AZ

AMEA-nın yeniləşmə kursu: dövlətçilik və müasirlik kontekstində

(fəlsəfi yanaşma)

IV məqalə

Əlbəttə, Azərbaycanda elm adamları arasında ünsiyyət həmişə olmuşdur və onlar ümumilikdə bir-birinin əsərlərini oxuyurlar. Eyni zamanda, indi aktual olan bu prosesin sistemləşdirilməsi, məqsədyönlü olması və Azərbaycan elmində məktəblərin inkişafını təmin etməyin optimal üsullarının tapılmasıdır. Çünki elmi fəaliyyət həm dünya miqyasında getdikcə daha çox kollektiv yaradıcı komanda kimi inkişaf edir, həm də AMEA-nın yeniləşmə kursunun mahiyyəti daha çox müxtəlif elm sahələri arasında əlaqələrin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Bunun sırf elmi idrakın daxili inkişaf məntiqi ilə sıx bağlılığı vardır. Lakin burada həm də AMEA-nın tədqiqat strategiyasını ölkənin strateji inkişaf kursu çərçivəsində müəyyən etməsi ciddi rol oynayır. Bu məqsədə çatmağın yolu həm ayrı-ayrı elm sahələrinin özlərində, həm də müxtəlif elm sahələrinin qarşılıqlı əlaqəsində elmi təcrübələrin paylaşılmasının ciddi yer tutması ilə əlaqəlidir. 

Məsələnin bu aspektinin aktuallığı AMEA Rəyasət Heyətinin son iclasında müzakirə olunan mövzuların fonunda daha aydın görünür. İclasda AMEA-nın gələn il olacaq 80 illik yubileyi ilə bağlı məsələlər müzakirə olunmuşdur.  

Yubiley qarşısında

AMEA prezidentinin məruzəsindən aydın olur ki, təşkilat qarşıdakı yubileyə elmi tədqiqatlarda və elmi-təşkilati işlərdə yeniliklərlə hazırlaşır. Burada tədqiqat institutlarında həyata keçirilən struktur dəyişiklikləri və idarəetmədə təkmilləşdirilmə prosesinin aparılması ilə yanaşı, Azərbaycan elmində böyük xidmətləri olmuş alimlərin yaradıcılığına həsr edilmiş tədbirlərin keçirilməsi də ciddi yer tutur. Bunlarla yanaşı, AMEA-nın 80 illik fəaliyyətinin müxtəlif aspektlərinin araşdırılmasına həsr edilmiş əsərlərin hazırlanması planlaşdırılmışdır. 

Bu proseslərin AMEA-da strukturlaşma və idarəetmənin inkişaf etdirilməsi fonunda həyata keçirilməsi də maraq doğurur. Məsələn, AMEA prezidenti təşkilatda elmi fəaliyyətin nəticələrinin elektron formada ifadəsi sayəsində dünyanın müxtəlif elm mərkəzləri ilə əlaqələrin yeni səviyyəyə yüksəldilməsinə ciddi fikir verir. Bu prosesi şərti oalarq “Elektron Akademiya”, “Elektron elm” və “Elektron kitabxana” adlandırsaq, bütövlükdə, elmi fəaliyyətin təşkilinin dünya standartlarına uyğun həyata keçirməsini görərik. Deməli, AMEA-nın fəaliyyəti vaxtında dünya elmi dairələrinə aydın olacaq və bu da, şübhəsiz ki, Azərbaycan elminin dünya elminə inteqrasiyasına yeni təkan verəcək. 

Bununla yanaşı, AMEA müxtəlif elm mərkəzləri ilə əlaqələrin inkişafına diqqəti daha da artırmağı qərarlaşdırıb. Məsələn, Türkiyənin TÜBİTAK təşkilatı ilə əməkdaşlıq artıq yeni səviyyəyə yüksəldilir – Azərbaycan elmi jurnallarının beynəlxalq indeksləşməsini ortaq həyata keçirmək kimi maraqlı proqram həyata keçirilir. Bu, Azərbaycan alimlərinin daxili jurnallarda elmi məqalələrinin dərc olunması prosesinə yeni stimul verəcəkdir.  

AMEA rəhbərliyinin nəzərdə tutduğu digər məsələ təşkilatın 80 illiyinə həsr ediləcək konfransların, “dəyirmi masa”ların, yubileylərin, xarici elmi təşkilatlarla müxtəlif mövzulara həsr edilmiş elmi tədbirlərin keçirilməsi ilə bağlıdır. Bu da olduqca vacib addımdır, çünki Azərbaycan alimlərinin elmi təcrübələri paylaşmaq imkanları xeyli artır, ayrı-ayrı elm sahələrinin aparıcı tədqiqatçıları ilə ünsiyyət imkanları genişlənir.  

