AZ

“Çelsi”də Romeo Laviya şoku: 62 milyona alındı, 36 dəqiqə oynadı

Belçika yığmasının və İngiltərənin “Çelsi” klubunun gənc dayaq yarımmüdafiəçisi Romeo Laviya zədə səbəbindən mövsümü erkən başa vurub.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

20 yaşlı yarımmüdafiəçi ötən ilin dekabr ayında İngiltərə Premyer Liqasında “Kristal Pelas”a qarşı keçirilən matçda omba nahiyəsindən zədə almışdı. Həkimlər həmin vaxtdan bəri bu oyunçunu sıraya qaytarmaq üçün çox çalışsalar da, klub Laviyanın cari mövsümdə meydana çıxmasının mümkünsüz olduğunu açıqlayıb.

Xatırladaq ki, Laviya “Çelsi”yə 2023-cü ilin avqust ayında “Sauthempton”dan 62,1 milyon avroya transfer edilib. Onun “zadəganlar”la müqaviləsinin müddəti 2030-cu ilin 30 iyununa qədərdir. Belçikalı oyunçu bu mövsüm “Çelsi”nin heyətində cəmi bir oyuna çıxıb və 32 dəqiqə meydanda olub.

Romeo Laviya Belçikanın “Anderlext” klubunun yetirməsidir. O, 2020-ci ildə İngiltərənin “Mançester Siti” klubuna cəlb olunub. “Sauthempton” bu oyunçunun 2022-ci ilin yayında 22,26 milyon avroya məhz “Mançester Siti”dən almışdı.

Belçikanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Romeo, əsas millidə 2023-cü ilin mart ayında debüt edib. O, yığma komandada da cəmi 1 matç keçirib və 10 dəqiqə meydanda olub.

“Transfermarkt” internet-portalı 20 yaşlı belçikalı yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
32
50
Mənbələr
Şərh ()
Bağla