AZ

Sülh yaxınlaşır? 

COP29-a qədər razılaşmanın əldə olunması realdır...

Azərbaycan Cənubi Qafqazda sülhü və təhlükəsizliyi bərpa etmək istiqamətində mühüm addımlar atmaqdadır. 2023-cü il antiterror tədbirlərinin ardından yaranan yeni situasiya münasibətlərin normallaşması üçün münbit zəmin foormalaşdırıb. Təsadüfi deyil ki, ötən ilin dekabrında iki ölkənin müvafiq strukturlarının birgə bəyanatı, delimitasiya və demarkasiya komissiyaları arasında keçirilən çoxsaylı görüşlər, nəhayət, bu ilin aprelin 19-da 4 kəndin azad edilməsi ilə bağlı razılığın əldə edilməsi sülhü daha da yaxınlaşdırır. Bu, Azərbaycanın apardığı uğurlu siyasətin təntənəsidir. Halbuki, ötən əsrin son onilliyində və XXI əsrin ilk iyirmi ilində Ermənistan nəinki sülh və ya mövqelərin yaxınlaşdırılması ilə bağlı hər hansı fikrə malik idi, əksinə baza prinsipləri üzrə müsbət qığılcım belə hiss olunmurdu. Bir neçə istiqamətdə aparılan bitməyən danışıqlar prosesi, “münaqişə”nin həllində “vasitəçi” olduğunu iddia edən ATƏT-in Minsk Qrupunun səmərəsiz fəaliyyəti mövcud status-kvonun qorunmasından uzağa gedə bilmirdi. Amma 2020-ci ildən bu yana regionda cərəyan edən proseslər, Azərbaycanın öz iradəsi və gücü ilə ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi prosesə yeni mənzərə qazandırıb. Artıq nəinki baza prinsipləri üzrə, göründüyü kimi qeyri-anklav kəndlərlə bağlı ikitərəli razılaşmalar belə ortaya çıxır. Bu isə sülhün yaxında olmasına ümid formalaşdırır. Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib ki, biz məsələnin (sülh sazişinin imzalanmasına - red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik. Həmin vaxt hətta “Madrid Prinsipləri” üzrə razılığa gəlinmədiyini xatırladan dövlətimizin başçısı bildirib ki, o zaman sülh sazişinin layihəsi belə yox idi. İndi isə o, artıq mövcuddur. “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır”, - deyə dövlətimizin başçısı əlavə edib.

Eksklavlar delimitasiya prosesində həll olunmalıdır...

Dövlət başçısı sözügedən tədbirdə bir sıra maraqlı məqamlara diqqət çəkib. Aprelin 19-da müvafiq delimitasiya və demarkasiya komissiyalarının görüşünün ardından gəlinən razılığa toxunaraq qeyd edib ki, İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq: “Eksklavlar məsələsi başqadır, çünki o, daha mürəkkəbdir. Həmin eksklavlar digər ölkənin əhatəsində olan ərazidə yerləşir. Ona görə onlar delimitasiya prosesində həll olunmalıdır”.

Bəli, Azərbaycan dövləti istər müharibədən qabaq, istərsə də də post-müharibə dövründə hər zaman bir ana qırmızı xətti tezis olaraq ortaya qoyub - ərazi bütövlüyümüz tam bərpa edilməlidir, bir qarış torpağımız belə işğal altında qalmamalıdır. Bu mənada, Qazaxın sözügedən kəndlərinin bir güllə belə atılmadan azad edilməsi ölkəmizin müəyyənləşdirdiyi prioritetlərə çatmasının növbəti nümunəsidir. Müharibədən 4 il sonra bu prosesin uğurla və diplopatik yolla həll edilməsi bir daha onu göstərir ki, dövlətimizin başçısı verdiyi sözə, əmələ hər zaman cavabdehdir - bir kəndimizin belə düşmən işğalında qalmayacağını deyərkən, Prezident İlham Əliyev bütövlükdə, hədəflənən və həll edilən məsələlərə əminliyini ifadə edir. Sadəcə olaraq, bunun üçün səbr və zaman gərəkir...

Ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Azərbaycanın Cənubi Qafqaz üçün müəyyənləşdirdiyi mühüm gələcək potensial həm də çoxşaxəliliyi ilə seçilir - burada ənənəvi iqtisadi imkanlar, tranzit - logistika seqmenti, daşımaçılıqla yanaşı, yeni qlobal çağırışlar da yer almaqdadır. Məsələn, bu ilin sonunda Bakıda baş tutacaq COP29 Azərbaycanla yanaşı, ümumən bölgənin “yaşıl” inkişafında yeni bir mərhələ sayılır. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarın yekdilliklə dəstəklənməsi isə mühüm əhəmiyyət daşıyır - Azərbaycana növbəti dəfə inanılıb və  hörmət göstərilib. Bu, son dərəcə böyük etimaddır. Dünya birliyinin respublikamıza bu böyük etimadı göstərməsi isə heç də təsadüfi deyil. Bu, bir tərəfdən Azərbaycanın apardığı siyasət, digər tərəfdən isə ölkəmizin müsbət reallıqları ilə bağlıdır. Xüsusi vurğulanmalıdır ki, hətta Ermənistan da COP29-a Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı razılığını bildirmişdi. Dekabr ayında iki dövlətin müvafiq strukturlarının birgə bəyanatında bu məqam vurğulanırdı. 

Bu ilin payızında baş tutacaq COP29 bölgə üçün xüsusi özəlliyi ilə də seçilə bilər - məsələn, o zaman qədər iki dövlət arasında əldə olunacaq sülh “yaşıl dünya” imk?nlarını və çağırışlarını daha da irəliyə daşımaq üçün perspektiv formalaşdırır. Bunun üçün imkanlar da mövcuddur. Azərbaycan Prezidenti 

İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib ki, COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Dövlətimizin başçısı əlavə edib ki, baza prinsipləri üzərində razılığa gəlmək, həmçinin variant hesab olunur, sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar. “Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki tərəf, sadəcə” ürəkdən çalışmalıdır”, - deyə Prezident diqqətə çatdırıb.

Müddəanı aradan çıxarmaq istəyirlər...

2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan qələbə ərazi bütövlüyümüzün təmin olunması ilə yanaşı, regionda yeni siyasi-iqtisadi reallıqlar yaratdı. Belə ki, Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın qəti qələbəsini təsdiqləyən sənəd kimi tarixə düşdü. Bununla yanaşı, Bəyanatın 9-cu bəndi və 2021-ci ilin yanvarın 11-də Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradıb. Keçirilən bütün üçtərəfli görüşlərdə də müzakirə predmetlərindən biri elə məhz kommunikasiyaların, ən əsası da Zəngəzur dəhlizinin açılması məsələsidir. Təəssüfləndirici haldır ki, illərdir bu məsələnin reallaşmasını gecikdirən Ermənistan ümumi prosesə kölgə salmaq niyyətini güdür. Artıq məlum olur ki, Ermənistan bu məsələni aradan çıxarmağa çalışır - amma Azərbaycan buna imkan verməyəcək. 

Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı vurğulayıb ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur: “Bəli, “Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın Şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsi olmalıdır və Rusiyanın sərhəd qüvvələri nəzarəti təmin etməlidir. Bu, Prezident Putin, Baş nazir Paşinyan və mənim tərəfimdən imzalanmışdır. İndi isə üç ildən çoxdur ki, Ermənistan bu müddəanı, əslində, pozur”.

Dövlət başçısı bildirib ki, indi isə onlar, belə demək olarsa, həmin müddəanı aradan çıxarmaq istəyirlər. “Lakin, bu, mümkün deyil. Onlar Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır. Bu cür münasibət, təbii ki, çox məyus edicidir”, - deyə Prezident İlham Əliyev bildirib.

S.İSMAYILZADƏ 

Seçilən
62
50
Mənbələr
Şərh ()
Bağla