Həmin kontekstdə dünyada tanınmış alimlərlə, o cümlədən, Nobel mükafatına layiq görülmüş yaradıcı insanlarla birbaşa görüşlərin təşkil edilməsi çox təqdirəlayiqdir. Bununla bağlı AMEA prezidenti, akademik İsa Həbibbəylinin tanınmış türk alim, Nobel mükafatı laureatı Əziz Səncəri AMEA-ya dəvət etməsi və onunla bir neçə gün gənc alimlərin ünsiyyətdə olmasının planlaşdırılması kollektiv tərəfindən xüsusi razılıqla qarşılanmışdır. 

Nəhayət, AMEA Rəyasət Heyətinin son iclasında qurumun 80 illik yubileyi ərəfəsində bir neçə Azərbaycan aliminin yubiley tədbirlərini keçirməklə bağlı hazırlanmış proqram diqqəti çəkir. Orada ardıcıl olaraq müxtəlif elm sahələrində çalışmış alimlərimizin yaradıcılığı ilə tanışlığın nəzərdə tutulması çox vacibdir.        

Bu faktları vurğulamağımız bir qədər standart və hesabat xarakterli görünə bilər. Lakin belə deyildir. Çünki həmin faktlar AMEA-nın yeniləşmə kursunun çox vacib bir istiqaməti – elmi fəaliyyətin təşkili və Azərbaycan tədqiqatçılarının aldıqları nəticələrin beynəlxalq miqyasa zamanında çatdırılmasının fəlsəfi dərki ilə əlaqəlidir. Ayrıca, AMEA rəhbərliyinin yeniləşmə prosesi çərçivəsində həyata keçirməyi nəzərdə tutduğu elmi fəaliyyət və araşdırma proqramlarının ölkənin stareji inkişaf kursu ilə bağlılığının fəlsəfəsi xüsusi əhəmiyyət kəsb edir. Nəhayət, bu məsələlərin adekvat təhlili AMEA-nın maliyyələşməsində ciddi yeniliklərin olması zərurətini aydınlaşdıracaqdır. 

Elmin “elektronlaşdırılması”

 “Elektronlaşdırma” məcazdır. Hələ XX əsrin ikinci yarısında Marşal Maklüyen “elektron mədəniyyət” növündən bəhs edirdi. Bu ifadə rəqəmsallaşma, İnternet və kompüterləşmənin cəmiyyətlərin həyatına geniş və dərindən daxil olması ilə kommunikasiyanın yeni növünün meydana gəlməsini əks etdirir. Kommunikasiyanın bu yeni növü sürətlə elm sahəsinə tətbiq edildi. İndi beynəlxalq indeksləşmiş jurnallar statusunda olan elmi dərgilər məhz bu proses nəticəsində vahid informasiya-təbliğat sistemində birləşdirildi. 

Hazırda dünya üzrə elmi fəaliyyət və onun nəticələrinin paylaşılmasının kommunikasiya aspekti əsas olaraq kollektiv kommunikasiya yolu ilə baş verir. Bu zaman, tədqiqatın təşkili ilə alınan nəticələrin birbaşa tətbiqi məsafəsi zamanca çox qısalmışdır. Məzmunca təşkil etməklə tədqiqat yaradıcılığı, demək olar ki, birləşmişdir. Ona görə də alınan biliyin məzmunu elmi fəaliyyətin təşkili və təşviqi ilə birbaşa bağlıdır. 

Çox dərinə getməyək. Alınan nəticə belədir: müasir mərhələdə hansısa ölkənin elmi camiyəsi dünya miqyasında yerini tutmaq istəyirsə, mütləq elmi fəaliyyətin təşkilini və araşdırma-yaradıcı prosesin özünü, alınan biliklərin ifadə və təqdimat formasını “elektronlaşdırmalıdır”. AMEA rəhbəri məhz məsələnin bu tərəfini Rəyasət Heyətinin son iclasında israrla vurğuladı. Burada “elektronlaşma”nın taktikası, strategiyası, reallaşma metodları ilə gözlənilən nəticələrin əlaqəsinin fəlsəfi-sinergetik izahı maraqlı ­olardı.  

Ümumi səviyyədə elmin və ya akademiyanın elektronlaşması avtomatik olaraq elmi kitabxananın da elektronlaşmasını tələb edir. Çünki informasiyaların əlçatanlığını ancaq elektron kitabxana vaxtında və dolğun təmn edə bilər. Bu məqam AMEA rəhbərliyi tərəfindən ciddi surətdə nəzərə alınır. 

Elektronlaşma elmi tədqiqatın təşkili ilə yanaşı, yaradcılığın ümumi mənzərəsini və onun müxtəlif yeniləşmə ssenarilərini görməyə geniş imkanlar verir. Dünya elmi praktikasında bu məqsədlə kifayət qədər modellər qurulmuşdur. Həmin üsulla AMEA elmin təşkili ilə tədqiqatın aparılmasının prioritet istiqamətlərini dinamik olaraq həm müəyyənləşdirə, həm də çevik yeniləşdirə bilər. 

