AZ

Ermənistan bu dəfə “xaçlı tələ”yə düşə bilər - sülhə qarşı dini yürüş

Mövcud durumda erməni xalqı kilsə agentlərinə geniş dəstək vermir, amma...

Ermənistan revanşist, terrorçu siyasətçilərin ardınca "xaçlı tələ”yə düşə bilər. Hazırda gedən proseslər bunu deməyə əsas yaradır. "Vətən uğrunda” hərəkatının lideri, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyanın ardınca Ermənistanda dini revanşizmə, faktiki sülh əleyhinə daha bir keşiş qoşulub.

"Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının baş məmuru, arxiyepiskop Baqrat Qalstanyanın özünü qurban etməsi məni çox da sevindirmir”.

Bunu Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının primatı, arxiyepiskop Mikayel Acapaxyan Sərdarabad memorial kompleksində çıxışı zamanı bildirib.

Onun fikrincə, bu işi öz üzərinə götürəcək siyasi qüvvələr olmalı idi, lakin onlar olmadığına görə Baqrat Qalstanyan qabağa düşüb.

Acapaxyan Paşinyan iqtidarı nümayəndələrinin Baqrat Srbazanın başlatdığı hərəkatı faşizm hesab etməsinə reaksiya göstərib: "Burada faşizm yoxdur. Nikol Paşinyan qaçır: qorxaq həmişə qaçır. Qorxaq olmasaydı, görüşərdi. Onun yalançı olduğunu bilmirsiz? Bu adam əvvəllər deyirdi ki, Qarabağ Ermənistandır, vəssalam, amma indi heç Qarabağı dilinə gətirmir”, - deyə erməni keşiş bildirib.

"Ermənistanın baş naziri Nikol Paşinyanın istefası üçün hələ çox iş görülməlidir”.

Bunu isə dini revanşizmə dəstək verən "İrs” partiyasının rəhbəri, Ermənistanın birinci xarici işlər naziri Raffi Ovannisyan deyib. Onun fikrincə, bundan sonra "Vətən uğrunda” hərəkatının lideri, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan cəmiyyətin etimadını qazanaraq hökumətin başçısı ola biləcək.

Revanşist Ovannisyanın sözlərinə görə, ermənilərin türklər üzərində savaşı yarımçıq qalıb, bir əsr sonra Ermənistan yenidən dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzədir.

Görünən budur ki, Ermənistanın xilası olan sülh prosesinə qarşı "xaçlı tələ” qurulur və bunu elə keşişlərin əli ilə edirlər. Düzdür, sülhə qarşı proseslər bütün bölgəyə ziyanlıdır, ancaq ən böyük faciəni elə Ermənistan yaşayacaq. Əgər Paşinyan tezliklə vəd etdiyi kimi kilsələri siyasi təsir agenti olmaqdan qurtara bilməsə, proseslər arzuolunmaz məcraya yönələ bilərmi? Yoxsa keşişlərin bu imkanları məhduddur? Ekspertlər Ermənistanda böyüyən "xaçlı proses”in sonunu necə görür?

Kamran

Kamran Bayramov

Deputat Kamran Bayramov "Yeni Müsavat”a açıqlamasında dedi ki, bəzi dövlətlər Ermənistana dəstək verərək Cənubi Qafqazda qalıcı sülhü əngəlləməyə çalışsalar da hazırda iki ölkə arasında vasitəçilərsiz danışıqlar gedir və bu danışıqlar təkliflərin layihəsi üzərində aparılır: "İndi biz müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başlayıb. Delimitasiya prosesinin ilkin mərhələsində Ermənistan tərəfindən işğal olunmuş dörd kəndin qaytarılması davam edən sülh müzakirələri prosesində nəzərə çarpacaq nailiyyətdir. Delimitasiya prosesi çərçivəsində Azərbaycanın bir qarış torpağının belə Ermənistana verilməməsi 44 günlük müharibə və antiterror əməliyyatı zamanı qələbəmizin davamıdır.

