AZ

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem” üzərində inamlı qələbə qazanıb

İngiltərə Premyer Liqasının 36-cı turu çərçivəsində “Liverpul” “Tottenhem”i qəbul edib.

“Report” xəbər verir ki, hakim Pol Tirninin idarə etdiyi matç “Enfild” stadionunda baş tutub.

Oyuna, gözlənildiyi kimi, “qırmızılar” fəal başlayıb. Artıq 16-cı Məhəmməd Salah topu başla tora göndərib. Ona məhsuldar ötürməni niderlandlı Kodi Qakpo edib. Yarım saat sonra ev sahiblərinin cinah müdafiəçisi Endrü Robertson fərqi artırıb.

İkinci hissənin ilk 15 dəqiqəsində Yürgen Kloppun yetirmələri daha iki qol vura biliblər. 50-ci dəqiqədə Kodi Qakpo Harvi Elliotun ötürməsini qola çevirib. Cəmi 9 dəqiqə sonra Harvi Elliot “Liverpul”un dördüncü qolunu vurub.

Bununla belə, matçın son 20 dəqiqəsində “mahmızlar” oyunda geridönüş etməyə cəhd ediblər. Oyunun 73-cü dəqiqəsində Rişarlison, 77-ci dəqiqədə isə koreyalı Son Hın Min fərqlənsə də, Angelos Postekoqlunun yetirmələrinin bundan artığına gücü çatmayıb. Beləliklə, matç Mersisayd təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb – 4:2.

Qeyd edək ki, 36 oyundan sonra “Liverpul”un nəzəri də olsa, çempionluq şansı qalır. Komandanın 78 xalı var və hazırkı çempion “Mançester Siti”dən (ehtiyatında bir oyun var) dörd, cari turnir cədvəlinin lideri “Arsenal”dan isə beş xal geri qalır. Bununla belə, “qırmızılar” üçüncü pillədəki yerlərini sığortalayıblar. Mersisayd təmsilçisinin ən yaxın təqibçisi “Aston Villa”dır (67 xal).

“Tottenhem” isə 35 oyuna 60 xal qazana bilib. Beşinci pillədə qərarlaşan “mahmızlar”ı 36 oyun keçirmiş “Aston Villa”dan yeddi xal ayırır. “Ağlar” ardıcıl dörd oyundur ki, yenilirlər.

Xatırladaq ki, mövsümün birinci yarısında “Tottenhem” hakimin şübhəli qərarlar verdiyi oyunda “Liverpul”u məğlub etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
17
Mənbələr
Şərh ()
Bağla