AZ

Naxçıvanla Türkiyə arasında elektrik enerjisi mübadilə ediləcək

"Naxçıvanda ilk dəfə 2015-ci ildə 22 meqavat gücündə Günəş Elektrik Stansiyası (GES) tikilib. Bu stansiya 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasından sonra generasiya gücünə görə ölkədə ikinci GES-dir. Hazırda muxtar respublikada “Naxçıvan” GES, “Şərur” GES, “Kəngərli” GES və “Culfa” Külək-Günəş Hibrid Elektrik stansiyaları fəaliyyət göstərir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin şöbə müdiri Miryunis Seyidov deyib.

O qeyd edib ki, ötən dövrdə mövcud potensialdan istifadə etməklə elektrik enerjisinin ixracı istiqamətində müvafiq tədbirlər reallaşdırılıb. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında elektrik enerjisi mübadiləsi imkanlarına dair zəruri araşdırmaların aparılması məqsədilə Azərbaycan Respublikası energetika nazirinin 2021-ci il 3 avqust tarixli əmri ilə yaradılmış işçi qrupla Türkiyə Respublikasının aidiyyəti qurumlarının nümayəndələri arasında müxtəlif vaxtlarda görüşlər keçirilib. Türkiyə və Naxçıvan tərəfində olan ötürücü və paylayıcı yarımstansiyaların, elektrik verilişi xətlərinin mövcud vəziyyəti, sayğacların yerləşmə nöqtələri, rele-mühafizə sistemlərinin tətbiq sahələri, TEİAŞ (Türkiye Elektrik İletim Anonim Şirketi) və Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti arasında enerji ixracı (mübadiləsi) ilə bağlı müvafiq “Əməliyyat müqaviləsi”nin bağlanılmasına görə sənədləşmə işlərinin qarşılıqlı müzakirəsi aparılıb.

“Əməliyyat müqaviləsi”nin yaxın zamanlarda imzalanması planlaşdırılır. Türkiyə-Naxçıvan elektrik enerjisi idxalı-ixracı əlaqəsi haqqında ENTSO (European Network of Transmission System Operators) tərəfindən 75 meqavat ixrac (Türkiyə tərəf passiv ada rejimində olmalıdır), 40 meqavat idxal (Naxçıvan tərəf passiv ada rejimində olmalıdır) ötürməyə icazə verilib", - deyə Miryunis Seyidov əlavə edib.

Seçilən
12
13
bakivaxti.az

10Mənbələr