AZ

AMEA-nın yeniləşmə kursu: dövlətçilik və müasirlik kontekstində

(fəlsəfi yanaşma)

II MƏQALƏ

Biz çox istəyirik ki, elmi inkişaf üçün daha da gözəl şərait yaradıl­sın.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Tədqiqat azadlığı ilə sosial məsuliy­yətin münasibətinə AMEA-nın yeniləşmə kursu kontekstində yanaşanda təşkilat rəhbərliyinin fəaliyyətinin çox məqamla­rı aydın olur. Öncə, şübhə doğurmur ki, yeniləşmə mütləq surətdə ölkənin strateji inkişaf kursunun tələblərinə uyğun apa­rılmalıdır. Bunun reallaşma mexanizmi isə AMEA-nın struktur-funksional ənənə­si ilə dövlətçilik və müasirliyin optimal sintezinin müəyyən edilməsi əsasında mümkün ola bilər. AMEA-da yeniləşmə, məncə, məhz bu istiqamətdə aparılır. Burada “struktur-funksional ənənə”dən I məqalədə bəhs etmişik, “dövlətçilik” an­layışı haqqında da kifayət qədər izahlar müxtəlif mənbələrdə verilmişdir. “Müa­sirlik” termininin baxdığımız kontekstdə nəyi ifadə etdiyi üzərində dayanmağa ehtiyac vardır. 

Elm, müasirlik və aktuallıq

Müasirliyin fəlsəfi anlamı mürəkkəb­dir və çoxaspektlidir. Çünki bu termin ha­zırda cəmiyyətlərdə, şüurlarda və dövlət idarəetməsində baş verən dəyişmələrin modernləşmə aspektində özəlliklərini ifa­də edir. Ancaq modernləşmənin özünün fəlsəfi anlamı da qeyri-müəyyəndir. Əgər iqtisadi modernləşmə nəzərdə tutulursa, bir qrup parametrlər nəzərə alınmalıdır. 

Siyasi-ideoloji modernləşmə dedik­də, adətən, vesternizasiya (qərbləşmə) nəzərdə tutulur ki, bunun da müxtəlif an­lamları mövcuddur. 

Mənəvi-mədəni, əxlaqi müasirləşmək də eyni qaydada, adətən, vesternizasiya kontekstində başa düşülür. Hazırda ves­ternizasiya heç də normal və tərəqqi kimi qəbul edilən proses deyildir. 

Bu baxımdan “elmin vesternizasi­yasi” həm məzmun, həm də yeniləşmə istiqaməti olaraq qeyri-müəyyənliyi və xeyli absurd yanaşmanı ifadə edir. Lakin bu, ümumiyyətlə, “elm - müasirləşmə” yanaşmasını arxa plana atmır. Xüsusilə, AMEA-nın yeniləşmə fəlsəfəsinin dərki baxımından onun əhəmiyyəti çoxdur. 

Elmi kontekstdə müasirləşmə iki cəhətdən əhəmiyyətli görünür. Birincisi, elmi fəaliyyətin təşkilinin inkişaf etmiş ölkələrdə uğurlu olan təcrübəni nəzərə alaraq yenidən məzmunlaşdırılmasıdır. İkincisi, elmi tədqiqatların nəticələrinin dövlətin strateji inkişaf kursunun daxili məntiqi və tələblərinə uyğun qiymətləndi­rilməsi və tətbiq edilməsi mexanizmləri­nin yeniləşməsidir. 

Birincini qısa olaraq “xarici təcrübə” adlandırsaq, maraqlı mənzərə qarşıya çıxır. Çünki həmin təcrübənin özü tərkib və məzmunca heterogendir (eyni faktor­lardan deyil, fərqli faktorlardan ibarətdir). Bunu son illər elmlərarası əlaqələrin in­kişafı kontekstində dünyanın müxtəlif ölkələrində aparılan tədqiqatlarda alınan nəticələr sübut edir. Məsələn, Latın Ame­rikası ölkələrində yeniləşmə təcrübəsi Uzaq Şərqin (məsələn, Sinqapurun) və Avropanın yeniləşmə təcrübəsi ilə üst-üstə düşmür. Avropa üçün səmərəli ola bilən təcrübə Latın Amerikasında elmi fəaliyyətin təşkilini geri ata bilir. Eyni məntiqlə Sinqapurda və ya Koreyada elmi yeniləşmə prosesi haqqında demək olar. Hər üç qitə üçün konkret aparılan tədqiqat əsasında biz bu qənaəti ifadə edirik. 

Amerikalı və ya avropalı pedaqoqun yaradıcılıq haqqında təsəvvürü koreyalı və sinqapurlu pedaqoqun təsəvvüründən məzmunca fərqlənir. Koreyalı filosoflar və sosioloqlar bu nəticəni apardıqları ge­niş araşdırmalar nəticəsində almışlar. 

