AZ

KTMT baş katibi Ermənistanın fəaliyyətinin “dondurulması”ndan danışdı: “Məsələ kimin nəyi itirəcəyində deyil”

“KTMT-yə üzv ölkələrin analitikləri Cənubi Qafqazda vəziyyətin kəskinləşməsi tendensiyasının olduğunu qeyd edirlər. Aydındır ki, belə risklər mövcuddur. Region ölkələrinin siyasi rəhbərliyinin, ilk növbədə, öz xalqları qarşısında üzərinə böyük məsuliyyət düşür. KTMT katibliyi də öz növbəsində, dəfələrlə bəyan etdiyi kimi, təşkilatın məqsədlərinə, imzaladığı sənədlərə və elan edilmiş təşəbbüslərə uyğun olaraq regionda təhlükəsizliyin təmin edilməsi üzrə problemləri həll etməyə həmişə hazırdır”.

Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Tasmaqambetov News.ru-ya Ermənistanın üzvlüyünün “dondurulması” ilə bağlı danışarkən deyib.

Son vaxtlar İrəvanla Moskva arasında münasibətlərdə yaranan gərginlik, eyni zamanda, Qərbin Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmağa zəmin hazırladığı barədə bəyanatları, bu sahədə yaranan risklərə dair suala cavab olaraq İmanqali Tasmaqambetov belə risklərin olduğunu bildirib.

“Burada qeyd etmək lazımdır ki, “dondurulma” anlayışı KTMT-nin sənədlərində öz əksini tapmayıb, ona görə də mövcud vəziyyətlə əlaqədar bu sözdən istifadə etməyəcəyik.

Ermənistan, həqiqətən də, təşkilatın üzvü kimi fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb, lakin buna baxmayaraq, iş davam edir, katibliyin gündəliyinə daxil olan bütün məsələlər işçi qaydada müzakirə olunur. Fəaliyyətin əvvəlki səviyyədə bərpa edilməsinə dair qərar yalnız Ermənistanın siyasi rəhbərliyindən asılıdır. Və bu məsələyə aydınlıq gətirilməsi, ilk növbədə, tam şəkildə planlaşdırma üçün assosiasiyamızın bütün iştirakçılarına faydalı olardı”, - deyə İmanqali Tasmaqambetov qeyd edib.

Ermənistanın KTMT-dən çıxacağı təqdirdə nə itirəcəyi ilə bağlı isə baş katib deyib ki, burada məsələ tamam başqadır:

“Məsələ kimin nəyi itirəcəyində deyil. Problem tamamilə başqa bir şeydədir. Belə bir ittifaqda iştirak bir üstünlükdür ki, bunun sayəsində məntiqli yanaşma ilə iştirakçı milli təhlükəsizliyi tam şəkildə təmin etmək imkanı əldə edir. Xüsusən də ölkənin geosiyasi mövqeyinə görə çağırışlar və təhdidlər çox vaxt yerli analitiklər tərəfindən həyati vacib kimi qiymətləndirilirsə”.

Seçilən
67
39
Mənbələr
Şərh ()
Bağla