AZ

Almatı görüşündə hansı razılıq əldə OLUNACAQ? - DETALLAR MƏLUM OLDU

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanın Almatı şəhərində gözlənilən görüşünün tarixi açıqlanıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə məlumat yayıb. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq.


Amma, hələlik, görüşün dəqiq gündəliyi açıqlanmır. Bir müddət öncə Azərbaycan və Ermənistan rəsmiləri belə bir görüşün keçirilməsinə razılıq verildiyini bildirmiş, lakin onun tarixinin, hələlik, bəlli olmadığı vurğulanmışdı. Son illər Azərbaycan və Ermənistan arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Üstəlik, ötən ildən başlayaraq iki ölkə arasında birbaşa danışıqlar da gerçəkləşib. Hazırda iki ölkə arasında sərhədlər müəyyənləşdirilməkdədir.


Bəs, Qazaxıstanda keçirələcək görüşün əsas gündəliyi nə olacaq və mümkün sülh sazişi ilə bağlı real addımlar atılacaqmı?


Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Arzu Nağıyev Referans.az-a bildirib ki, Qazaxıstan prezidentinin Azərbaycana, həm də Ermənistana səfəri vaxtı məhz xarici işlər nazirlərinin danışıqlarının və sülh müqaviləsinin hazırlanmasının Almatıda keçirilməsi ilə bağlı razılıq əldə edilib:


“Eyni zamanda bu rəmzi bir xarakter daşıyır, belə ki, 1991-ci ilin dekabrında MDB ölkələrinin müstəqilliyinin də əsaslarını qoyan və dövlətlərarası sərhədlərin müəyyən edilməsi prinsiplərini təsdiq edən tarixi Alma-Ata Bəyannaməsinin imzalandığı Almatıda baş tutmuşdu. Bu görüşün nəticəsi tək iki dövlət arasında deyil, Azərbaycan-Ermənistan sazişlərinin praktiki icrasına xidmət edəcək və Cənubi Qafqazda güclü və uzunmüddətli sülhün tezliklə bərqərar olmasına da ciddi töhfə verəcəkdir. Təbii ki, xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi artıq sülh müqaviləsinin imzalanmasına gedən bir yoldur. Ən mühüm hadisə də təbii ki, vasitəçi olmadan danışıqların aparılmasıdır”.


Deputat qeyd edib ki, bu proseslər davam etdikdən sonra artıq sülh müqaviləsinin imzalanması harada baş verməsindən asılı olmayaraq əldə edilən ən ciddi nəticədir. Onun sözlərinə görə, Qərb heç bir əlaqəsi olmayan regionda geostrateji mübarizəyə başlayıb - Cənubi Qafqazda ABŞ və Aİ Ermənistana hər cür yardım vəd edir, Paşinyan isə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır:


“Buna görə də Rusiya sazişin imzalanmasının əleyhinə deyil, Qərb isə əsasən də Fransa bunun əleyhdarı ola bilər. Lakin ciddi bir təsir mexanizmi olmayan Fransa sadəcə olaraq öz məkrli siyasətini sazişdən sonraya saxlaya bilər. Bir məsələni də qeyd edək ki, Aİ və ABŞ Ermənistana dəstək elan ediblər. Onlaırn verdiyi bəyanatın təhlili göstərir ki, bu dəstək təkcə Bakı ilə rəqabətdə İrəvana deyil, həm də ölkə daxilində güclü müqavimətlə üzləşən Paşinyana verilir, bir sözlə onun hakimiyyətdə qalması üçün adıımlar atılacaq. Hazırda Paşinyan İrəvanın Moskvadan asılılığını azaltmağa çalışır. Məlumdur ki, Ermənistana Qərbdən siyasi və iqtisadi dəstək də Rusiyanın regionda təsirinin zəifləməsi ilə bağlıdır.


Əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır və bunu hər iki tərəf istəyir, Azərbaycan tərəfi olaraq bizim xarici və daxili siyasətimiz müstəqil və dönməzdir


Aqil Qarayev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
31
Mənbələr
Şərh ()
Bağla