AZ

BMT-nin 17-ci İqlim Dəyişikliyi Konfransı

COP17 harada keçirilib?

Birləşmiş Millətlər Təşkilatının 17-ci İqlim Dəyişikliyi Konfransı (COP17) karbon emissiyalarını məhdudlaşdırmaq üçün yeni müqavilə yaratmaq məqsədi ilə 2011-ci il 28 noyabr -11 dekabr tarixləri arasında Cənubi Afrikanın Durban şəhərində keçirilib. Konfrans çərçivəsində razılaşma əldə edilmədi, lakin 2015-ci ilə qədər bütün ölkələri əhatə edən hüquqi qüvvəyə malik sazişin bağlanması və 2020-ci ildə qüvvəyə minməsi qərara alındı. İdarəetmə çərçivəsi kimi qəbul edilmiş Yaşıl İqlim Fondunun yaradılmasında da irəliləyiş əldə edildi. Fondun yoxsul ölkələrin iqlim təsirlərinə uyğunlaşmasına kömək etmək üçün hər il 100 milyard dollar ayırması müəyyənləşdirildi.

Konfransın prezidenti Maite Koana-Maşabane bu razılaşmanı uğurlu hesab etsə də, elm adamları və ətraf mühit qrupları qlobal istiləşmənin 2°C-dən kənara çıxmasının qarşısını almaq üçün razılaşmanın kifayət etmədiyini və daha effektiv tədbirlər görməyə çağırdılar.

Konfransın əsas məqsədi Kioto Protokolunun ilkin öhdəlik müddəti (2008-2012) başa çatmaq üzrə olduğu üçün qlobal iqlim sazişinə nail olmaq idi. Bundan əlavə, 2010-cu ildə konfransda əldə edilən “təmiz texnologiya üzrə əməkdaşlıq” və “meşələrin mühafizəsi, iqlimə uyğunlaşma və maliyyələşdirmə” kimi Kankun Razılaşmalarını zəngin ölkələrdən yoxsul ölkələrə tətbiq edilməsi gözlənilirdi.

Konfrans başlamazdan bir ay əvvəl BBC Rusiya və Yeni Qvineya tərəfindən təqdim edilmiş və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına düzəlişlər etməyə çağıran iki mübahisəli təklifi diqqətə çatdırmışdı. Rusiyanın təklifi “kasıb” kimi təsnif edilən ölkələrin “zəngin” kimi yenidən təsnif edilə biləcəyi və beləliklə, iqlim dəyişikliyi ilə mübarizə üçün daha böyük öhdəliklər götürmələri ilə bağlı idi. BBC-nin Ətraf Mühit üzrə müxbiri Riçard Blek şərh edirdi ki, təklif Rusiya tərəfindən irəli sürülsə, birmənalı qarşılanmayacaq, çünki Çin və Braziliya kimi potensial təsirə məruz qalan ölkələr qəttiyyətlə buna qarşı çıxacaq. Səfir Kevin Konrad tərəfindən Meksikanın dəstəyi ilə təqdim edilən Yeni Qvineyanın təklifi iqlim dəyişikliyi danışıqlarında dörddə üç səs çoxluğu ilə son çarə olaraq qəbul edildi. Təklifi xarakterizə edən Blek qeyd edib ki, bu, nəzəri cəhətdən inkişaf etməkdə olan ölkələrə hər cür qlobal miqyasda məcburi öhdəlikləri qəbul etmək üçün öz say üstünlüklərindən istifadə etməyə imkan versə də, praktikada maliyyə təmin etmək üçün hələ də zəngin ölkələrin təsdiqinə ehtiyac duyacaq.

Konfrans başa çatdıqdan sonra Londondakı İqlim Dəyişikliyi və Ətraf Mühit üzrə Grantham Tədqiqat İnstitutundan Maykl Ceykobs bildirmişdi ki, burada əldə olunan razılaşma bizi getdiyimiz yoldan döndərmədi. Burada həm də ilk dəfə ölkələr indiki siyasətlərinin qeyri-adekvat olduğunu qəbul etmişdilər. Və yeni təkliflər əsasında formalaşan öhdəlikləri yerinə yetirməyin vacibliyini anlamışdılar.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Kristina Fiqures öz çıxışında qeyd etmişdi ki, bu sazişi imzalayan ölkələrin hamısı ortaq məqsədə nail olmaq üçün öz layiqli məqsədlərindən bəzilərini kənara qoyublar. Və yalnız iqlim dəyişikliyinin uzunmüddətli həllinə kökləniblər.

Alman mediası bu konfransın nəticəsini demək olar ki, faydasız kimi səciyyələndirdi və tənqid edərək öhdəliklərin qeyri-müəyyən, müddətin isə yavaş olduğunu bildirmişdi.

Günel ABBAS

Seçilən
24
46
Mənbələr
Şərh ()
Bağla