Misli Premyer Liqasında "Turan Tovuz" "Kəpəz"i məğlub edib.
XI turun açılış matçında Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv doğma meydanda 2:1 hesablı qələbəyə sevinib.
Oyunda hesabı 15-ci dəqiqədə tovuzluların heyətində Veysəl Rzayev açıb. 76-cı dəqiqədə "sarı-göylər"in heyətində penalti zərbəsini dəqiq yerinə yetirən Luis Paçu "status-kvo"nu bərpa edib. Ev sahibləri qələbə qolunu 90+3-cü dəqiqədə vura biliblər. Emmanuel Hakman dəqiq zərbə müəllifi olub.
Qeyd edək ki, qələbə sayəsində "Turan Tovuz" xallarının sayını 24-ə çatdırıb. Bununla da Tovuz təmsilçisi lider "Qarabağ"la eyni xala malik olub. "Kəpəz" isə 3 xalla sonuncu sırada qərarlaşıb.
Tura oktyabrın 26-27-də keçiriləcək oyunlarla yekun vurulacaq.