AZ

Beyin mərkəzləri nümayəndələri Laçında: “Bu, Azərbaycanın mövqeyinin möhkəmlənməsinə öz töhfəsini verəcək”

“COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək mümkündür. Ermənistan razı olarsa, belə bir razılığın əldə olması realdır. Qazaxda sərhədlərin delimitasiya prosesi və bunun nəticəsində Azərbaycanın 4 kəndinin geri qyatarılması onu göstərdi ki, indiyədək sülh sazişinin imzalanması üçün belə münbit zəmin olmayıb”.

Bunu Yenicag.az açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda dünyanın beyin mərkəzlərinin nümayəndələri ilə görüşündə də Ermənistanla sülh sazişi ilə bağlı Bakının şərtlərini növbəti dəfə beynəlxalq aləmin diqqətinə çatdırdı.

“Cənab Prezident bəyan etdi ki, Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Azərbaycan artıq tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdiyindən regionda düşmənçiliyə son qoymağın zamanı yetişib. Bunun üçün Ermənistan tərəfi iradə nümayiş etdirərsə, hesab edirəm ki, tez bir zamanda sülh sazişi imzalana bilər”, – o qeyd edib.

Deputat əlavə edib ki, toplantıda dövlət başçısı bölgədə sülhə təhdid yaradan güclərə də öz ciddi mesajını ünvanladı.

“Prezident Fransa, Hindistan, Yunanıstanı bölgədə sülhə əngəl yaratmaq məqsədi ilə Ermənistanı silahlandırmasına da öz sərt reaksiyasını ortaya qoyaraq, bəyan etdi ki, Azərbaycan buna biganə qalmayacaq. Lazım gələrsə, öz sərt reaksiyasını verəcək”, – o bildirib.

Deputat hesab edir ki, COP29, ümumiyyətlə, Cənubi Qafqazda sülhün əldə edilib sıx əməkdaşlıq formatının yaranmasına öz töhfəsini verəcək:

“Əgər bölgədə sülh əldə edilməzsə, o zaman qlobal iqlim dəyişikliyinə qarşı elə də ciddi effekt verməyəcək. Sülh olarsa, region ölkələri arasında sıx əməkdaşlıq formatı yaranar ki, bu da iqlim dəyişikliyinə qarşı birgə mübarizə və bu çərçivədə birgə layihələrin icrasına geniş imkanlar yaradar. O baxımdan Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun iştirakçıları da bölgədə sülhün əldə edilməsinə öz töhfəsini verə bilər.

Forumun ikinci ən mühüm cəhəti ondan ibarətdir ki, belə bir mötəbər tədbirin davamı işğaldan azad edilən və tamamilə yenidən qurulan Laçında keçirilməsi çox böyük beynəlxalq əhəmiyyət malikdir.

Birincisi ona görə ki, biz bununla iştirakçılarının diqqətini erməni işğalının nəticələrinin ətraf mühitə təsiri, o cümlədən çox ciddi mina problemi və bunun fəsadlarının aradan qaldırılması üçün beynəlxalq hüquq alətlərinə yönəltməyə imkan verəcək.

İkincisi, Azərbaycanın dağıdıcı deyil, qurucu dövlət olduğuna şahidlik edəcəklər.

Üçüncüsü, qısa zamanda Laçının yenidən müasir şəhərsalma qaydalarına uyğun şəkildə salınmasına şahidlik edəcəklər.

Dördüncüsü, Azərbaycanın heç bir ölkənin və beynəlxalq maliyyə institutlarının dəstəyi olmadan işğaldan azad edilmiş bölgələri bərpa etməsinə, həmçinin dövlətimizin gücü və qüdrətinə şahidlik edəcəklər. Beşincisi, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi durumu və “yaşıl enerji” sahəsindəki potensialı ilə yerində tanış olacaqlar”.

Deputat onu da əlavə edib ki, ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum nəticədə bölgədə dayanıqlı sülhün, qarşılıqlı etimad mühitinin yaranmasına, eyni zamanda, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.

Rafi Müslümov

Seçilən
17
50
Mənbələr
Şərh ()
Bağla