sözlə, bu xüsusən Ermənistan üçün yeni nəfəslik olacaq. Paşinyan sona qədər mövqeyini qorumağı bacararsa, ermənilər bu tarixi şansdan öz gələcək inkişafları üçün istifadə edə bilərlər.



Daşqın Həsənov
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
50
missiya.az

10Mənbələr