AZ

"Ötən ildə maliyyə pozuntularının məbləği 459,3 mln. manata bərabər olub" - Palata sədri

"2023-cü ildə Hesablama Palatasının Kollegiyası tərəfindən 41 audit və 4 analitik fəaliyyətin keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Nəticələrinin rəsmiləşdirilməsi 2024-cü ilə keçirilmiş 1 analitik fəaliyyət istisna olmaqla, bütün tədbirlər başa çatdırılmış və Milli Məclisə məlumat verilmişdir". SİA xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında Palatanın 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

O qeyd edib ki, audit və analitik fəaliyyəti əhatə edən 45 KDMN tədbirindən 42,2%-i ilk dəfə keçirilib: "Son 2 ilin göstəricisinin əvvəlki illərlə müqayisəsinə baxsaq, bunun əvvəlki illərdən bir qədər çox olduğunu deyə bilərik. Büdcə xərcləri artır, büdcə sifarişçiləri genişlənir, bunun nəticəsində yeni audit obyektləri yaranır.

2023-cü ildə Hesablama Palatasının əsas nəzarət sahələri - əhaliyə ödənilən sosial müavinət və təqaüdlər, tibbi sığorta xərcləri, fermerlərə göstərilən dövlət dəstəyi, sosial obyektlərin tikintisi və təmiri, hüquq mühafizə sahəsinin ayrı-ayrı istiqamətləri, dövlət satınalmaları, dövlət rüsumlarının və vergilərin formalaşması vəziyyəti –olmuşdur.

Audit və analitik fəaliyyət üzrə dövlət maliyyəsinin idarəedilməsində ümumi nöqsan məbləği 1971,9 mln. manat müəyyən edilmişdir. Ümumi nöqsan məbləğini bir neçə qrupda təsnifləşdirmək olar".

"İlk qrup büdcə zərərdir. Hesablama Palatasının Kollegiyası tərəfindən büdcəyə zərərin 103,2 mln. manat olduğu hesablanmışdır. Bu məbləğ - artıq və əsassız xərclər, görülməmiş iş və xidmətlər, alınmamış mallar, hesablanmamış və ödənilməmiş vergilər, ilkin təsdiqedici xərc sənədlərinin saxtalaşdırılması, dövlət satınalmalarındakı müxtəlif xarakterli qanunsuzluqlar və büdcə vəsaitlərinin düzgün idarəedilməməsidən ibarətdir.

Nəzarət tədbirləri ilə büdcəyə zərərdən əlavə, digər maliyyə pozuntuları da qeydə alınmışdır ki, bu pozuntuların məbləği 459,3 mln. manata bərabər olmuşdur. Bu məbləğə VBT-yə əməl olunmaması, satınalma prosedurlarının tətbiq edilməməsi, mal və xidmət alışının orta bazar qiymətindən baha əldə edilməsi nəticəsində dövlət vəsaitinə qənaət olunmaması, ilin sonunda qalığın büdcəyə silinməməsi və s. pozuntular aid edilmişdir.

Növbəti (3-cü) qrup maliyyə hesabatlarındakı təhriflərlə bağlıdır ki, bu da 1252,5 mln. manat həcmindədir.

Sonuncu qrupa səmərəsiz xərcləri aid etmişik. Hazırda ölkə qanunvericiliyində bu anlayışa rast gəlinmir. Biz beynəlxalq təcrübəyə istinad etməklə səmərəsiz xərcləri hesablamağa çalışmışıq. Başa çatdırılmış auditlərlə əhatə olunan qurumlar tərəfindən ümumilikdə 156,8 mln. manat məbləğində səmərəsiz xərclərə yol verildiyi müəyyən edilmişdir. Bu, qurumun fəaliyyətinin nəticəsi, iqtisadi qənaətliliyi və vəsaitlərin effektiv idarəedilməsi ilə bağlıdır",- deyə sədr əlavə edib.

Seçilən
86
5
Mənbələr
Şərh ()
Bağla