AZ

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Gənc

Bakı, 6 may, Təhminə Verdiyeva, AZƏRTAC

Onun emalatxanasına daxil olarkən ilk növbədə diqqəti Vətən torpağının azadlığı uğrunda canını fəda edən cəsur döyüşçünün büstü cəlb edir. Vətən müharibəsi şəhidi Nuran Akif oğlu Mirzəyevin büstü rəssamın tişəsində olduqca canlı və əzəmətli alınıb. Son nəfəsinə qədər döyüşən və ölümündən sonra “Vətən Uğrunda”, “Hərbi Xidmətdə fərqləndiyinə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilən qəhrəman sanki yenidən həyata qayıdıb.

Büstün müəllifi, gənc heykəltaraş Zaur Qəhrəmanov öz qəhrəmanı haqqında kövrək notlarla söhbət açdı: “Nuranla bir neçə dəfə görüşmüşdüm. Ailəsini də yaxından tanıyıram. Haqq savaşında keçdiyi döyüş yolunu da öyrənmiş, müharibənin ilk günündən son döyüşədək göstərdiyi fədakarlıq nümunələrini də araşdırmışam. Ona görə də igid döyüşçünün büstünü hazırlamaq və tişənin gücü ilə onun obrazını yaratmağa çalışmışam. Şəhidlər xalqımızın qürur mənbəyimizdir, onları yaşatmaq, daim xatırlamaq mənəvi borcumuzdur. Mən də bu yolda öz töhfəmi verdim”.

Həmsöhbətim Zaur Qəhrəmanov hələ uşaqlıqdan onu özünə çəkən sənətin incəliklərini öyrənmək və ona dərindən bələd olmaq arzusunda olub. O, yaratdığı müxtəlif əsərlər vasitəsilə özünün daxili duyğularını da ifadə etməyə çalışıb. Heykəltaraş AZƏRTAC-ın müxbirinə sənətə gəlişi barədə söhbət açıb.

-1994-cu il dekabrın 18-də Tovuz rayonunun Aşağı Mülkülü kəndində anadan olmuşam. 2001-2012-ci illərdə Gəncə şəhər 2 nömrəli orta məktəbdə oxumuşam. 2003-2010-cu illərdə, 1 nömrəli İncəsənət məktəbində piano üzrə təhsil almışam. 2012-2016-cı illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin “Elektrik mühəndisliyi” ixtisasını bitirmişəm. 2017-2018-ci illərdə Dövlət Sərhəd Xidmətində Vətənə qulluq etmişəm. Hərbi xidməti başa vurduqdan sonra şirkətlərin birində audit olaraq işə başlamışam. Lakin uşaqlıqdan məni özünə çəkən heykəltaraşlıqdan bir an da olsun uzaqlaşa bilmədim. Ürəyimin səsinə qulaq asıb ikinci ali təhsil almağa qərar verdim və bu istəklə də sənədlərimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına (ADRA) verdim. 2020-ci ildə akademiyanın heykəltaraşlıq fakültəsinə qəbul olduqdan sonra həyatımı bütövlükdə bu sənətə bağladım. Taleh elə gətirdi ki, bu sənətin sirlərini, ADRA-nın rektoru, Xalq rəssamı, professor Natiq Əliyevdən öyrənməli oldum. Hazırda diplom rəhbərim olan hörmətli müəllimimə, qazandığım uğurlara görə xüsusi təşəkkürümü bildirməyi özümə borc bilirəm.

- Ümumiyyətlə, heykəltaraşlığa maraq sizdə necə yaranıb?

- Heykəltaraşlığa marağım dediyim kimi uşaq yaşlarından başlayıb. 2002-2003-cü illərdə məktəbdə təhsil aldığım müddətdə əmək dərsi keçirdik. Plastilinlə elə o zamanlarda işləməyə başlamışam. Plastilindən müxtəlif insan və heyvan fiqurları, çeşidli formalarda maraqlı işlər hazırlayırdım. Fiqurlarım sinif yoldaşlarımın, müəllimlərimin hazırladıqlarından tamamilə seçilirdi. Hər kəs bunun fərqində idi. Bundan başqa, taxta materiallarından da istifadə edirdim. Həmçinin çəkdiyim rəsmlər də xüsusilə seçilirdi. Zaman keçdikcə hiss edirdim ki, heykəltaraşlıq sahəsinə marağım daha da çoxalır. Görünür bu mənə babamdan keçib. Babam musiqini çox sevir, onunla məşğul olur. Pianoda ifa etməyimə, musiqi təhsilimin olmasına, müxtəlif maraqlı rəsm əsərləri çəkməyimə baxmayaraq heç bir incəsənət növü məni heykəltaraşlıq kimi özünə çəkə bilmədi, mənə ondan aldığım zövqü vermədi. Özümü bu sənətdə tapdım.

