AZ

Onu (onları) bağışlamaq olarmı?!

Künc zərbəsi

Əsl simalarını “demokratiya” pərdəsi altında gizləməyə çalışan “milli” xəyanətkarlarımız bilərək və istəyərək ermənilərə xidmət etməkdədirlər

Sürətlə inkişaf edən, iqtisadi gücü, hərbi qüdrəti, siyasi nüfuzu gündən-günə artan Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, Qarabağda separatizmə son qoyması ermənilər və havadarları üçün gözlənilməz idi. Çünki onlar uzun illər işğal altında saxladıqları ərazilərimizə nəzarəti davam etdirmək, “sülh danışıqları” adı altında stus-kvonu qoruyub saxlamaq kimi məkrli planlar qurmuşdular. Məhz Azərbaycan Prezidentinin qətiyyəti, əzmi və iradəsi, müzəffər ordumuzun qəhrəmanlığı düşmənlərimizin bütün planlarını puç etdi. Bu səbəbdəndir ki, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbəmizdən sonra düşmənin ölkəmizə, dövlətimizə qarşı daha da aqressivləşmiş “hücum”, qarayaxma kampaniyası dayanmaq bilmir. Nə bu gün “ana Hayastana” sığınmış revanşist erməni separatçıları, nə də onların ABŞ, Fransa, Avropa İttifaqındakı “bacıları” bir gün də olsun anti-Azərbaycan siyasətlərindən əl çəkmək istəmirlər. Bütün bu eybəcər, ikiüzlü yanaşmalar bizə kifayət qədər tanışdır. Çünki onillər boyu işğalçı Ermənistanı qoruyan, ona bircə dəfə də olsun “gözün üstə qaşın var” deməyən, əksinə ən ucuz bəhanələrlə Azərbaycanda “günah” axtarışına çıxan sözdə “demokrat”ların həqiqətlərə belə ikili standartlarla yanaşmalarından çox əziyyət çəkmişik. Ona görə də həmin dairələrin ölkəmiz əleyhinə fəaliyyətləri daha təəccüb doğurmur.

Dünyanın siyasi mənzərəsində müşahidə edilən “zəlzələ effektli” çaxnaşmalar fonunda Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqların hamı tərəfindən asanlıqla qəbul edilməyəcəyi gözlənilən idi. Ermənilərin, onların havadarlarının və öz içimizdəki “milli” satqınların anti-Azərbaycan fəaliyyətlərinin kökündə də əsasən bu amil dayanır. Ölkəmizə qarşı davam etdirilən qarayaxma kampaniyasının, qondarma bəhanələrlə “sanksiya” hədələrinin tezislərinin eyni dairələr tərəfindən hazırlandığı şübhə doğurmadığı kimi, həmin tezislərin icraçıları olan radikal müxalifətin və “siyasi mühacir” adı altında xaricə sığınmış Qənimət Zahid, Sevinc Osmanqızı, Tural Sadıqlı, Qabil Məmmədov, Məhəmməd Mirzəli və s. kimi antimilli ünsürlərin də eyni mərkəzdən idarə edildiklərini təsdiq edən məqamlar az deyil. Belə ki, hər dəfəsində məkrli planın növbəti addımları dəqiqləşdirilir və anti-Azərbaycan təbliğatı gah öz daxilimizdəki, gah da ölkəmizin hüdudlarından kənardakı xəyanətkarlar vasitəsilə “aktuallaşdırılır”.

Məsələn, qondarma “milli şura”çılar, həmçinin xaricdə məskunlaşmış xəyanətkar ünsürlər davamlı olaraq ölkəmizi Avropa ilə “süni gərginlik yaratmaq”da ittiham edərək Azərbaycana qarşı sanksiyaların tətbiqinin mümkünlüyündən danışırlar. Özü də sanksiyaların Avropanın və ya dünyanın hansısa ermənipərəst qurumları tərəfindən tətbiq ediləcəyi təqdirdə yarada biləcəyi problemlər sanki müsbət bir şey imiş kimi təqdim olunur. Daha sadə dildə desək, bu satqın yığınının üzvlərinin hamısı ölkəmizə qarşı sanksiya tətbiq edilməsi ehtimalı, bunun “zəruriliyi” barədə fikirləri demək olar ki, eyni cümlələri səsləndirməklə sevinc hissi ilə çatdırırlar. Deməli, hər birinə eyni mətnlər, eyni direktivlər verilib, hər biri aldıqları pulların müqabilində eyni xəyanəti təkrarlamaqla məşğuldurlar. Bu zaman istər-istəməz sual yaranır: Azərbaycana qarşı hansısa sanksiyanın tətbiqi kimlərin xeyrinədir?

Cavab bəllidir. Çünki bütün hallarda ssenari də, məqsəd də dəyişməzdir – Azərbaycanın beynəlxalq nüfuzunu zədələmək, ölkəmizin inkişafını, böyük qələbələrimizi şərtləndirən ən mühüm faktorlardan olan birliyimizi, sabitliyi pozmaq. Məlumdur ki, bütün bunlar düşmənlərimizin dəyişməz planıdır. Planın həyata keçməsini ən çox arzulayan isə qeyd-şərtsiz ermənilərdir və məlum olur ki, əsl simalarını “demokratiya” pərdəsi altında gizləməyə çalışan “milli” xəyanətkarlarımız birbaşa, özü də könüllü şəkildə, bilərək və istəyərək ermənilərə, onların havadarlarına xidmət etməkdədirlər. Məqsəd bəlli, satqınlıq göz qabağında. Məşhur filmimizdə deyilən kimi: “İndi siz deyin, onu (onları) bağışlamaq olarmı?!”

Mahir Rəsuloğlu, “İki sahil”

Seçilən
57
50
Mənbələr
Şərh ()
Bağla