AZ

Türk dünyasının birliyinə doğru daha bir addım...

Son vaxtlarda Türkdilli ölkələr arasında əlaqələrin genişlənməsi məmnunluq doğurur. Qarşılıqlı inteqrasiya həm siyasi dialoqu, həm də iqtisadi və humanitar sferaları əhatə edir. Eyni zamanda, beynəlxalq təsisata çevrilən Türk Dövlətləri Təşkilatının (TDT) sıraları genişlənir. Artıq müstəqillik yolunda irəliləyən Şimali Kipr Türk Respublikası da (ŞKTR) təşkilata müşahidəçi statusunda qəbul olunub. Prezident İlham Əliyev isə  ŞKTR-nin Türk Dövlətləri Təşkilatında daha geniş təmsilçililiyə malik olması təşəbbüsündən çıxış edib. Bütövlükdə, Azərbaycan Şimali Kipr Türk Respublikası ilə çoxvektorlu əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Bu günlərdə Milli Məclisin bir qrup deputatı dost ölkəyə növbəti səfərə gedib.

Azərbaycanın qətiyyətli mövqeyi

Hazırda dünyada açıq şəkildə qütbləşmə meylləri müşahidə edilməkdədir. Xüsusilə də İslam dünyasına hücumlar artıb. Selektiv yanaşmaların önə çıxdığı belə bir şəraitdə Azərbaycan beynəlxalq münasibətlər sistemində öz yerini dəyiq müəyyənləşdirib. Belə ki, bundan sonra respublikamız müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirməklə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin möhkəmlənməsinə daha çox səy göstərəcək. Qeyd edək ki, Türk birliyinin ideyadan reallığa çevrilməsində Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olub. TDT-nin yaranmasına aparan yol məhz  Naxçıvandan başlayıb. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. 

İndiki mərhələdə isə Azərbaycan Türk Dövlətləri Təşkilatının daha da möhkəmləndirilməsi mövqeyindən çıxış edir. Dünyada Türk dövlətləri böyük coğrafiyadır, böyük iqtisadiyyatdır, zəngin təbii sərvətlərdir, nəqliyyat yollarıdır, artan əhalidir. Ayrı-ayrı beynəlxalq təşkilatlar əksər hallarda keçici maraqlar əsasında qurulur. Buna görə də onlar, necə deyərlər, səhnədən tez çıxırlar. Türk dövlətlərinin birliyi isə soy-kökdən gəlir ki, bu amil də onlar arasında dostluğu əbədi edir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Türk dünyası bizim ailəmizdir. Hazırda ölkəmizin bütün Türkdilli dövlətlərlə çox yüksək dinamikaya malik ikitərəfli əlaqələri var. Respublikamızın son illərdə münasibətlərini genişləndirdiyi Türk dövlətlərindən biri də Şimali Kipr Türk Cümhuriyyətidir. İkitərəfli əlaqələr yeni bağlarla möhkəmləndirilir.

Azərbaycanla ŞKTR arasında müxtəlif istiqamətlərdə əlaqələr artan dinamikaya malik olsa da, hələlik hər iki tərəfin arzuladığı səviyyəyə çatmayıb. Potensial daha böyükdür. Ölkəmizlə Şimali Kipr arasında turizm və tələbə mübadiləsi tərəfdaşlıq əlaqələrində əsas yer tutur. Uzun illər ərzində Azərbaycandan minlərlə tələbə Şimali Kiprdə təhsil alıb. Hazırda Şimali Kiprdə 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır və çoxlu sayda da azərbaycanlı müəllim işləyir. 

Turizm sektoru da ikitərəfli münasibətlərdə ən cəlbedici istiqamətlərdən biri kimi dəyərləndirlir. Eyni zamanda, kənd təsərrüfatında əməkdaşlıq potensialı var. Aqrar sektor məhsullarının qarşlıqlı ticarətini təşkil etmək mümkündür. Ekspertlər bildirirlər ki, zamanla müxtəlif sahələrdə müştərək işlər görülə bilər.

