AZ

Vasitə məqsədi doğrultmayanda

Fridrix Şillerin “Qaçaqlar” dramı haqqında

Onlar çirkin qayda-qanunlar uydurur, min bir şərtə boyun əyməklə öz təbiətlərini zorlayırlar. Bir qədəh şərabı əsə-əsə içirlər: görəsən bu sağlığa içsəm, necə olar, xatası çıxmaz kii İşləri düşəndə lakeyə belə yaltaqlanırlar - yeri gələndə saqqal tərpədə bilər, ancaq fağırları, yoxsulları ayaqlayıb keçirlər, çünki onlardan qorxmur, bir xeyir gözləmirlər. Ləzzətli bir nahar verəndə bir-birinin tərifini göylərə qaldırırlar, di gəl, bir həsir üstündə bir-birinə qənim kəsilirlər. Kilsəyə az gedənləri kafir adlandırırlar, özləri isə mehrab önündə sələmlərini hesablayırlar. Diz çökəndə ibadətə yox, paltarlarının yaraşığına, oxunan dualara yox, dua oxuyanın parikindəki qıvrımlara fikir verirlər. Qaz başı kəsiləndə özlərindən gedirlər, rəqibləri birjada müflis olanda isə əl çalıb sevinirlər...

Mənmi öz bədənimi məngənəyə salmalı, iradəmi qanunlarla zəncirləməliyəm? Qanun qartal qanadıyla uça bilənləri belə ilbiz kimi sürünməyə məcbur eləyir. Qanun bir nəfər də olsun böyük insan yetirməyib, böyük ehtiraslar, nəhəng təbiətlər yalnız azadlıqdan doğur. Müstəbidin qarnına girəndən sonra onlar onun mədəsinin şıltaqlarını yerinə yetirir, onun yelində boğulurlar. Ah, əgər Hermanın böyük ruhu külə dönmüş xarabalıqlar içindən qalxıb alovlana bilsəydi!.. Mənə özüm kimi qoçaqlardan ibarət bir ordu verin, Almaniyadan elə bir respublika yaradım ki, Roma da, Sparta da onun yanında qadın monastırına bənzəsin”.

Göründüyü kimi, Karl Moor antik dövrün ideallarıyla yaşayır, ancaq qədim filosofların, alimlərin yox, antik sərkərdələrin idealları, qədim hökmdarların cəngavərlik arzuları, imperatorların cahangirlik xülyalarıyla. Onun Almaniyada qurmaq istədiyi respublika da maarifçi mütəfəkkirlərin, xalq hakimiyyəti ideyası müəlliflərinin arzuladığı cümhuriyyət yox, bir zaman Kromvelin İngiltərədə qurduğu sayaq respublika maskalı diktatura, bir az da uzağa gedə bilsə, işğalçı imperiya ola bilər.

***

Meyxanada olduğu vaxt qardaşının qoca qrafın adından göndərdiyi namə Karla yetişir. Bundan əvvəl Karl atasına yazdığı məktubda səhvlərini səmimi şəkildə boynuna almış, indən belə özünü ləyaqətlə aparacağına söz vermişdi. İndisə Frans yazır ki, ataları Karlı lənətləyib, əgər qardaşı qəsrə qayıtsa, qollarına zəncir vurulub zirzəmiyə atılacaq. Karl bu xəbərdən bərk sarsılır; o gözləyirdi ki, atası sevimli oğluna tələfxərcliyini, ərköyünlüyünü bağışlayıb ona yenidən xərclik göndərəcək, nəticə isə gözlədiyinin tam tərsinə olur. Bəs indi neyləməli?

Dostlardan biri təklif eləyir ki, Bohemiya meşələrinə çəkilib qaçaqlığa başlasınlar, zadəganları, tacirləri, varlı yolçuları soyub-talamaqla özlərinə gün ağlasınlar. Hamı bu təklifə həvəslə razılaşır, ancaq onlara bir rəhbər, bir başbilən gərəkdir. Dostlar Karl Mooru yekdilliklə qaçaq-quldur dəstəsinin atamanı seçirlər. Karl öz vəzifəsinə sadiq qalacağına, dostlarını heç vaxt bada verməyəcəyinə and içir. Öz növbələrində dəstə üzvləri də ona sədaqət andı içirlər.

***

Frans Moor qardaşını atasının gözündən salmaqla kifayətlənmir, adaxlısı Amaliyanı da ondan soyutmağa, iyrəndirməyə çalışır. Məqsədi bu yolla qızı ələ keçirməkdir. Frans deyir ki, Karl Amaliyanın ona yadigar verdiyi almaz qaşlı üzüyü xidməthaqqı yerinə bir fahişəyə bağışlayıb. Ancaq qızın saf qəlbi xain qardaşın hiyləsini duyur, Amaliya Fransı sərt bir tövrlə rədd eləyir.

