AZ

Kseniya Sobçakın qatil nazirin məhkəməsində iştirakı qalmaqal doğurub

Rusiyalı jurnalist Kseniya Sobçak nikahsız arvadı Saltanat Nukenovanı öldürməkdə təqsirləndirilən sabiq nazir Kuandıq Bişimbayevin işi üzrə Astanada keçirilən məhkəmə iclasında iştirakı ilə bağlı şərh yayıb.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, jurnalist onu məhkəməyə heç bir tərəf dəvət etmədiyini bildirib. Sobçakın sözlərinə görə, onun komandası bu proseslə bağlı sənədli film çəkir.

“Bu gün Qazaxıstan və Rusiya mətbuatı Qazaxıstanın keçmiş naziri Bişimbayevin məhkəməsində mənim “imtiyazlı” mövqeyim barədə yazmağa başlayıb. Deyirlər ki, biz iclasda müdafiə tərəfi üçün nəzərdə tutulan yerlərdə oturmuşuq, qalan jurnalistlər isə ayaq üstə qalıblar. Dostlar, biz bu mövzu üzərində çoxdan işləyirdik - ilk gündən Saltanatın qətlindən yazırdıq. Biz bununla bağlı böyük süjet çəkirik və müstəqil jurnalistlər kimi prosesi işıqlandırırıq, heç kimlə bağlı deyilik”, - Sobçak yazıb.

O, qeyd edib ki, aprelin 22-də Astanada iştirak etdiyi məhkəmə iclası “həqiqətən inanılmaz” olub.

“Mən Ali Məhkəmə vasitəsilə akkreditasiya prosedurundan keçdim və komandam onun mətbuat katibi ilə əlaqə saxladı. Bizə haranı göstərdilərsə, orada oturduq. Bu gün həqiqətən inanılmaz bir görüş oldu. Bu barədə mütləq sizə bir az sonra məlumat verəcəyik”, - deyə jurnalist yekunlaşdırıb.

Bu arada KTK telekanalı xəbər verir ki, Kseniya Sobçakın S.Nukenovanın qətli ilə bağlı iş üzrə məhkəmə iclasında iştirakını ölkənin mədəniyyət və informasiya naziri də şərh edib.

Aida Balaeva qazax jurnalistlərdən fərqli olaraq Rusiyadan gələn qonağa məhkəmə zalında niyə yer verildiyini aydınlaşdırmağa söz verib.

Musavat.com

 

Seçilən
18
13
Mənbələr
Şərh ()
Bağla