AZ

Premyer-liqada amansız çempionluq mübarizəsi - “Arsenal” liderdi, hər şey MS-nin əlindədi, “Liverpul”a möcüzə lazımdı

Hazırda İngiltərə premyer-liqasında son illərin bəlkə də ən maraqlı çempionluq yarışı gedir.

“Football-plus.az” xəbər verir ki, mövsümün sonuna cəmi iki tur qalmış çempionluğa iddialı komandaların sayı üçdü. Bu yazıda onların hər birinin çempionluq şansını dəyərləndirəcəyik.

Əvvəlcə turnir cədvəlinə nəzər salaq:
1. Arsenal 36 26 5 5 88-28 83
2. Mançester S. 35 25 7 3 87-33 82
3. Liverpul 36 23 9 4 81-38 78

“Arsenal” “Siti”nin səhvlərini gözləməyə məcburdu
Londonlularun çempionluğa can atdığı ilk mövsüm deyil, ancaq məhz bu il onların titul şansı daha çoxdu. Mikel Artetanın çalışdırdığı komanda dekabrdan bəri faktiki büdrəmir – son 16 çempionat oyununda yalnız bir məğlubiyyət və bir heç-heçə var. Əlbəttə, belə kosmik nəticələr “Arsenal”ı 1-ci pilləyə çıxarıb. Turnir məsafəsinin sonuna cəmi iki addım qalır – “Mançester Yunayted” və “Everton”. Hər iki komandanın indi hansı formada olduğunu nəzərə alsaq, “Arsenal”ın bu oyunlarda 6 xal qazanması tam realdı. Ancaq bu da titul qazanmaq üçün bəs etməyə bilər. Axı “topçular”ın “Mançester Siti” adlı böyük problemi var. Pep Qvardiola premyer-liqada dekabrdan bəri uduzmur və “Arsenall”la müqayisədə ehtiyatda bir oyunu da var. Odu ki, Artetanın edə biləcəyi yalnız növbəti iki turda qələbə qazanmaq və “şəhərlilər”in büdrəməsini gözləməkdi. Onların iki heç-heçəsi və ya bir məğlubiyyəti işə yarayacaq.

MS yalnız özünə bel bağlayır
Açıq danışaq: çempionluq MS-nin əlindədi. Riyazi cəhətdən hər şey Qvardiolanın komandasından asılıdı – hazırda premyer-liqanın turnir cədvəlində liderdən 1 xal geri qalan “şəhərlilər”in ehtiyatda bir oyunu da var. Mümkün 9 (və ya hətta 7) növbəti çempionluğun qazanılması deməkdi.

Bu qədər xal qazanmaq realdımı? Tam! Rəqiblər “Fulhem”, “Tottenhem” və “Vest Hem”di. Bu oyunların üçündə də qələbə qazanmaq Qvardiolanın komandasının imkanı daxilindədi. Yalnız kiçik bir məqamı unutmamaq şərti ilə - “mahmızlar”la səfər oyunu “Siti” üçün böyük problemdi. “Şəhərlilər” 2020-ci ildən bəri səfərdə bu komandanın qapısına yol tapa bilmir. Və tezliklə yenidən ora yollanmalıdılar. Pep “Arsenal”ın rəqiblərindən asılı olmaq istəmirsə, uduzmamalıdı.

Liderlərin qalan oyunları
Arsenal
12 may. Mançester Yunayted (səfər)
19 may. Everton (ev)
Mançester Siti
11 may. Fulhem (səfər)
14 may. Tottenhem (səfər)
19 may. Vest Hem (ev)
Liverpul
13 may. Aston Villa (səfər)
19 may. Vulverhempton (ev)

“Liverpul”a yalnız möcüzə kömək edə bilər
Yürgen Kloppun komandası son turda evdə “Tottenhem” üzərində qələbə qazanmaqla özünü çempionluq yarışında saxladı, ancaq yalnız riyazi cəhətdən. “Liverpul” hazırda liderdən 5 xal geri qalır. Hesablamaq çətin deyil ki, “Arsenal” qalan iki oyunda uduzmalı, “Siti” birdən artıq qələbə qazanmamalıdı. Belədə “qırmızılar” qalan iki oyundan qələbə ilə ayrılmaqla titula yiyələnə bilər. Bu planın yerinə yetirilməsi ən asan olan hissəsi “Liverpul”un üzərinə düşəndi. Yəni Kloppun komandası “Aston Villa” ilə “Vulverhempton”u məğlub edə bilər. Ancaq “Arsenal”ın qalan oyunlarda uduzacağına ümid etməyə dəyməz. Eyni ifadəni “Siti” haqda da işlətmək olar. Qvardiolanın komandasının “Fulhem”, “Vest Hem” və “Tottenhem”lə oyunlarda 6-dan az xal toplayacağını təsəvvür etmək çətindi. Əlbəttə, futbol adlanan oyunda heç nəyi istisna etmək olmaz, “Enfild” də sona qədər uğura inanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
19
football-plus.az

10Mənbələr