AZ

Vasitə məqsədi doğrultmayanda

Fridrix Şillerin “Qaçaqlar” dramı haqqında

Əvvəli ötən saylarımızda...

Qoca nökər Daniel gecə vaxtı şələ-küləsini yığıb, bütün şüurlu ömrünü keçirdiyi qəsrdən həmişəlik ayrılmağa hazırlaşır. Bu vaxt Frans hövlnak özünü yetirib onu keşiş dalınca göndərir. Gənc qraf yuxusunu qarışdırıb, yuxuda ona məhşər əzabı əyan olub. Bu zamanacan Allaha, dinə istehzayla yanaşan Fransın indi Tanrı müdaxiləsinə, keşiş yardımına ehtiyacı yaranıb. Pastor ona ata, qardaş qətlinin ən ağır günahlar olduğunu deyəndə Frans başa düşür ki, ruhu cəhənnəmlikdir. Karlın qaçaqları qəsrə od vursalar da, Fransı sağ ələ keçirə bilmirlər - o özünü nazik qatmayla boğur.

Qaçaqlara qoşulub meşəyə gedən Amaliya adaxlısı Karla sarılanda qraf fon Moor sevimli oğlunun quldur dəstəsinin başçısı olduğunu anlayır. Qoca qraf buna dözməyib canını tapşırır. Amaliya isə sevgilisinin yedəyində hər yola getməyə hazırdır, fəqət Karlın qaçaqlarla əhd-peymanı var, cinayət aləminin qanunlarına görə, o, andını poza bilməz. Amaliya xoşbəxtliyinin baş tutmayacağını anlayanda Karldan ölüm istəyir. Karl xəncəri sevgilisinin köksünə saplayır, bununla da öz ölümünə cığır açmış olur.

Qaçaqlar onu yola davam eləməyə səsləsələr də, Karl Moor nifrət bəslədiyi başıpozuq kütlədən ayrılmaq qərarına gəlir. Yoldaşları onu sərsəmlikdə, şan-şöhrət divanəsi olmaqda suçlayırlar. O isə bağışlanmaz günahlarını ömrü çatdığı qədər suya çəkmək fikrindədir. İntihar çıxış yolu, həm də məqbul yol deyil - günahı günahla yumazlar. Onun başına böyük məbləğdə pul qoyulub, həmin pul onun yerini deyənə, onu təhvil verənə çatacaq. Daxmasında on bir tifil bəsləyən yoxsul muzdura bu, çox böyük kömək olacaq...

***

Karl Moor ədalət sorağına çıxan anarxist, həyata yeni nırx qoymağa çalışan qəhrəmanlıq təşnəsi, şücaət xəstəsidir. Onun faciəsi bundadır ki, qəlbinin saf diləklərini qol gücünə gerçəkləşdirmək istəyir, ona görə də yaxşı məqsədlə tutduğu əməllər cinayətə çevrilir, xoş niyyətlə atdığı addımlar qana bulaşır. Başqa sözlə, Karl Moorun seçdiyi vasitə onun ülvi arzularını, ali məqsədlərini doğrultmur, onlara uyğun gəlmir. Nəticədə sosial təhlükəyə, ictimai bəlaya müqavimət göstərən xilaskar güc özü ən böyük təhlükəyə çevrilir, bir günahkarı qurtarmaq üçün səksən günahsız insanı bada verirsən. Mənəviyyatın pozulmaz qızıl qanunlarından biri bu zaman bir daha təsdiqini tapır: qanı qanla yumaq, şəri şərlə sağaltmaq mümkün deyil. Ədalətə cinayət yoluyla çatılmaz, həqiqətə yalan dəlillərlə yetişilməz:

“Eşidin məni, mənim yırtıcı niyyətlərimin xəbis icraçıları! Bu andan etibarən mən sizə ataman deyiləm. Həya, qorxu içində mən bu qanlı tacı başımdan atıram. Bu günəcən mənim hökmümə boyun əyib cinayət toxumu səpmisiniz, şər əməllər törətməklə xaliqin evini viran qoymusunuz, üstəlik, bu işlərdə özünüzü haqlı bilmisiniz...

Mən axmaq dünyanı cinayətlə islah eləmək, qanunsuzluqla qanun yaratmaq xülyasında olmuşam. Elə bilmişəm qisas bayrağı, ədalət qılıncı qaldırıram. Əslində isə Tanrı iradəsinə qarşı çıxmışam... Rəhm elə, xudaya, sənin divanından əvvəl divan qurmaq istəyən bu tifilə rəhmin gəlsin! Divan da sənindir, qisas da! Sən insan gücünə möhtac deyilsən”.

Karl əgər antik çağın despotlarını, tiranlarını, cəlladlarını yox, müdriklərini, filosoflarını örnək götürmüş olsaydı, ondan yaxşı bir epikürçü, ya da stoik çıxardı. Onda onun anarxizmi bəhrə vermiş olardı, çün zahirən epikürçülərlə stoiklər bir-birinə düşmən olsalar da, hər ikisi asketizm məktəbi, hər iki tərəf tənhalığıyla kütləyə meydan oxuyan, səsini götürüb xordan çıxan anarxistlər ordusudur.

Axır-axırda Karl Moor qədim stoiklərin toplaşdığı məşhur limana yan almış kimi görünür, hərçənd xristian ehkamlarının içində böyümüş biritək stoisizmin zəruri halda məqbul saydığı intihardan vaz keçir. Ancaq onun özünü yoxsul muzdurun əliylə ədalət divanına təhvil verməsinin özü də bir intihardır. Onu edam eləyəcəklər; yox, əgər könüllü təslim olduğuna, ləyaqət nümunəsi göstərdiyinə görə aman, möhlət versələr, zindana atmaqla kifayətlənsələr, həbsdən çıxandan sonra Karl mütləq monastıra çəkiləcək, güclə, silahla, qoşunla çata bilmədiyi diləyinə orada əliyalın yetişəcək. Zatən tənhalıq cəngavəri rahib özü də dünyanın oturuşmuş nizamını pozan bir anarxistdir.

O ki qaldı Frans Moora, onun öz taleyi yoxdur; o zavallı bu həyata qardaşının kölgəsi kimi, həm də ondan azacıq sonra gəlib. Ona artıq adam da demək olar. Onun gözü özgəsinin qabında, özgə çəpərinin o üzündədir. Frans əgər özüylə əlləşib öz baxtının sorağına çıxsaydı, qardaşının qabından oğurlamağa çalışdığı təamlardan qat-qat ləziz nemətlər də tapa bilərdi. Ancaq müəllif ona heç bir şans, qismət verməyib, təpədən-dırnağa şeytana mübtəla olmuş bu fiqurun ruhu yoxdur, sadəcə, quru, yalın, köksüz-köməcsiz ağlı, soyuq, qansız məntiqi var. Bu ağıldan gələcəkdə Dostoyevskinin əxlaqi ehkamları, mənəvi qanunları şübhə altına alan rasional qəhrəmanlarına da pay düşəcək.

Həm də təkcə Dostoyevskinin yox. Çağdaş dünyanın mənzərəsinə diqqətlə göz yetirsək, görərik ki, Şillerin yaratdığı tiplər bu gün də aktualdır.

F.Uğurlu

Seçilən
28
2
yeniazerbaycan.com

3Mənbələr