Eynilə Latın Amerikasında intensiv olaraq elmin fənlərarası tədqiqat aspek­tində modernləşməsi ilə bağlı araşdırma­lar aparılır. Onlar da təcrübə və ənənəyə görə, başqa regionlardan fərqli olduqları­nı qəbul edirlər. 

Azərbaycan indi bu təcrübələrdən hansını “müasir və yenilikçi” saysın? Bunun üçün kifayət qədər geniş fəlsəfi, sosioloji, kulturoloji, korss-kültür və konk­ret elmi-psixoloji araşdırmalar aparmaq lazımdır. Hələ o araşdırmaların nəticələ­rini necə ümumiləşdirməyin lazım gəldiyi ayrıca yanaşma tələb edir. 

Bundan başqa, Azərbaycanda elmi fəaliyyətin təşkili təcrübəsi mövcuddur. Deməli, çıxış yolu ondan ibarətdir ki, mövcud Azərbaycan təcrübəsini müasir dövləti və toplumsal inkişafın müəyyən edilmiş şərtlərinə uyğun inkişaf etdirmək daha doğru yoldur. Burada bir mühüm məqamı təkrar vurğulamaq lazımdır, çün­ki haqsız iradlar da yarana bilər. 

Mən heç də xarici uğurlu təcrübədən uzaq durmağı təbliğ etmirəm. Əksinə, onları sistemli və ardıcıl olaraq dərindən öyrənməliyik. Ancaq AMEA kimi təşkilat­da elmi fəaliyyətin təşkili Azərbaycandakı ənənədən qaynaqlanaraq, onun müasir yanaşmalarla sintezində həyata keçiril­məlidir. Bunun üçün isə Azərbaycanın strateji inkişaf kursunun təməl şərtləri fonunda kollektiv yaradıcılıq formalarının praktiki-tətbiqi məqamı ciddi nəzərə ala­raq yeniləşməsi ilə beynəlxalq əlaqələri gücləndirmək gərəkdir. AMEA indi məhz bu istiqamətdə yeniləşmə kursunu ardıcıl olaraq gücləndirir. Burada gecikmək qə­dər, tələsmək də risklidir! 

Bir qədər də ümumiləşdirsək, deyə bilərik ki, AMEA malik olduğu təcrübəni dövlət və ölkənin inkişaf xətti çərçivəsin­də innovativlik aspektində müasirləşdir­məlidir. Bu müstəvidə elmi-tədqiqat insti­tutlarının struktur-funksional təşkili, onlar arasında əməkdaşlığın daha səmərəli olması və konkret nəticə verən koman­da yaradıcılığın irəli aparılması zəruridir. Müşahidələr göstərir ki, AMEA həmin is­tiqamətdə fəaliyyətini davam etdirir. 

AMEA-nn malik olduğu mövcud təc­rübə nəzərə alınmasa, ümumiyyətlə, ölkə elminin perspektiv inkişafını riskə atmış oluruq. Bu təməl üzərində AMEA həm özü yeniləşməli, həm də digər elmi təşkilatları yeniləşməyə stimullaşdırmalıdır. Başqa heç bir elmi qurum bu işin öhdəsindən gələ bilməz. Çünki yalnız AMEA ən ümu­mi və geniş miqyasda illərdir ki, Azərbay­canda elmi fəaliyyətin və onun institutlaş­masının aparıcısı rolunda çıxış edir. 

Nəhayət, AMEA-nın yeniləşməsinin, bütövlükdə, cəmiyyət üçün əhəmiyyətinin sosial-psixoloji aspekti də çox önəmlidir. Məsələ ondan ibarətdir ki, Azərbaycan ictimai şüurunda və rəydə AMEA-nın yüksək elmi nüfuzu vardır. Bu, illərdir in­sanların psixologiyasında formalaşmış­dır. Buna görə də cəmiyyət hər zaman AMEA-ya yüksək nəticələrin alındığı təşkilat kimi baxır və onu nümunə hesab edir. Əgər AMEA yeniləşməni uğurla et­məsə, bu, cəmiyyətə sosial-psixoloji ola­raq neqativ təsir edə bilər. Ümumiyyətlə, Azərbaycan elminə inam azalar. 

Bunlardan aktuallıq məsələsinin fəl­səfi anlamına keçid etmək mümkündür. Yəni AMEA-nın yeniləşməsi Azərbaycan üçün hansı səbəblərdən aktual hadisə sayılmalıdır? Bunun dövlət, cəmiyyət və elmi camiyə üçün əhəmiyyəti nədən ibarətdir? 

AMEA-nın yeniləşməsi aktuallığı

Elmi yeniləşmənin müasirliklə bağlı bir sıra məqamları haqqında yuxarıda dediyimiz fikirlər özlüyündə tədqiqat sər­bəstliyi ilə məsuliyyətin optimal nisbəti məsələsini ön plana çıxarır. Bu faktorun işığında AMEA-nın yeniləşməsinin bütün cəmiyyət üçün aktuallığı aydın olur. 

