Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines hücumçu Kristiano Ronaldonun karyerasında 900-cü qolunu vurmasını şərh edib.
Arena.az xatırladır ki, portuqal ulduz hücumçu UEFA Millətlər Liqasının A qrupunun 1-ci turu çərçivəsində baş tutan Xorvatiya ilə ev oyununda (2:1) həlledici qolu vurub.
Bu, Ronaldonun futbolçu karyerasında vurduğu 900-cü qol olub.
“Bu, tarixi bir məqamdır. 900 qol inanılmazdır. Düzdür, o, 900-cü qolunu Portuqaliya yığmasında vurdu, çünki o, komandaya sadiqdir və paltardəyişmə otağında gənc futbolçulara kömək edir.
Məncə, Ronaldonun 900-cü qolunun Pepenin şərəfləndirilməsi günündə vurulması azarkeşlərə xoş gəldi. Bu, daha da xüsusi hadisədir”, – Roberto Martines matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.
Ronaldo tarixdə rəsmi oyunlarda 900 qol vurmuş ilk futbolçu olub. Ulduz hücumçu Lissabon “Sportinq”ində 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl-Nəsr”də 68, Portuqalia yığmasında isə 131 qol vurub. Ronaldo futbol tarixinin, milli komandaların, Avropa çempionatının, Çempionlar Liqasının və FIFA Klub Dünya Kubokunun ən sərrast futbolçusudur.