AZ

Uğurlu kişinin arxasında duran qadın kimdir?

“Hər bir uğurlu kişinin arxasında uğurlu bir qadın durur” deyimini yəqin ki, hamımız eşitmişik. Yaxşı bəs bu uğurlu kişinin arxasında duran qadın kimdir? Həmin qadının ehtiyacları nədir? Uğurlu insanın yanında qalması üçün onun həyat yoldaşından hansı gözləntiləri var?

Son 50 ildə qadınların karyera və reallaşmaq ehtiyaclarında olan dəyişikliklər və qadınların iş dünyasına sürətli qayıdışı ilə əlaqədar müasir ailədə rollar və gözləntilər dəyişib. Müasir qadın yalnız həyat yoldaşı və ana kimi deyil, həm də fərd kimi potensialını tam reallaşdırmaq istəyir. O uğurlu karyeraya sahib olmaq istəyir, onun intellektual stimulyasiyaya ehtiyacı var.

Müasir dünyada uğurlu evlilik cütlüyün birgə intellektual, maddi və mənəvi böyüməsi üçün mexanizmdir. Bu mexanizmdə tərəflər bir-birinin dəyərlərinə, maraqlarına, fikirlərinə və arzularına hörmətlə yanaşır və bir-birinin intellektual və mənəvi inkişafına dəstək olurlar. 

Birgə çalışdığım qadınlar arasında nazir, nazir müşavirlərinin, uğulu biznes insanlarının və yüksək nüfuzlu şəxslərin həyat yoldaşları var. Bu qadınları müşahidəm və keçirdiyim qısa sorğunun nəticəsində uğurlu qadının həyat yoldaşından olan ehtiyacları və gözləntilərini aşağıdakılar olaraq təyin etmək olar:

• Müasir qadın maddi azad olmaq istəyir. Praktikamda uğurlu həyat yoldaşları və çox yaxşı maddi vəziyyəti olan qadınlar belə öz ehtiyacları üçün həyat yoldaşından pul götürməyə sıxılır, onlar öz pulunu özü qazanmaq istəyir. Çünki, uğurlu qadın üçün maddi müstəqillik dəyərdir. Maddi ehtiyacı olmadığı halda sadəcə öz ehtiyaclarını qarşılamaq üçün iş dünyasına qayıdan bir çox qadın tanıyıram.

• Uğurlu qadın həyat yoldaşının emosional dəstəyini hiss etmək istəyir.  O nə qədər güclü olsa belə sevdiyi insanın dəstəyi onun əsas motivasiya mənbələrindəndir. Sevdiyi insanın təqdirini və rəğbətini hiss etmək qadın üçün əhəmiyyətlidir. Uğurlu qadın dəyərlərinə, hobbi və maraqlarına ailəsinin, xüsusilə də həyat yoldaşının hörmətlə yanaşmasına ehtiyac duyur. 

• Qadının həyat yoldaşı ilə birgə bölünməz zamana və ünsiyyətə ehtiyacı var. Uğurlu həyat yoldaşı bütün zamanını işləyərək keçirdikdə nə qədər uğurlu və güclü olmasından asılı olmayaraq qadın tənha və atılmış hiss edir. Çox hallarda həyat yoldaşlarının fiziki yoxluğu, ünsiyyət azlığı, intim yaxınlığın olmaması evliliyin yekunlaşması ilə nəticələnir.

• Uğurlu qadın həyat yoldaşının öncəliyi olmaq istəyir. O dərk edir ki, ailə 1 nömrəli dəyərdir. Evli insanlar öncəliklərini və dəyərlərini doğru təyin etmədikdə uzunmüddətli evlilikdə qala bilmirlər.

• Uğurlu qadın müstəqilliyi və sərhədləri yüksək dəyərləndirir və ailəsinə müdaxilə olunmasını istəmir. O ailəsi ilə bağlı qərarlara kənar müdaxilə olmasını istəmir, uşaqlarını özü müstəqil, bioloji ailələrin müdaxiləsi olmadan dövrün verdiyi zəngin informasiya əsasında tərbiyə etmək və böyütmək istəyir. 

• Statusundan asılı olmayaraq bütün qadınlar münasibətlərində eşidilmək, görülmək, qəbullanılmaq və dəyərləndirilmək istəyir. Qadın evlilikdə yalnız onun “uşaqlarının anası” kimi deyil, həyat yoldaşının sevdiyi qadın kimi hiss etmək istəyir. Hərtərəfli şəxsiyyət olsa belə: boş zamanını sərgilər, teatr, konsertlər, yoqa, səyahətlər və şəxsi inkişafla doldura bilsə belə qadın həyat yoldaşının sevgisini və diqqətini hiss etmək istəyir. O həyat yoldaşının yanında varlığına ehtiyac duyur və bu əskik olduqda tam olaraq xoşbəxt hiss edə bilmir. O özünü inkişaf etdirmişdir və öz dəyərini dərk edir və dəyərsiz münasibət gördükdə getməyi seçir.

Ehtiyac və gözləntiləri nəzərdən keçirdikdən sonra uğurlu kişilərin uğurlu qadınları əldə saxlaya bilmə yollarını nəzərdən keçirək:

~ Onun arzu və hədəflərindən xəbərdar olun, onun maraqlarına hörmətlə yanaşın. Arzu etdiyi tək reallaşması üçün ona dəstək olun.

~ Onunla bölünməz birgə zaman keçirin (telefonsuz, təklikdə), bir-biriniz üçün zaman yaradın. Evinizdə internetsiz və telefonsuz zonalar və saatlar təyin edin və əməl edin. Həyat yoldaşınızı diqqətlə dinləyin, onunla məsləhət vermədən, çözüm təklif etmədən sadəcə onun barədə söhbət edin. Münasibətiniz barədə hər gün söhbət edin. Gün sonunda bir-birinizin həyatınızda baş verənləri bölüşün. Bu sizə həm günün stressi atmaqda, həm də bir-birinizin həyatında iştirak etməkdə kömək edəcək. Onun həyatında aktiv iştirak etmək, sizə ehtiyac duyduğu anların mümkün qədər çoxunda yanında olmaq(xüsusilə də sağlamlıq problemləri yaşadlqda) sizə olan güvəninin möhkəmlənməsinə və qorunmasına kömək edəcək.

~ Hər nə qədər məşğul olsanız belə yoldaşınız sizinlə emosional əlaqə qurmaq üçün cəhd etdikdə ona qarşılıq verin (sizinlə nə isə bölüşmək istədikdə, sizi çağırdıqda, zəng etdikdə, mesaj yolladıqda, sizə nəsə göstərdikdə o əslində sizinlə emosional əlaqə qurmağa çalışır).

“Gottman Institute”un araşdırmaları göstərmişdir ki, xoşbəxt ailələrdə olan cütlüklər bir-birlərinin emosional əlaqə cəhdlərinin 86%-inə qarşılıq verirlər, ayrılan cütlüklərdə isə bu faiz dərəcəsinin yalnız 33% olduğu aşkar edilib.

Peşəkar həyatdakı uğurunuzu şəxsi həyatınıza daşıya bilməniz diləyi ilə…

© Kama Ahmad
Kouç, Münasibətlər üzrə mütəxəssis

Seçilən
12
2
olke.az

10Mənbələr