AZ

Rusiyanın yeni hökuməti təsdiqləndi...

Kabinet yeni prosedura əsasən ilk dəfə formalaşdırılıb

Rusiyanın Nazirlər Kabineti yeni formatda təsdiq edilib. Belə ki, hökumət 2020-ci ildə konstitusiyaya edilən dəyişikliklə nəzərdə tutulan yeni prosedura əsasən ilk dəfə formalaşdırılıb. Mart ayında baş tutan prezident seçkilərində yüksək səs faizi ilə qələbə qazanan Vladimir Putin mayın 10-da Mixail Mişustini hökumət başçısı kimi təsdiq etmişdi. Ardından Baş nazir tərəfindən prezidentə federal icra orqanlarının strukturu ilə bağlı təkliflər təqdim olunmuşdu. İki gün öncə isə yeni nazirlər və baş nazirin müavinləri təsdiqlənib. Bununla bağlı Rusiyanın dövlət başçısının müvafiq sərəncamları dərc olunub.

Beş nazir Prezidentə hesabat verəcək

Qeyd edildiyi kimi, Rusiya hökuməti ilk dəfə olaraq 2020-ci ildə konstitusiyaya edilən dəyişikliklə nəzərdə tutulan yeni prosedura əsasən formalaşıb. Bütün namizədlər əvvəllər parlamentdə nəzərdən keçirilib və təsdiq edilib. Yeni qaydalara əsasən Dövlət Duması və ya Federasiya Şurası tərəfindən təsdiq edilən namizədlər mütləq şəkildə kabinetdə təmsil olunur. Konstitusiya dəyişikliyinə əsasən Prezident bu namizədləri təsdiq etməlidir.

Yeni kabinetin tərkibinə hökumət başçısından əlavə 10 baş nazirin müavini və 21 nazir daxildir. Nazirliklərin sayı və adı əvvəlki illərdəki tərkiblə müqayisədə dəyişməyib. Hökumətin əsas gücü sayılan beş nazir yenə də birbaşa prezidentə hesabat verəcək - bunlar Daxili İşlər, Xarici İşlər, Müdafiə, Fövqəladə Hallar və Ədliyyə nazirliklərinin rəhbərləridir. Digər kabinet üzvlərinin fəaliyyətinə isə hökumətin başçısı cavabdehlik daşıyır.

Xidmət rəisləri dəyişmədi...

Vladimir Putinin təsdiqlədiyi siyahıda Baş nazirin müavinləri və nazirlərlə yanaşı, federal xidmətlərin rəhbərlərinin adları da qeyd edilib. Dövlət başçısı Federasiya Şurasında aparılan məsləhətləşmələrin ardından federal xidmətlərin direktorlarının təyinatını həyata keçirib. Gözlənildiyi kimi, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə yenidən Sergey Narışkin təyinat alıb. 2016-cı ilin sentyabrından xidmətə rəhbərlik edən Narışkin Rusiya güc strukturlarının ən mühüm simalarından sayılır. Bu vəzifəyə təyin edilənə qədər isə Narışkin hakim “Vahid Rusiya” partiyasının deputatı kimi fəaliyyət göstərib.

2008-ci ildən Rusiya FTX-nin direktoru, Milli Antiterror Komitəsinin sədri, eyni zamanda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvü olan ordu generalı Aleksandr Bortnikov da vəzifəsinin icrasını davam etdirəcək.

FSO-nun rəhbəri də dəyişməyib - ordu generalı Dmitri Koçnev 2016-cı ildən icra etdiyi vəzifəsində saxlanılıb. Prezidentin Xüsusi Proqramlar Baş İdarəsinin rəisi vəzifəsini isə Aleksandr Linets davam etdirəcək.

Nazirlərin 13 faizi dəyişdi

Xidmət rəislərindən fərqli olaraq Nazirlər Kabinetinin tərkibində dəyişikliklər gözə çarpmaqdadır - belə ki, hökumət üzvlərinin 13 faizi dəyişib. Kabineti “tərk edənlər” arasında Baş nazirin müavini statusunda ətraf mühitə və aqrar-sənaye kompleksinə cavabdehlik daşıyan Viktoriya Abramçenko, Müdafiə Nazirliyindən Təhlükəsizlik Şurasının katibliyinə keçirilən Sergey Şoyqu, Energetika naziri Nikolay Şulqinov və İdman naziri Oleq Matıçin adları yer alıb. Nazir kürsüsünü təhvil verənlərlə yanaşı, yeni kabinetdə fərqli vəziflərə təyin olunan kadrlar da var - keçmiş kənd təsərrüfatı naziri Dmitri Patruşev və keçmiş nəqliyyat naziri Vitali Savelyev artıq gələcək fəaliyyətlərini Baş nazirin müavini statusunda davam etdirəcəklər. Son 4 ildə Baş nazirin birinci müavini vəzifəsində çalışan Andrey Belousov isə artıq Rusiya müdafiə naziri kimi təsdiqlənib. Onun keçmiş vəzifəsi isə Baş nazirin müavini və keçmiş sənaye və ticarət naziri Denis Manturova tapşırılıb.

