AZ

“Milli kimlik bütün dəyərlərdən, hətta dini kimlikdən öndə gəlir”

“Əliyev idarəetməsi əsasında formalaşan dövlət kimliyi çağımızın əsas ideyası olmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Kamal Cəfərli Milli Məclisin iclasında deyib. 

Deputatın sözlərinə görə, şübhəsiz ki, bu gün xalq olaraq əldə etdiyimiz zəfər və uğurların təməlində Heydər Əliyev siyasəti dayanır: “Onun müəllifi olduğu Azərbaycançılıq ideologiyası isə bizim milli kimliyimizdir. Millət olaraq qarşılaşdığımız ən böyük sınaq göstərdi ki, milli kimlik bütün dəyərlərdən, hətta dini kimlikdən öndə gəlir və bu, ən uğurlu modeldir. 

Bu gün biz məhz Əliyev idarəetməsi nəticəsində ərazi bütövlüyümüzü bərpa etmişik, suverenliyimizi təmin etmişik. Böyük və qüdrətli Azərbaycana doğru əmin addımlarla irəliləmək üçün məhz bu idarəetmənin əsasında dövlət kimlimiyimizi bəyan etməli və bütün qüvvələri bu kimlik ətrafında birləşdirməliyik.
Bu dövlət kimliyi inkluzivdir, gələcək inkişaf üçün ictimai və siyasi plülarizmi təşviq edir. Ona görə ki, Əliyev idarəçilik ideyası dövlət kimliyinin təməli kimi siyasi və hüquqi konstruksiyadan irəli bir anlayışdır.

Misal üçün, bu dövlət kimliyimiz AXC irsinin gördüyü böyük işlərə yüksək qiymət verir, ancaq eyni zamanda İrəvan xanlığının ermənilərə hədiyyə verilməsini cinayət kimi qiymətləndirir. Bu fikirlərin arxasındakı hədəf heç vaxt diskriminasiya deyil, əksinə tarixdən düzgün nəticə çıxarmaq və gələcək nəsilləri tərbiyə etməkdir. Bu dövlət kimliyi AXC-Müsavat cütlüyünə də öz qiymətini verərkən məqsədi gənc nəslə xatırlatmaqdır ki, məsuliyyətsizlik, hakimiyyət uğrunda hər yola getmə, xəyanət işğala, hərc-mərcliyə səbəb olub ki, biz xalq olaraq uzun illər bunun əziyyətini çəkmişik”.   

Kamal Cəfərli bildirib ki, Əliyev idarəetməsi əsasında qurulan dövlət kimliyi gələcək rifahımızın yol xəritəsidir: “Bunu aktual bir nümunə ilə bir daha izah edə bilərəm. Müxtəlif siyasi qüvvələrin QHT-lərə qrantların verilməsi qaydaları ilə bağlı müxtəlif fikirləri tamamilə təbiidir. Ancaq burada mühüm olan niyyətdir. Əgər siyasi qüvvənin məqsədi dövlət-cəmiyyət münasibətlərinin inkişafıdırsa, bunu təşviq etmək tam təbiidir. Ancaq əgər həmin siyasi qüvvələrin niyyəti konstitusion quruluşa zərər vurmaq və ya regionda yeni geosiyasi xətlər çəkmək istəyən qüvvələrə yeni təsir imkanları yaratmaqdırsa, bu, yolverilməzdir. Bu məqamda siyasi mənsubiyyətindən asılı olmayaraq bütün qüvvələr dövlət maraqlarını müdafiə etməlidir.
 
Hədəfimiz daha qüdrətli və böyük Azərbaycandır. Qalib xalqın bütün təsisatları bu ideya ətrafında dəmir yumruq kimi birləşməlidir. Ölkəmizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün təşəbbüsləri də məhz ideyaya xidmət edir. Ona görə də hər birimiz fərd olaraq, özümüzə sual etməliyik: qüdrətli və böyük Azərbaycan üçün dünən nə etmişik, bu gün nə edirik və sabah nə edəcəyik?

Çıxdığımız bu yolda, bəyan etdiyimiz dövlət kimliyi hər birimizi birləşdirən əsas dəyər və çağımızın ideyası olmalıdır”. 

Zaur Mirzə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
Mənbələr
Şərh ()
Bağla