Fəqət Frans məkrli əməllərindən bir addım belə geri çəkilmir. Təkcə qardaşı yox, atası da tikanlı kol kimi onun sərvətə, hakimiyyətə gedən yolunun üstündə bitib. Qardaşını sıradan çıxarandan sonra onun başlıca məqsədi qoca atasını yolundan qıraq eləməkdir. İblisdən dərs almış Frans niyyətinə çatmaq üçün taxt-tac uğrunda atasının, qardaşının, hətta övladının qanına əl bulayan sultanlar, krallar qədər amansız, onlar qədər qətiyyətlidir. Qoca qrafın qətlində barmaq izi qoymasın deyə müxənnət oğul Herman adlı qeyri-qanuni mülkədar balasını prosesə qoşur, atasının yaralı qəlbini yüksək dozalı dərdlə partlatmağı qərara alır. Hermanın da Amaliyada gözü var, Frans yalandan boyun olur ki, özü qraf olandan sonra Amaliyanı ona verəcək, Herman da bu ümidlə sui-qəsddə iştiraka razılaşır.

Qiyafəsini dəyişən bic mülkədar oğlu qoca qrafın hüzurunda özünü Karlı tanıyan adam kimi qələmə verir. Fransın öyrətməsiylə qraf fon Moora böyük oğlunun Praqa civarındakı döyüşdə həlak olduğunu xəbərləyir. Qoca qraf Karlın ölümündə özünü günahkar bilir, ancaq Fransın üzündəki sevinc sayrışmalarını görəndə fəlakət qasırğasının hayandan əsdiyini anlamağa başlayır. Qraf dərdin ağırlığına dözməyib Amaliyanın qolları üstündə huşunu itirir, Frans atasını öldü bilib dəfninə hazırlıq görür.

***

Bu əsnada qaçaq-quldur dəstəsinin başçısı Karl fon Moor Bohemiya meşələrində at oynadır, varlıların sərvətini talayıb yoxsullara paylayır. Allahsız dünyadan, ədalətsiz quruluşdan, harınlamış dövlətlilərdən öc almağı qarşısına məqsəd qoyan bəyzadə öz ailəsinə, silkinə, dininə, dövlətinə qarşı çıxan anarxist kimi davranır, ard-arda vurduğu ağır zərbələrlə köhnə dünyanın dayaqlarını sarsıdır. Qisas onun əsas hərəkətverici qüvvəsi, başlıca prinsipidir. Əslində, Karlın mübarizəsi konkret bir şəxsdən, quruluşdan, dindən, dövlətdən də çox bütün bəla qaynaqlarının ümumiləşdirilmiş adı-ünvanı olan fələyin çarxına, zamanın gərdişinə qarşıdır.

Fəqət dəstə üzvləri ataman kimi ədalətli, səxavətli deyillər. Varlılar, mülkədarlar bir yana qalsın, onlar hətta qadın monastırını talamaqla, rahibələri zorlamaqla öyünürlər. Ələ keçmiş bir qaçağı dara çəkilməkdən qurtarmaq üçün Karl Moor dəstəsiylə şəhərə hücum çəkir, əvvəlcədən söz verdiyi kimi, evlərə, küçələrə od vurur. Nəticədə dəstə üzvü dardan qurtulsa da, əksəri qadın, uşaq, xəstə, qoca olan səksən nəfəri qisas alovu diri-diri yandırır. Hətta qaçaqlardan biri üşüyən uşağı isinsin deyə oda atdığını yoldaşlarına gülə-gülə söyləyir. Ataman qəzəblənib onu yanından qovur.

Qaçaq yoldaşını ölümdən qurtarmağın ona çox baha başa gəldiyini anlayan Karl vicdan əzabı çəkir. Eynən Bohemiya qoşunu onları meşədə mühasirəyə alanda da qaçaqlar vur-tut bir itki verməklə üç yüz əsgəri qətlə yetirirlər. Bəlli olur ki, Karl Moorun öz məqsədinə çatmaq üçün alət kimi yararlanmağa çalışdığı qaçaqlar artıq çoxdan əldə qəfil açılan təhlükəli silaha, ramolunmaz başıpozuq dəstəyə çevriliblər. Artıq ataman onları yox, onlar atamanı idarə eləyirlər. Karlın idealları onlara yad-yabançıdır, onları var-dövlət hərisliyi, bundan da betəri - öldürmək ehtirası hərəkətə gətirir.

***

Karl ölümlə çilik-ağac oynamaqdaykən qardaşı Frans ata mülkünə yiyələnib. Di gəl, müxənnət qardaş nə xoşbəxtlik, nə rahatlıq, nə dinclik tapıb. Amaliyanı da heç cür ələ keçirə bilmir, atasının çörəyilə böyümüş yetim qızı zorla özünə arvad, bu da alınmazsa kəniz eləməyə cəhd göstərir (Amaliya gözü qızmış Fransa cehiz qismində yağlı bir şillə çəkir), heç biri baş tutmayanda qızı monastıra göndərməklə hədələyir. Amaliya isə buna şaddır - həm eybəcər məxluqun arvadı olmaq işgəncəsindən qurtulacaq, həm də monastırda dinclik tapıb Karlın xatirəsiylə baş-başa qalacaq.

F.Uğurlu

Davamı növbəti sayımızda...

Seçilən
79
2
yeniazerbaycan.com

3Mənbələr