- Hansı heykəltaraşlıq nümunəsini yaradanda daha çox çətinlik çəkmisiniz?

- Bu sənət insana ömrünü sərf etməyi tələb edir. Burada həvəs önəmlidir, amma daha vacibi çox çalışmaqdır. Heykəltaraşlıqda bir çox mərhələlər olur. Demək olar ki, bütün heykəltəraşların ən çox əziyyət çəkdiyi iş portretlə büst işləməkdir. Əvvəllər bu, mənə olduqca çətin gəlirdi. Əziyyətə qatlaşaraq bunun bütün sirlərinə yiyələndim və nəticədə istəyimə nail oldum.

Müxtəlif müsabiqələrdə, yarışlarda qalib gəlmişəm. Hər hansı bir əsərimi tam hazırlayıb müsabiqəyə təhvil verəndə tərəddüd edirəm. Çünki əsər mərhələlərdən keçdikcə müxtəlif duyğular yaranır, hansı ki, doğmalaşdığın əsəri öz emalatxananda və rəfində saxlamaq istəyirsən. Sonra düşünürsən ki, bu sənin uğurundur. Məhz sənin ərsəyə gətirdiyin o heykəltaraşlıq nümunəsi digərlərindən seçilib və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Heykəltaraşlıq, ümumiyyətlə, çox ağır sənətdir. Hazırda ölkəmizdə istedadlı heykəltaraşlar yetişməkdədir. Bu sənəti davam etdirmək çox gözəldir.

- Sənətlə bağlı ən böyük arzunuz nədir?

- Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır. Çalışıram ki, beynəlxalq sərgilərdə, müsabiqələrdə ölkəmizi layiqincə təmsil edim. Bu yaxınlarda Gürcüstanda keçirilən beynəlxalq sərgidə ölkəmizi təmsil etdim. Həmçinin Londonda müasir incəsənətlə bağlı sərgidə “Human” adlı əsərim seçildi. Bu əsərdə əsas məna insan bədəninin daha dolğun formalarla ifadəsidir. Buradakı formalar - əllər, ayaqlar və s. insan bədənini tam şəkildə göstərir. Sanki insan özünü axtarır, buradakı formalar axtarış xüsusiyyəti daşıyır.

2021-ci il ölkə üzrə keçirilən “Sönməz günəşin dəryası” adlı müsabiqədə heykəltaraşlıq nominasiyası üzrə ikinci yerə layiq görüldüm. Elə həmin il MDB ölkələri arasında keçirilən “Məndə sığar iki cahan...” adlı müsabiqədə instalyasiya nominasiyası üzrə birinci oldum. 2022-2023-cü illərdə YARAT-ın elan etdiyi birinci Müasir İncəsənət Məktəbinə müraciət etdim və dəvət aldım. Birillik təhsilin sonunda İçərişəhərdə keçirilən yekun buraxılış sərgisində “Seçim” adlı əsərimlə iştirak etdim. 2022-ci ilin mayında, ölkə üzrə keçirilən “Qarabağın incisi-Şuşa” adlı İkinci Ümumrespublika müsabiqəsində tətbiqi sənət nominasiyası üzrə birinci yeri tutdum. 2023-cü il oktyabrında Tbilisi şəhərində keçirilən “Şəhər təəssüratı” adlı beynəlxalq müsabiqədə heykəltaraşlıq üzrə ikinci yerə layiq görüldüm. 2023-cü ilin oktyabrında Qarabağ Dirçəliş Fondunun elan etdiyi “Qarabağın rəngləri” adlı ölkə əhəmiyyətli müsabiqədə “Ümid körpüsü” adlı əsərim heykəltaraşlıq nominasiyası üzrə fərqlənən əsərlərdən oldu. Seçilmiş əsər yaxın günlərdə hərraca çıxarılacaq və əldə olunmuş vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
50
Mənbələr
Şərh ()
Bağla