AZ

AŞPA və Avroparlament Fransa müstəmləkəçiliyinə niyə susur?- Bakıdan rəsmi sual...

Image

Bəhruz Quliyev: “Azərbaycan tərəfindən Paris ifşa olunduqdan sonra Fransa daha çirkli oyunlara başlayıb”

“Yeni müstəmləkə tendensiyaları yenə də davam edir”. Bunu Prezident İlham Əliyev Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

Ölkə başçısı bildirib ki, AŞPA və Avroparlament Fransa müstəmləkəçiliyinə susur: “Biz belə bir məsələyə imkan verə bilmərik ki, indi - XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Təbii ki, biz öz səsimizi ucaltdıqda, Hərəkatda sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, biz hansısa ölkələrə qarşı idik. Biz, sadəcə, ədalətə, beynəlxalq hüquqa bağlı idik. Bu, yaddan çıxmalı deyil. Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır. Bu səbəbdən Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir. Onda siz nəyə görə tənqid etmirsiniz? Nəyə görə siz sanksiyalar tətbiq etmirsiniz? Nəyə görə susursunuz?”.

“Qərb özünü dünyada demokratiya mücəssəməsi kimi göstərməyə çalışır, amma əməlində biz bunu görmürük” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, Qərb nədənsə öz əməllərinin araşdırılmasına dözümsüzlük nümayiş etdirir: “Dünyada, xüsusən də Avropanın bəzi ölkələrində müstəmləkəçilik, kolonializm siyasəti hələ də var və bu tendensiya yeni formada inkişaf etdirilir. Qərb özünü dünyada demokratiya mücəssəməsi kimi göstərməyə çalışır, amma əməlində biz bunu görmürük. Başqa ölkələrin daxili işlərinə qarışaraq müfəttişlik edir, əlində alətə çevirdiyi bəzi beynəlxalq təşkilatlar vasitəsilə həmin ölkələri tərtib etdiyi saxta, heç bir fakta əsaslanmayan siyahı ilə təhdid altında saxlayır. Nədənsə öz əməllərinin araşdırılmasına dözümsüzlük nümayiş etdirir. Prezident İlham Əliyev də VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda məhz bu kimi hallara toxunaraq dünya birliyinə müstəmləkəçiliyə qarşı mübarizənin yollarını göstərdi. Azərbaycan Prezidenti çıxışında dəqiq ünvanlar da göstərdi və ölkəmizin müstəmləkəçilik siyasətinə qarşı verdiyi reaksiyada qərəzin olmadığını, bütün bunların reallıq olduğunu söylədi. Məsələ burasındadır ki, başqa ölkələrdə insan haqlarının pozulduğuna dair hesabatlar hazırlayan Avropa institutları nədənsə neokolonializmi mərəzinə tutulmuş Fransa kimi insanlıq əlehinə vandalizm, soyqırımı törətmiş və bu gün də müstəmləkə altında saxladığı ölkələrdə milli və dini ayrıseçkilik siyasəti yürüdən bir ölkəyə qarşı heç bir tədbir görmür”.

Politoloq onu da qeyd etdi ki, bu gün Fransa müxtəlif yollarla Cənubi Qafqaza can atır: “Burada yerləşmək, yeni kolonial torpaqlar ələ keçirmək üçün yollar axtarır. Amma Azərbaycan tərəfindən ifşa olunduqdan sonra Fransa daha çirkli oyunlara başlayıb. Ermənistan üzərindən yeni siyasət aparmaq istəyir. Bu ölkəni silahlandırır, iki ölkə arasında şərti sərhədə mülki müşahidəçilər göndədir. Son günlər Ermənistanla Azərbaycan sərhədində başlanmış delimitasiya, demarkasiya işlərini əngəlləmək üçün casus şəbəkəsini işə salır. Bir az əvvələ, “atəşkəs dövrü”nə qayıtsaq Fransanın münaqişənin həll olunmaması üçün nələr etdiyinin şahidi olarıq. Azərbaycan xalqı ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu yarananda dünyanın nəhəng və BMT Təhlükəsizlik Şurasının üzvü olan ABŞ, Fransa və Rusiya kimi ölkələrin tezliklə Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoyacaqlarını və ədalətin bərpa olunacağını düşünürkən, məhz Qərbin səyi nəticəsində bütün ümidlər boşa çıxdı. İşğal düz 26 il sürdü. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməsi həmsədr ölkələri Bakıya qarşı daha da aqressivləşdirdi. Fransanın Azərbaycana qarşı yürütdüyü çirkli siyasətin əsas səbəbi həm də budur. Bəli, cənab Prezidentin də dediyi kimi, dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır və buna son qoyulmalıdır. Avropa təsisatlarının - Avropa Parlamenti və AŞPA-nın bununla bağlı səsini çıxarmaması müstəmləkə tendensiyalarının yeni dalğasına rəvac verir. Cəzasızlıq isə Fransa kimi ölkələri bir daha həvəsləndirir”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
45
Mənbələr
Şərh ()
Bağla