AZ

Analitik: "Gürcü Arzusu"nu ciddi sınaqlar gözləyir

Xüsusən Saakaşvili ilə bağlı məsələ Avropa İttifaqına üzvlük məsələsində "çəkic" rolunu oynaya bilər
 
 
 Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Bunu müxalifətçi deputat Yekaterina Xerxeulidze brifinqdə açıqlayıb. “Komissiyanın iclası saat 9:00-da başlayıb və düz 2 dəqiqə sonra başa çatıb. Bizim, yəni müxalifətçilərin çıxış imkanları məhdud idi. Parlamentin hüquq komissiyası iki dəqiqə ərzində sənədi imzaladı”, – deyə Xerxeulidze bildirib. Layihənin qəbul edilməsindən sonra əhali parlamentin qarşısına toplaşmağa başlayıb. Etirazlar daha da güclənib. Binanın qarşısına xüsusi təyinatlıların gətirildiyi qeyd olunur.
 Ekspertlər isə hesab edir ki, Gürcüstanda etirazlara səbəb olan “Xarici agentlər haqqında” qətnamənin qəbul edilməsi ilə demək olar ki, rusyönümlü hakim partiyası qalib gəldi. Qafqazda İrəvanı əldən verən Kreml bu dəfə Qərbə zərbəni Tbilisidə vurdu. Lakin bu son deyil. Regionumuz barıt çəlləyidir.

 Bu barədə “Sherg.az”a danışan siyasi şərhçi Azər Rəşidoğlu isə deyib ki, Gürcüstanda baş verənlərin həm daxili siyasi səbəbləri, həm də geopolitik savaş çaları mövcuddur: 
“İvanişvili iqtidarı Gürcüstanın Avrointeqrasiya xəttindən kənara çıxamağa başlayıb. İvanişvilinin Tbilisidə son mitinqdə  çıxışı bu siyasi xəttin əsas prioritetlərini göstərdi. Əgər dünənə qədər Cənubi Qafqazda böyük güclərin razılaşdırılmış balanslı mövqeyi var idisə, bu gün ayırıcı xətlər getdikcə nəzərə çarpır. Ukrayna savaşı, Qərb-Rusiya qarşıdurması Gürcüstanı çətin vəziyyətə salıb. MDB məkanında baş verməkdə olan böyük dəyişikliklər Cənubi Qafqazda ənənəvi tablonu dağıdır. Burada logistika savaşları ön sırada gəlir. Tbilisi üçün kompas rolunu Azərbaycan oynamağa başlayıb. Çünki böyük logistik layihələrin əsas keçid yeri Bakıdır. Bir çox məsələlər üzrə Tbilisinin iqtisadi taleyini bu layihələr həll edir. Bu layihələr isə Orta Dəhliz, "Şimal-Cənub", "Şərq-Qərb" istiqamətləri üzrə Asiyadan Avropaya böyük nəqliyyat imkanları açır. Gürcüstan bu layihələrdən kənarda qalmaq istəmir, eyni zamanda prosesin siyasi yox, iqtisadi tərəfdaşlıq kontekstində baş verməsini istəyir. "Gürcü Arzusu" iqtidarı bu baxımdan ehtiyat nümayiş etdirməyə başlayıb. Onlar Gürcüstanın Avropa İttifaqına "Ukraynasayağı" perspektivinə qorxulu yuxu kimi baxırlar. İvanişvilinin "Avropa Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmağa can atır"  bəyanatı bu baxımdan ciddi açıqlamadır. Gürcüstan bölgədə "boz məkan" olmaq istəmir. Avropa isə Tbilisidən strateji əməkdaşlıqdan imtina cəhdlərini qətiyyən qəbul etmir. Qərb 2008-ci ilin avqust müharibəsində əldə etdiyi siyasi "rıçaqlarını" indi bölgə üçün təyinedici faktora çevirmək istəyir”.

 A.Rəşidoğlunun sözlərinə görə, Qərb Tbilisiyə Avropaya inteqrasiya üçün lazım olan dəstəyi vəd edir, amma bunun üçün əvvəlcə siyasi qərarı elan etməyini tələb edir: 
“"Gürcü Arzusu" isə onun üçün fəlakətli ola biləcək belə dəyişikliyə həvəsli deyil. Amma Gürcüstanda güclü müxalifət  var və bu qüvvələr uzun illərdir ki, Avropanın ciddi maliyyə və siyasi dəstəyi ilə platformaya çevriliblər. Həbsdə olan sabiq prezident Saakaşvili də prosesin "motor"udur. Üstəlik, Gürcüstan prezidentinin də hakimiyyətə qarşı çıxması onların xeyrinə işləyir. "Xarici agentlər haqqında" qanun layihəsinin indiki həssas məqamda müzakirəyə çıxarılması bir qədər təəccüblü görünə bilər, amma qarşıdan seçkilər gəlir. Gürcü iqtidarı Qərbin bununla bağlı ölkədə malik olduğu etiraz resurslarını bilə-bilə buna getməklə, ola bilsin, prosesləri dalğalandırmaq istəyir. Bir sözlə, siyasi meydan qızışır, müxalifət hələ 5 ay sonra elan edəcəyi taktiki addımlarını indi açıqlamağa məcbur olur, qanun qəbul olunsa, müxalifətin aldığı milyonlarla dollar yardımın qarşısı kəsilir. Bu baxımdan Qərbin ciddi narahatlığı anlaşılandır. Bütün Avropanın kollektiv şəkildə "Xarici agentlər haqqında" qanunu pisləməsi onu göstərir ki, tərəflər "haqq-hesab gününə" hazırlaşırlar. Gürcüstanda qaynar prosesə start verilib. Fikrimcə, məsələ sanksiyalara qədər gedib çatmaz. Amma "Gürcü Arzusu" üçün ciddi sınaqlar gözlənilir. Xüsusən Saakaşvili ilə bağlı məsələ Avropa İttifaqına üzvlük məsələsində "çəkic" rolunu oynaya bilər. Həmçinin gürcü cəmiyyətində "Şengen vizası", Avropaya asan gediş-gəliş və azad biznes strukturları rəsmi Tbilisiyə təzyiqi təşkil etmək baxımından Qərbin əlində ciddi kozurlardır”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
35
sherg.az

10Mənbələr