Çünki AMEA elmi təşkilat kimi cid­di məsuliyyəti olan bir qurumdur. İndiki mərhələdə bu aspektə çox diqqət yeti­rilir və təşkilatın rəhbərliyi bunda tam haqlıdır. Yenləşmə, doğrudan da, elə bir hadisədir ki, orada məsuliyyət ön plana çıxır. Yeniləşmənin aktuallığının məsu­liyyət tərəfi məsələnin dövlətin inkişaf strategiyası ilə birbaşa bağlı olmasından qaynaqlanır. 

AMEA indi həmin kontekstdə məsu­liyyətini tam dərk edən təşkilat təsiri ba­ğışlayır və buna görə də yeniləşmənin uğurlu olacağına inam böyükdür. Ancaq burada başqa bir incə məqam da vardır. Məsələ əməkdaşların məsuliyyəti ilə bağlıdır. Əməkdaşlar fərdi və kollektiv miqyaslarda dövlət və cəmiyyət qarşı­sında məsuliyyəti dərindən dərk etmə­lidir ki, bütövlükdə, AMEA miqyasında yeniləşməyə konkret töhfə verə bilsinlər. Burada başqa mexanizm işləmir. Təşki­latın hər struktur səviyyəsində dinamik fəaliyyət olmalıdır. Deməli, institut kol­lektivləri tərəfindən AMEA rəhbərliyinin yeniləşmə kursuna ciddi dəstək olmalı­dır.

Yeniləşmə prosesinin bu aspek­ti şübhə doğurmur. Onu nəzərə almaq lazımdır ki, yeniləşmə yalnız AMEA hü­dudları çərçivəsində aktual deyildir – dövlət miqyasında da aktualdır! Çünki yeniləşmə strateji inkişafın uğurlu olma­sı naminə aparılır və onun aktuallığının mərkəzi punktunu bu tezis təşkil edir. Faktiki olaraq AMEA-nın inkişafı məsələ­si dövlətçiliyin inkişafı kontekstinə tam yerləşdirilmişdir. Təşkilat rəhbərliyi bunu bacardı və şübhəsiz ki, böyük nailiyyət­dir. Həm AMEA-nın gələcəyi, həm də dövlət səviyyəsində həyata keçirilən və keçiriləcək islahatların elmi əsaslarının daha da genişləndirilməsi baxımından. 

AMEA faktoru bu prosesə nə qədər dərindən nüfuz etsə, idarəetmədə elmin rolu bir o qədər artacaq. Əlbəttə, Azər­baycanda elmin dövlət idarəetməsində iştirakının ciddi ənənəsi mövcuddur. Ulu öndər Heydər Əliyev məsələnin bu tərə­finə daim böyük diqqət göstərmişdir. Ha­zırda Azərbaycan Prezidenti İlham Əliyev həmin prosesi yeni mərhələyə yüksəldir. O, dövlət, ölkə və cəmiyyət üçün ak­tual olan məsələlərin araşdırılması ilə əlaqədar elmi camiyəyə müraciətlər edir. Məsələn, milli ideya ilə bağlı Prezident İlham Əliyevin ziyalılara səslənişi tarixi əhəmiyyətli hadisədir.

Bu fakt da onu göstərir ki, Prezident İlham Əliyev yeni, daha geniş miqyasda ölkənin elm camiyəsini dövləti işlərdə fəal iştiraka istiqamətləndirir və bunun həya­ta keçməsi üçün lazım olan bütün şəra­iti yaradır. Buna görədir ki, Azərbaycan ziyalıları dövlət başçısının dəvətinə fəal reaksiya verirlər. O cümlədən, AMEA-da milli ideya ilə bağlı araşdırmalar intensiv olaraq aparılır. 

Bunlardan aydın olur ki, Prezident İlham Əliyev alimlərlə ünsiyyətə cid­di diqqət yetirir və elmi nəticələrə bö­yük maraq göstərir. Strateji inkişafa aid sənədlərdə də mütləq elm və təhsil nəzərə alınır. 

Yüksək strateji zəka sahibi olan Prezident dövlətin gələcək inkişafında, şübhəsiz ki, alimlərin iştirakını davam­lı olaraq dərinləşdirəcək və genişlən­dirəcək. Bu, o deməkdir ki, Azərbaycan alimləri dövlət qarşısında böyük məsu­liyyət daşıdıqlarını bilməli və ona uyğun fəaliyyət göstərməlidirlər. Daha konkret səviyyədə bu, tədqiqat sərbəstliyi ilə alim məsuliyyətinin optimal nisbətinin təmina­tını ifadə edir. 

AMEA-nın yeniləşmə ruhu bu is­tiqamətə tam uyğundur və təşkilatın rəh­bərliyinin fəallığının artması bu baxımdan çox müsbət haldır. Bu məqamda AMEA-nın yeniləşməsinin dövlətçilik və müasir­liklə əlaqəli başqa bir əhəmiyyətli özəlli­yinə baxmaq ehtiyacı yaranır. 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
197
46
xalqqazeti.az

10Mənbələr