AZ

Erməni revanşistlər yenidən savaşı körükləyir- Azərbaycan xəbərdarlıq etdi

Image

“Onların (Şəhidlərin) qəhrəmanlığı, fədakarlığı sayəsində biz bu gün buradayıq. Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirmişlər ki, əminəm, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. Halbuki, Ermənistanda revanşistlər də kifayət qədər çoxdur”. 

Bu fikirlər Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Xocalı şəhərinə köçən sakinlərlə söhbət zamanı səsləndirilib. Dövlət başçısı revanşist mövqedə olanlara xəbərdarlıq da edib: “Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik. Bu gün hərbçilər üçün inşa edilmiş evlərlə də tanış oldum. Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq və burada artıq bu istiqamətdə işlər görülür ki, Azərbaycan xalqı əbədi əmin olsun, bir daha bu faciələr bizim xalqımızın başına gəlməyəcək. Bu gün bax, burada – Xocalıda, - cəmi 8 ay ərzində bərpa edilmiş Xocalıda, - görüşməyimiz əlbəttə ki, xüsusi məna daşıyır. Məhz Müstəqillik Günündə mən sizinlə yenidən görüşmək istəmişəm. Üç ay bundan əvvəl - fevralın 26-da hər birimiz üçün faciəli gündə Xocalıda Memorial Kompleksin təməlini qoyduq. Bu gün isə artıq xocalılılar qayıdır və şəhər də göz oxşayır”. Beləliklə, Azərbaycan Ermənistanda revanşist qüvvələrə konkret xəbərdarlığını edir. Xatırladaq ki, İkinci Qarabağ müharibəsində qazanılan qələbə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə yanaşı, Ermənistanın zərərsizləşdirilməsi ilə də nəticələndi. Lakin revanşist mövqedə olanlar hələ də baş verənlərdən lazımi nəticə çıxara bilməyiblər. İşğalçı ölkədə dividend əldə etmək istəyən bəzi qüvvələr revanşizm iddasına düşüblər. Amma revanşizm arzusu ilə yaşayanlar Azərbaycanın “dəmir yumruğu”nu unutmamalıdır. Revanşizm hissləri Ermənistana baha başa gələ bilər. Buna rəğmən görünən odur ki, sözügedən reallığı anlamaqda çətinlik çəkənlər var, onlar yeni savaşı körükləməyə can atırlar. Məsələn, Ermənistanın 3-cü prezidenti, Xocalı qatili Serj Sarkisyan xalqı yenidən müharibəyə səsləyib. Bu məqam onun 28 may – Müstəqillik Günü ilə bağlı yazılı müraciətində əks olunub. Sarkisyan bildirib: 106 il əvvəl olduğu kimi, bu gün də milli şüur, tarixi məsuliyyət və fədakar şücaət dövrüdür”. O, “erməni xalqının sədaqətli övladlarının” 1918-ci ilin “may döyüşlərində” qəhrəmanlıqla vuruşaraq, müstəqillik əldə etdiklərini bildirib: “Dünən də, bu gün də türk zülmü altında təslim olmağa, alçaldıcı şərtlərlə sülh dilənməyə, acınacaqlı bir mövcudluğa çağıranlar bütöv milli hüquq, mənafe və təhlükələri dərk etməyə, reallığın gözünə baxmağa və hərəkət etməyə cəsarət etməmişlər və etmirlər. Tarix şahiddir: zəfər layiq olanlara verilir və bu gün, may qəhrəmanlıq döyüşlərindən bir əsrdən artıq vaxt keçdikdən sonra hər birimizin seçimi qələbəyə layiq olmaq və ya lənətə gəlməkdir. Əminəm ki, dövlət və kilsə öz missiyasına sadiq qalacaq və bu taleyüklü günlərdə Sərdarabadın rəmzi zəngləri həqiqətin və ləyaqətin qələbəsinin əlaməti olaraq çalınacaq”. Qeyd edək ki, 1918-ci ildəki “erməni qəhrəmanlıqları” silahsız azərbaycanlılara qarşı qətliamlar törətmək, indiki Ermənistan ərazisində - Qərbi Azərbaycanla yüzminlərlə insanı öldürmək, yurdundan qovmaq, Bakı da daxil olmaqla, Azərbaycanın müxtəlif ərazilərində soyqırımlar törətmək olub. Erməni terrorçuları yalnız AXC-nin yeni yaranan ordusu darmadağın edib. 

Bütün bunlara rəğmən, Sarkisyan və digər revanşist qüvvələr yenidən müharibə arzusundadırlar. Amma bu müharibənin onlara nəyin bahasına başa gələcəyini Ermənistanda da bilənlər az deyil. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan müstəqillik günü ilə bağlı yaydığı müraciətində bildirib: “2020-ci ilin 44 günlük müharibəsindən sonra Ermənistan Respublikası məhz bizə reallığı dərk etməyə və reallığa təsirə imkan verən yeni düşüncə tərzlərinə görə ayaqda qaldı. Bu yeni düşüncə tərzi və baxış bucaqları göstərir ki, daim dəyişən dünyada daim dəyişmək və inkişaf etmək, çağırışlara və məqsədlərə uyğun qərarlar qəbul etmək bacarığı dövlətin daimiliyinin təmin olunmasının düsturu, həyat qabiliyyətinin açarıdır”. Paşinyan vurğulayıb ki, azadlıq kifayət deyil, ədalət lazımdır, təhlükəsizlik kifayət deyil, sülh lazımdır, firavanlıq kifayət deyil, xoşbəxtlik lazımdır, canlılıq kifayət deyil, həyat lazımdır: “Biz məhz bu yolla gedirik. Bir çox insan yavaş hərəkət etdiyimizi düşünür. Əslində sürət yavaşdır, lakin fasiləsizdir. Biz fasiləsiz irəliləyirik və üfüqdə istədiyimiz hədəfi görürük”. Erməni revanşistlər, o cümlədən siyasətə qarışmış kilsə isə bunu görmür. Onlar nəzərə almaq istəmirlər ki, Azərbaycan regionda yeni iqtisadi-siyasi mənzərə yaratmaqla yanaşı, yeni hərbi reallıqlar da formalaşdırıb. Bu fonda Ermənistanda hansısa siyasi qüvvələr revanşizm xülyasına qapılarsa, buna cavab çox ağır olacaq. O da faktdır ki, Ermənistanın bu gün yeganə çıxış yolu Azərbaycanla münasibətlərin normallaşmasından, Azərbaycanla əlaqələrin müsbət formada qurulmasından, nəqliyyat və kommunikasiya xətlərinin açılmasından keçir. Əks tədqirdə, Ermənistanın vəziyyəti daha da acınacaqlı olacaq. Bunu revanşistlər də bilməmiş deyil.

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
50
baki-xeber.com

10Mənbələr