Çətin müstəqillik yolunda

Uzun illərdir ki, Şimali Kipr Türk Respublikası çətin müstəqillik yolunda irəliləyir. ŞKTR Kipr adasının şimalında yerləşən de-fakto dövlətdir. Hələlik bu dövlət yalnız Türkiyə tərəfindən tanınır. Şimali Kipr şimal-şərqdə Karpaz yarımadasından Gözəlyurd körfəzinə, qərbdə Qoruçam burnundan Ərənköyə (anklav) qədər uzanır. Cənubda isə Birləşmiş Millətlər Təşkilatının  nəzarəti altındakı təhlükəsizlik xətti Şimali Kiprlə adanın digər hissəsi arasında uzanır. Ümumi sahəsi 3,355 kvadratkilometrdir. ŞKTR Kipr adasının 36,4 faizini tutur. 

Hazırda dünyada yaşanan ayrı-seçkiçilik, ikili standartlar  siyasətinin təzahürlərini həmçinin Şimali Kiprdə yaşayan türk əhali də öz üzərində hiss edib. Diskriminasiya siyasəti ilə barışmayan əhali ötən əsrin yetmişinci illərində müstəqillik uğrunda dönməz mübarizəyə başlayıb. Məlumat üçün bildirək ki, 1974-cü ildə başlanan Kipr hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib. 

ŞKTR ilə əlaqələrin möhkəmlənməsinə növbəti töhfə

Milli Məclisin deputatlarının ŞKTR-na budəfəki səfərlərinin gündəliyi kifayət qədər geniş olub. Mayın 13-də paytaxt Lefkoşada Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin deputatlarının üçtərəfli işçi görüşünün keçirilməsini isə Türk birliyinin möhkəmləndirilməsi istiqamətində atılan daha bir önəmli addım kimi dəyərləndirmək mümkündür.

Müzakirələr zamanı ŞKTC parlamentinin spikeri Zorlu Töre üç ölkənin qarşılıqlı fəaliyyətinin daha da dərinləşdirilməsinə çağırıb. Onun sözlərinə görə, Azərbaycan və digər Türk dövlətləri ilə əlaqələr Şimali Kipr Türk Cümhuriyyəti üçün son dərəcə əhəmiyyətlidir.“ŞKTC-nin tanınması ilə bağlı gələcək səylər üçün möhkəm baza yaratmaq zəruridir”, - deyə  Z.Töre vurğulayıb. 

Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Əhliman Əmiraslanov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin sözlərindən sitat gətirərək deyib: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz - Türk dünyasıdır... Bugünkü görüş Azərbaycan Prezidentinin sözlərinin gerçəkləşməsinə verilən növbəti töhfədir”.

Deputat ümidvar olduğunu bildirib ki, Azərbaycan-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasından sonra digər Türk dövlətləri ilə də analoji qruplar təsis ediləcək. 

Deputat Cavanşir Feyziyev də Lefkoşa ilə əməkdaşlığın inkişafı üzrə əməli addımların zəruriliyini vurğulayıb. “Ümid edirəm ki, hər bir yeni görüşümüz ŞKTC-nin Türkiyə və Azərbaycanla əməkdaşlığının dərinləşməsində növbəti addımların sübutu olacaq”, - deyə o qeyd edib.

Səfər çərçivəsində həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyəti-Azərbaycan, Türkiyə-Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti-Türkiyə parlamentlərarası işçi qruplarının rəhbərlərini və üzvlərini qəbul edib. Prezident Ersin Tatar çıxışında üç parlamentin dostluq qruplarının Şimali Kipr Türk Cümhuriyyətində bir araya gəlməsini tarixi hadisə adlandıraraq işçi qrupların üzvləri ilə görüşdən məmnunluq duyduğunu, ölkəsinin mübarizəsində “Tək millət, üç dövlət” arzusu ilə yaşadıqlarını vurğulayıb.

Mübariz FEYİZLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
50
yeniazerbaycan.com

10Mənbələr