4 qubernator nazir oldu...

Yeni kabinetdə vakant yerlərə bir neçə vilayətin qubernatoru təyinat alıb. Belə ki, Kalininqrad vilayətinin keçmiş rəhbəri Anton Əlixanov artıq Sənaye və Ticarət Nazirliyinə rəhbərlik edəcək. Əslən Abxaziyadan olan Əlixanov 2015-ci ildən etibarən Kalininqrad vilayətində bir sıra məsul vəzifələrdə çalışıb. 2017-ci ildən isə vilayət qubernatoru təyin edilib. O həm də, “Vahid Rusiya” Partiyasının Ali Şurasının üzvüdür.

Xabarovsk vilayətinin keçmiş qubernatoru Mixail Deqtyarev isə bundan sonra İdman Nazirliyinə başçılıq edəcək. 2021-ci ildən qubernator olan Deqtyarev həm də VI və VII çağırış Dövlət Dumasının üzvü olub.

Kursk vilayətinin başçısı Roman Starovoyt isə kabinetdə boşalan Nəqliyyat Nazirliyinə təyinat alıb. 1972-ci ildə Kurskda anadan olan yeni nazir 2019-cu ildən vilayət qubernatoru təyin edilib.

Kuzbas vilayətinin keçmiş qubernatoru Sergey Çivilev isə Energetika Nazirliyinə rəhbər təyin olunub. Sonuncu vəzifəsində 2018-ci ildən işləyən Çivilev Rusiyanın ən tanınmış qubernatorlarından hesab edilir.

Kənd Təsərrüfatı Nazirliyinə isə son 3 ildə nazirlikdə birinci müavin postunu tutmuş Oksana Lut rəhbərlik edəcək.

Yeni kabinet üzvləri Putini müşayiət edəcək...

Baş nazirin müavinlərinin beşi öz vəzifəsində saxlanılıb. Belə ki, Baş nazirin müavinləri Tatyana Qolikova, Aleksandr Novak, Aleksey Overçuk, Marat Xusnullin və Dmitri Çernışenko yenə də vəzifələrinin icrasını davam etdirəcəklər. Nazirlər Kabineti rəhbərinin müavini - Aparat rəhbəri Dmitri Qriqorenko və Baş nazirin müavini - Prezidentin Uzaq Şərq Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Yuri Trutnev də vəzifəsində saxlanılan şəxslər arasında yer alıblar.

Ondan başqa Xarici İşlər Nazirliyinə yenidən Sergey Lavrov, Maliyyə Nazirliyinə Anton Siluanov, İqtisadi İnkişaf Nazirliyinə isə Maksim Reşetnikov rəhbərlik edəcək. Eləcə də, Təbii Sərvətlər, Əmək, Təhsil və Elm və Ali Təhsil nazirliklərinə də müvafiq olaraq Aleksandr Kozlov, Anton Kotyakov, Sergey Kravtsov və Valeri Falkov rəhbərliklərini davam etdirəcəklər. Yeni kabinetdə Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə nazirliklərinin rəhbərləri də dəyişməyib - bu vəziflərə yenidən Vladimir Kolokoltsev, Aleksandr Kurenkov, Konstantin Çuyçenko təyinat alıblar. Mədəniyyət Nazirliyi Olqa Lyubimovaya, Səhiyyə Nazirliyi Mixail Muraşkoya, Tikinti Nazirliyi İrek Fayzullinə, Rəqəmsal İnkişaf Nazirliyi Maksut Şadayevə, Uzaq Şərqin İnkişaf Nazirliyi Aleksey Çekunkova tapşırılıb. Rusiya mediasının yaydığı məlumata görə, yeni kabinetin bir sıra üzvləri Prezident Putini yaxın günlərdə reallaşacaq Çin səfəri zamanı müşayiət edəcəklər.

P.İSMAYILOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
261
50
yeniazerbaycan.com

10Mənbələr