AZ

Yeniləşən AMEA-nın yeni loqotipi təsdiqlənib

Bakı, 16 may, AZƏRTAC

AMEA Rəyasət Heyətinin növbəti iclasında Azərbaycan Milli Elmlər Akademiyasının loqotipinin seçimi üzrə Müsabiqə komissiyasının fəaliyyətinin nəticələri və AMEA-nın loqotipinin təsdiq olunması haqqında məsələ də müzakirə edilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli AMEA-nın yeni korporativ imicinin formalaşdırılması və təbliğinin akademiyanın tarixinə, son dövrlər onun fəaliyyət istiqamətlərində baş verən dəyişikliklərə və müasir informasiya cəmiyyətinin tələblərinə müvafiq şəkildə qurulması üçün onun bütöv quruluşa malik, zahiri simvol və ya qrafika kimi xarakterizə olunan fərqləndirici simvolunun – loqotipinin (emblem) dəyişdirilməsi zərurətinin yarandığını diqqətə çatdırıb. Qeyd edib ki, AMEA-nın loqotipinin (emblem) seçimi və digər zəruri məsələlərin həlli üçün Müsabiqə komissiyası yaradılıb və komissiyaya AMEA-nın yeni loqotipinin (emblem) müəyyənləşdirilməsi ilə bağlı müsabiqənin keçirilməsi, qalibin müəyyənləşdirilməsi və mükafatlandırılması, seçilmiş loqotipin (emblem) müvafiq qanunvericiliyə uyğun olaraq təsdiq edilməsindən irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.

Ötən müddət ərzində bu istiqamətdə zəruri işlərin həyata keçirildiyini, AMEA-nın yeni loqotipinin müəyyənləşdirilməsi istiqamətində geniş müzakirələrin aparıldığını deyən akademik İsa Həbibbəyli təqdim olunmuş loqotip (emblem) dizaynlarının geniş elmi ictimaiyyətə nümayişinin təmin edildiyini vurğulayıb.

Müsabiqə Komissiyası tərəfindən AMEA-nın “Elm” nəşriyyatının baş dizayneri Şəlalə Rüstəmovanın müəllifi olduğu ümumiləşdirilmiş loqonun yekun qiymətləndirmə üçün AMEA Rəyasət Heyətinin müzakirəsinə çıxarıldığını deyib.

Şəlalə Rüstəmova tərəfindən ümumiləşdirilmiş layihədə müəllifin “bina”, Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi dosent Rizvan Babaşovun “qlobus”, həmin institutun kiçik elmi işçisi Oksana Məmmədovanın “kitab”, Şərqşünaslıq İnstitutunun elmi işçisi Röya Mirzəbəyovanın “alov”, Arxeologiya və Antropologiya İnstitutunun kiçik elmi işçisi Minayə Feyzullayevanın “bayraq” simvolları və Şərqşünaslıq İnstitutunun elmi işçisi Solmaz Namazovanın “AMEA” sözləri əks olunub.

Həmçinin Arxeologiya və Antropologiya İnstitutunun kiçik elmi işçisi Minayə Feyzullayevanın müəllifi olduğu layihə ən yaxşı bədii təsvir vasitəsi kimi Rəyasət Heyətinin diqqətinə təqdim edilib.

Təqdim olunmuş işlər barədə fikrini bildirən Azərbaycan Rəssamlar İttifaqının sədri, Müsabiqə komissiyasının üzvü Xalq rəssamı Fərhad Xəlilov layihələrin hər biri ilə tanış olduğunu və AMEA Rəyasət Heyətinin yekun müzakirəsinə çıxarılmış loqotipin (emblem) müasir standartlara cavab verdiyini deyib və müsabiqəni yüksək qiymətləndirib.

Daha sonra AMEA Rəyasət Heyəti tərəfindən təqdim olunmuş işlər qəbul edilib və layihə müəlliflərinə və iştirakçılara təşəkkürnamələr, fəxri fərmanlar və pul mükafatları verilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
178
46
azertag.az

10Mənbələr