Göründüyü kimi, baş nazir Nikol Paşinyan iqtidarının son vaxtlar nümayiş etdirdiyi konstruktivliyə baxmayaraq, kilsə prosesi əngəlləmək üçün daxildəki və xaricdəki müəyyən siyasi qüvvələri qızışdırır. Bunun nəticəsində onlar bir müddət öncə Azərbaycanla şərti sərhədə yaxın kəndlərdə kütləvi etirazlara başlayıblar. İndi isə prosesi İrəvanda davam etdirməyi qarşıya məqsəd qoyublar. Ümumiyyətlə, son ayın tendensiyası göstərir ki, kilsə Ermənistanda siyasi proseslərə daha aktiv şəkildə qatılmaqdadır və əslində hazırda sülh prosesinə əngəl yaradan əsas institut hesab oluna bilər. Güman etmək olar ki, Ermənistanın dünyəvi müxalifəti reytinqinin çox aşağı olmasını nəzərə alaraq geri çəkilib və "din xadimləri” adlanan siyasiləşmiş şəxsləri qabağa verib. Əslində onlar dünyəvi müxalifət adını daşımağa da layiq deyillər. Bunlar Ermənistanda 20 il talançılıqla məşğul olan Robert Köçəryan və Serj Sərkisyanın dəstəsinin üzvləridir. Köçəryan bu siyasi avantürada "xaç atası” rolunda çıxış edir. Ancaq onun aqibətinin yaxşı olmayacağı göz qabağındadır. Çünki erməni cəmiyyəti bu qüvvələrdən bezib, onları 2018-ci ildə siyasi səhnədən, necə deyərlər, birdəfəlik süpürüb atıb. Görün, bu talançılar 20 il ərzində xalqın başına hansı oyunları açıblar ki, haylar 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərində hətta müharibəni uduzmuş baş naziri belə hakimiyyətdə saxlamağa razılaşdılar, təki "Qarabağ klanı” yenidən hakimiyyətə qayıtmasın. Bu mənada əlləri hər yerdən üzülmüş revanşist qüvvələr Paşinyanı "din xadimləri”nin mübarizəsi ilə devirməyi planlaşdırıblar. Köçəryanın, Sərkisyanın, Ermənistandan kənar müəyyən qüvvələrin əlindən qidalanan barışmaz müxalifətin, eləcə də erməni apostol kilsəsinin bəzi nümayəndələrinin son zamanlar etdikləri də məhz budur. Bu qüvvələr Ermənistanı yanlış istiqamətə yönəldir. Ermənistanda kilsə ilə hakimiyyət arasında savaş tam sürətlə davam edir. Artıq hakimiyyətin siyasi elitası erməni kilsəsini sıxışdırmaq üçün vergi tətbiqi ilə bağlı məsələni gündəmə gətirməkdən belə çəkinmir. Erməni apostol kilsəsi tərəfindən bir sıra ərazilərdə toqquşma, iğtişaş və aksiyalar da planlaşdırılıb. Apostol Kilsəsi cəmiyyəti korlayan və parçalayan sektalarla mübarizə aparmaq əvəzinə, dövlətə qarşı mübarizə aparmaq və bu təriqətləri dərinləşdirmək məqsədi ilə onlarla gizli görüşlər keçirir".

Deputat diqqətə çatdırıb ki, hazırda Paşinyan iqtidarının xaricdəki erməni lobbi və diaspor təşkilatlarına təsir iradəsi də yoxdur. Bu tendensiya özünü son zamanlar daha qabarıq formada göstərməkdədir: "Nəzərə alaq ki, əvvəlki Ermənistan hakimiyyətləri ilə lobbi və diaspor arasında dərin bağ və birgə fəaliyyət var idi. Bu gün bu fəaliyyətdən əsər-əlamət qalmayıb. Ona görə də onlar Paşinyanı və komandasını ölkənin maraq və mənafelərini qoruya bilməməkdə günahlandırırlar. Hazırda erməni cəmiyyəti həssas bir dönəmdədir. Paşinyan ya Azərbaycanın sülh çağırışına cavab verib Ermənistanın inkişaf və rifahına nail olmalı, ya da xalq kilsənin təbliğatına qoşulub, fəlakətə yuvarlanmalıdır. Əgər erməni xalqı ikinci yolu seçərsə, bu zaman Ermənistanda yeni fəlakət və münaqişələrin əsası qoyulmuş olacaq".

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı erməni cəmiyyətinin keşişlərə dəstək vermədiyini söylədi: "Ermənistanda başlanan "kilsə inqilabı" birbaşa revanşist qüvvələrin - Köçəryan və Sərkisyan cütlüyünün dəstəklədiyi prosesdir. Bunlar açıq şəkildə kilsəni siyasətə qoşublar. Çünki bu qüvvələr uzun müddət hakimiyyətdə olublar, xalqa qarşı amansız davranıblar, qəddarlıq ediblər, böyük həcmdə korrupsiyaya bulaşıblar. Erməni cəmiyyəti də məhz bu cütlüyün zülmündən Nikol Paşinyanı hakimiyyətə gətirib. İndi də kilsəni qabağa verməklə xalqın dəstəyini qazanmaq istəyirlər. Paşinyanı devirmək istəyirlər. Ermənilərin xəstə təfəkkürünün yayılmasında, genişlənməsində - "dənizdən dənizə böyük Ermənistan quracağıq” kimi xoş xülyaların daşıyıcısı olan kilsə nümayəndələrinin hər zaman rolu olub. Kilsəni siyasiləşdiriblər. Özlərinin siyasi məqsədləri üçün kilsə faktorundan istifadə ediblər. Artıq Paşinyan hakimiyyəti erməni xalqı üçün vacib addımları atdığını, indiki Ermənistanın ərazisinin qorunmasını və gələcək nəsillərin sağ qalması üçün Azərbaycanla sülh prosesinin bağlanmasını bəyan edir. Ermənilər üçün ən doğru addım budur. Əks halda, daha böyük və ağır vəziyyətlə qarşılaşacaqlar. Hansısa dövlətin vasitəçi rolu ilə Azərbaycana qarşı rol alsalar, Prezident İlham Əliyevin dediyi dəmir yumruq başlarını əzəcək. Hələlik görünən odur ki, indiki vəziyyətdə xalq kilsə agentlərinə geniş dəstək vermir. Çünki onların əsl simalarını və kimə qulluq etdiklərini bilirlər".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
50
ulusum.az

10Mənbələr