AZ

Murad Vəliyev “Flora”ya qarşı 70 dəqiqə oynadı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) yarımmüdafiəçisi Murad Vəliyev “Nomme Yunayted”də növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Estoniya çempionatında 2024-cü il mövsümünün 24-cü turunun oyunları keçirilib.

“Nomme Yunayted” bu turda səfərdə “Flora” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

“Nomme Yunayted”ə bu ilin fevral ayında qoşulmuş Vəliyev bu oyuna start heyətdə balayıb və 70-ci dəqiqədə əvəzlənib. Əvvəlki turlarda 2 qol vurmuş azərbaycanlı futbolçu bu dəfə fərqlənə bilməyib.

Qeyd edək ki, Murad Vəliyev müqavilə ilə Estoniyanın “Levadiya” klubuna məxsusdur. Sağ vinger olan 22 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin 31 dekabrına kimi “Nomme Yunayted”də icarə əsasında forma geyinəcək. O, bu komandanın heyətində 23 oyuna çıxıb, 2 qola və 1 avtoqola imza atıb.

Murad Latviyanın “Kalev” klubunun yetirməsidir. O, Almaniyanın “Rozenhaym” və “Bad Aiblinq” klublarının aşağı yaş qrupları üzrə komandalarında da oynayıb. 2022-ci ilin yanvar ayından “Levadiya”da çıxış edən vinger bu klubun əsas komandasında 46 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Murad Estoniyanın U-16 və U-18 yığmalarında oynasa da, 2022-ci ildən Azərbaycanın U-21 millisinə dəvət alır. O, yığmamızda 12 oyun keçirib və 1 qola imza atıb.

Sonda onu da qeyd edək ki, 2000-ci ildə yaradılmış “Nomme Yunayted” bu mövsüm tarixində ilk dəfə Estoniya çempionatında çıxış edir. Sözügedən komanda 24 turdan sonra 12 xalla 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
3
arena.az

9Mənbələr