AZ

Putin generalları QURBAN VERİR – Kreml rəhbərinin ƏSAS HƏDƏFLƏRİ

Rusiya Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi Yuri Kuznetsov saxlanılıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinə və hüquq-mühafizə orqanlarına bağlı “Telegram” kanalları məlumat yayıblar. Bildirilib ki, o 2023-cü ildən bu vəzifəni icra edir, 2010-cu ildən isə baş qərargahın səkkizinci idarəsinin rəhbəridir. Generalın nəyə görə saxlanıldığı barədə hələlik dəqiq məlumat yoxdur.

Xatırladaq ki, ötən ay Rusiya müdafiə nazirinin müavini Timur İvanov da saxlanılıb. Aprelin 24-də məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Rusiya İstintaq Komitəsinin açıqladığı məlumata görə, nazir müavini RF Cinayət Məcəlləsinin 290-cı maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvətalma) saxlanılıb. Məlumat üçün onu da qeyd edək ki, 2012-ci ildə İvanov Moskva vilayəti hökuməti sədrinin müavini vəzifəsində çalışıb. 2013-16-cı illərdə “Oboronstroy” ASC-nin baş direktoru, 2016-cı ilin mayında prezidentin sərəncamı ilə müdafiə nazirinin müavini təyin edilib.

Rusiya-Ukrayna müharibəsi fonunda Sergey Şoyqunun müdafiə naziri postunu itirməsi, yeni vəzifəyə təyinat alması, bu hadisədən əvvəl nazir müavini, general Timur İvanovun həbsi, indi isə nazirliyin kadrlar idarəsinin rəisi, general Yuri Kuznetsovun saxlanılması nəyin göstəricisidir? Putin generalları nə üçün qurban verir?

Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Rusiyada son baş verən həbslər, yerdəyişmələr Ukrayna müharibəsində Kremlin gözləntilərinin özünü doğrultmaması ilə də əlaqədardır.

Hərbi ekspertin qənaətincə, cəbhədəki uğursuzluqların məsuliyyəti generalların üzərinə yüklənir: “Hər halda Rusiya hakimiyyəti Ukrayna müharibəsində gözlədiyi nəticələrin vaxtında əldə edilməməsinə görə, məsuliyyəti kiminsə üzərinə yükləməli idi. Bunun üçün ən uyğun fiqur Müdafiə Nazirliyi idi. Sergey Şoyqu Ukraynada aparılan müharibənin əsas memarlarından biri hesab olunur. Ukraynadakı “xüsusi  əməliyyat planı”nı da tərtib edənlərdən biri məhz Sergey Şoyqu idi. Digər tərəfdən isə, Bahmut ətrafında baş verənlər və Rusiyanın orada məruz qaldığı məğlubiyyətlər fonunda Vaqnerin üsyana qalxması, Sergey Şoyqunun isə bu proseslərə heç bir təsir göstərə bilməməsi, Rusiya Müdafiə Nazirliyində ən yüksək şəxslərin rüşvət qalmaqallarında adının hallanması ordu generalının vəzifədən getməsi ilə nəticələnib. Lakin biz, Rusiyada adı kifayət qədər böyük qalmaqalda hallanan şəxslərin bir vəzifədən azad olunub başqa bir vəzifəyə təyin olunması kimi hallara dəfələrlə rast gəlmişik. Ona görə də, Şoyqunun Putin ilə şəxsi münasibətlərini nəzərə alsaq, onun başqa bir vəzifəyə təyin edilməsi də gözlənilən idi və belə də oldu. Artıq Şoyqu Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibidir”.

Ə.Verdiyev deyib ki, Rusiyada baş verən proseslər, o cümlədən yüksək vəzifəli generalların həbsi orduda korrupsiya hallarının geniş yayılmasının, hətta ən üst səviyyələrə qədər gəlib çatmasının da göstəricisidir: “Belə olduqda da Ukraynada qələbənin əldə edilməsi yubanır. Ona görə də yenidən prezident seçilən Vladimir Putin müəyyən addımlar atmaq məcburiyyətində qalıb. Hesab edirəm ki, Andrey Belousovun Müdafiə Naziri vəzifəsinə təyin olunması Rusiyanın ən azı Azərbaycan kimi ölkələrin döyüş təcrübəsinin tətbiqi istiqamətində fəaliyyətləri gücləndirmək məqsədi daşıyır. Yəqin ki, Rusiya Andrey Belousovun vasitəsi ilə əsas fəaliyyət pilotsuz vasitələrin istehsalı və onların modernləşdirilməsi, geniş spektrdə pua sursatlarının hazırlanmasına yönələcək”.

Lamiyə MİRZƏYEVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
44
medianews.az

10Mənbələr