Elektronlaşma Azərbaycanda alimlərin elmi yaradıcılığının nəticələrini paylaşmaqda keyfiyyət dəyişikliyi edəcəkdir. Buna şübhə yoxdur. Çünki vahid kommunkasiya məkanının rəqəmsal forması avtomatik olaraq hər hansı elmi informasiyanı almağa şərait yaradacaqdır. Bu da elmi biliklərin yaradılması ilə onların paylaşmasını vahid sistemə birləşdirməyə və sürətli paylaşmağa baza yaradacaqdır. 

Nəhayət, elektronlaşma AMEA-nın beynəlxalq miqyasa elmi çıxışını aniləşdirəcəkdir. Burada aparılan tədqiqatlar və alınan nəticələr sistemə bağlı olan istənilən subyektə anında çatacaqdır. İndi biz Bakıda Avstraliya, Cənubi Amerika və ya Yaponiyada aparılan tədqiqat haqqında necə sürətli xəbərdar ola biliriksə, AMEA sistemli şəkildə bu prosesin Azərbaycan alimlərinə də aid olmasını təşkil edir. Bu, həqiqi mənada yeniləşmənin mühüm bir aspektidir. Son zamanlar Azərbaycan alimlərinin beynəlxalq elektron şəbəkədə əsərlərinə tez-tez rast gəlirik və maraqla tanış oluruq. Həmin prosesdə AMEA-nın elektron elm yaratmaq xətti həlledici rol oynamaqdadır! Bu məqamı təşkilatın yeniləşməsinin elmi tərəfinin vacib bir istiqaməti kimi qəbul edə bilərik! Onun başqa bir əhəmiyyətli aspekti də mövcuddur.

Elm mərkəzləri ilə əlaqələr     

İndi hər bir elmi təşkilat üçün başqa təşkilatlarla əlaqələr strateji xarakter daşıyır. AMEA-nın yeniləşmə kursunda bu istiqamət prioritetlərdən biridir. Müşahidələr göstərir ki, AMEA rəhbərliyi bu məsələyə iki aspektdə yanaşır. Birincisi, sırf elmi inkişaf kontekstidir. Burada, bütövlükdə, elmi araşdırmaların daha təkmil olması üçün təcrübə paylaşımı ön sıradadır. İkinci aspekt elmi əlaqələrin inişafı nəticəsində alınan nəticələrin ölkənin strateji inkişaf kursuna xidmətə istiqamətləndirməklə bağlıdır. 

AMEA bu prosesi həm yeni səviyyəyə yüksəltmişdir, həm də ona konkret istiqamət və məzmun vermişdir. Bu o deməkdir ki, kimsə AMEA-nın öncəki dövrlərdə beynəlxalq əlaqələrinin olduğuna şübhə etmir. Əksinə, bu, daim olmuşdur. Lakin burada əsas məsələ işin təşkili və elmi məqsədlə yanaşı, əlaqələrə elə məzmun verməkdən ibarətdir ki, bütövlükdə, Azərbaycanın strateji inkişafına uyğun olsun. 

Bu tezisin işığında AMEA-nın ilk növbədə türk dövlətlərinin elmi təşkilatları ilə daha sıx əlaqələrə və sonrakı mərhələdə inteqrasiyaya çalışması nümunəvi seçimdir. AMEA-nın Türkiyəni beynəlxalq sistemlərə bağlı olan elmi təşkilatlar ilə əlaqələri yenidən qurması digər türk dövlətləri üçün də bir səsləniş, dəvət və əməkdaşlıq modelidir. Azərbaycan siyasətdə və iqtisadiyyatda olduğu kimi, elmdə də Türk dünyasının inteqrasiyasının aparıcı ölkəsidir! Ancaq beynəlxalq elmi əlaqələr əsla bununla məhdudlaşmır. 

Əksinə, həmin sistem vasitəsilə dünyanın bütün ölkələri üzrə elmi əlaqələrin yeni səviyyəsinə çıxış əldə etmək işi sürətlənir. Deməli, AMEA-nın yeniləşmə kursunda beynəlxalq elmi əlaqələrin sürətlənməsi ayrıca yer tutur. Bu məqamda bir daha AMEA-da elmi fəaliyyətın təşkilinin və tədqiqatların nəticələrinin paylaşılmasının elektronlaşmasının əhəmiyyəti və aktuallığı aydın olur. Şübhə yoxdur ki, digər istiqamətlərlə yanaşı, bu aspekt də AMEA-nın 80 illik yubileyinə yaxşı bir töhfə olacaqdır. 

Müxtəlif elmi mərkəzlərlə əlaqələrin genişlənməsi, dərinləşməsi və yenidən məzmunlaşması kontekstində Azərbaycan elmi jurnallarının beynəlxalq indeksləşməsinin Türkiyə ilə ortaq həyata keçirilməsi vacib bir yenilikdir. Eyni zamanda, Azərbaycan elminin dünyada daha yüksək səviyyədə tanıdılması üçün yeni fürsətdir. 

(ardı var)

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
46
xalqqazeti.az

10Mənbələr