AZ

"Düşünürəm ki, Nicatın ardıcıl iki oyundakı məğlubiyyətinin səbəbi yorğunluqdu"

Kanadanın Toronto şəhərində keçirilən dünya şahmat tacına İddiaçıların turnirində ilk dövrə arxada qalıb. Nicat Abasov 7 oyunda 2 xal toplamaqla aşkar autsayderdi. O, Nepomnyaşi, Nakamura, Firuzca və Santoş ilə heç-heçə edib, Karuana, Qukeş və Praqnandhaya uduzub.

Şahmatçımızın çıxışı ilə bağlı “Chessborn” yutub kanalının admini Murad Həşimovla danışdıq:

“Nicat üçün çətin olacağı gözlənilən idi. Ən azı reytinq məsələsinə görə çempionluq şansı o qədər də görünmürdü. Həm də son yarışlardakı nəticələrinə görə Nicat formada deyildi. Oyunları pis alınmasa da, sadəcə, yekunda nəticələri yaxşı olmurdu. Sonuncu uğurlu çıxış etdiyi turnir avqustda Bakıda keçirilən Dünya Kuboku idi. Ondan sonra bir sıra turnirlərdə iştirak etmişdi, amma istənilən nəticələr qeydə alınmamışdı. Düşünürəm ki, Nicatın ardıcıl iki oyundakı məğlubiyyətinin səbəbi yorğunluqdu. Çünki oyunun sonlarında şahmatçımız səhvə yol verir. Məsələn, Dommaracu Qukeşlə oyunda rəqib şahmatçı da müxtəlif səhvlərə yol vermişdi. Ancaq şahmatçımızın oyun tərzindən bilirik ki, o, çox səhv edən bir qrossmeyster deyil. Oyun zamanı bir-iki qeyri-dəqiq gedişlər edər və rəqibin səhvindən də tez bir zamanda yararlana bilən bir şahmatçıdı. Məğlubiyyətlərinin səbəbini tam dəqiqliklə bilmirəm. Ola bilsin ki, fiziki yorğunluq var və ya endşpildə gediş ardıcıllığı pozulur. Buna təcrübəsizlik deməzdim, amma Praqnandha ilə oyunda da məğlubiyyətinin əsas səbəbi o idi ki, endşpildə çox kobud səhvlərə yol verdi. Hansı ki, fiqurları aktivləşdirib, bərabər vəziyyət əldə etmək olardı. Təbii ki, Qukeşə məğlub olandan sonra Praqnanadha ilə qara fiqurlarla oynayacaqdı və çətin olacağı gözlənilirdi. Şahmatçımız oyun vaxtı psixoloji cəhətdən də bir qədər gərgin görünürdü. Qara fiqurlarla keçirdiyi 3 oyunun hər birində məğlub olub. Bəlkə də debüt seçimləri o qədər də uğurlu alınmayıb, amma debütlərdə də vəziyyəti yaxşı alınmır. Hətta deyərdim ki, qara fiqurlarla debütdən daha yaxşı çıxır, nəinki ağlarla. Yəni ağ fiqurlarla o qədər də aktiv debütlər görmürük. Nicata növbəti oyunlarda uğur arzulayıram”.

Qeyd edək ki, aprelin 22-də başa çatacaq turnirin qalibi hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) şahmat tacı uğrunda oynamaq hüququ qazanacaq

KAMAL SƏFƏR
Seçilən
184
50
Mənbələr
Şərh ()
Bağla