AZ

Süni intellekt iqlim dəyişməsinə qarşı mübarizəyə qoşulur

Süni

Bakı, 13 noyabr, AZƏRTAC

Süni intellekt fəal inkişaf edir və bütün dünya üzrə səhiyyə, təhsil və sənaye sistemlərinə inteqrasiya olunur. Süni intellekt müasir dövrün ən aktual problemlərindən biri olan iqlim dəyişməsinin həllində də vacib alətə çevrilə bilər.

Süni intellekt sayəsində bir çox problemlərin, o cümlədən ehtiyatların idarə olunması, karbon tullantılarının azaldılmasına aid məsələlərin, bərpaolunan enerji sahəsində tədqiqatların həlli daha asan olacaq.

AZƏRTAC bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) saytına istinadla xəbər verir.

BMT-nin noyabrın sonuna Dubayda planlaşdırılan İqlim dəyişməsi üzrə 28-ci konfransı (COP28) ərəfəsində qurum süni intellektin qlobal istiləşmənin fəsadlarının öhdəsindən gəlməkdə beynəlxalq ictimaiyyətə necə kömək edə biləcəyini aktiv şəkildə öyrənir.

Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına görə, süni intellektin imkanları ondadır ki, böyük həcmdə məlumatlar həcminin emalı iqlim dəyişmələrinin patternlərinin modelləşdirilməsini və proqnozlaşdırılmasını əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Bu da ölkələrin hakimiyyət orqanlarına iqlim dəyişmələrinə təsirli adaptasiya və onun fəsadlarının yumşaldılması strategiyasını işləyib hazırlamaq imkanı verəcək.

Məsələn, layihə çərçivəsində süni intellektdən istifadəyə əsaslanaraq Burundi, Çad və Sudanda ətraf mühitdə baş verəcək dəyişikliklərin təhlili aparılır. Məqsəd bu dəyişikliklərin proqnozlarının təqdim edilməsidir.

Daha bir nümunə “MyAnga” tətbiqidir. Bu tətbiq Keniyada çobanlara qlobal meteoroloji stansiyalardan və peyklərdən alınan məlumatlardan istifadə edərək quraqlığa hazırlaşmaqda kömək edir.

Əlverişsiz hava şəraitinin qabaqcadan öyrənilməsi ilə yanaşı, süni intellekt hava proqnozunun dəqiqliyini yüksəltməklə və erkən xəbərdarlıq sistemindən istifadə etməklə əhaliyə iqlim fəlakətlərinə daha səmərəli hazırlaşmaqda da yardım edə bilir.

Bu cür təşəbbüslər yüksək risk zonalarının aşkarlanmasına və effektli reaksiya verilməsi planlarının tətbiqinə yönəldilib. Məsələn, torpaq sürüşmələrinə məruz qalan ərazilərə münasibətdə bu cür mexanizmlər yerli hakimiyyət orqanlarına riskləri azaltmaqda və əhalinin həssas, zərərçəkən qruplarına təhlükəsizliyi təmin etməkdə kömək edir.

Süni intellektin üstünlüklərindən istifadə BMT Baş katibinin “Erkən xəbərdarlıqlar hamı üçün” (“Early Warnings for All”) novator təşəbbüsünün tərkib hissəsidir. Bu təşəbbüs daha əvvəl cari ildə dövriyyəyə buraxılıb, Yer kürəsində hər bir insanın təhlükəli hava və ya iqlim hadisələrindən müdafiəsinin təminatına yönəldilib.

Süni intellekt havanın keyfiyyətinin xəritəsinin yaradılmasında əsas rol oynayır. Hazırda xeyli tətbiqlər mövcuddur ki, onların vasitəsilə şəhər sakinləri rayonlarda və hətta mikrorayonlarda çirkləndirilmənin səviyyəsini dəqiqliklə öyrənə bilərlər. Beləliklə, süni intellekt ictimai səhiyyənin yaxşılaşdırılmasına kömək edə bilər.

Bundan başqa, süni intellekt şəhər planlaşdırılmasının təkmilləşdirilməsinə, eləcə də nəqliyyat sistemlərinin və tullantıların emalı proseslərinin idarə olunmasına yardım edir. Bu da şəhərlərdə həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Hazırda qlobal sənaye modasının dövriyyəsi 2,4 trilyon dollar təşkil edir, bu sektorda 300 milyondan artıq insan çalışır. Bununla yanaşı, geyim istehsalı bir çox hallarda nəhəng su həcmindən istifadə olunmaqla və müvafiq olaraq, bununla da ekologiyaya ziyan vurmaqla, zərərli maddələrin böyük tullantıları ilə bağlıdır.

BMT-nin Dayanıqlı Moda Uğrunda Alyansının məlumatına görə, istehsal proseslərində radikal dəyişikliklər və istehlak vərdişləri olmadan moda sənayesinin xərcləri artmaqda davam edəcək.

Süni intellekt istehsalın optimallaşdırılmasına, tullantıların azaldılmasına və istehlaka nəzarətə kömək edə bilər.

Kənd təsərrüfatı yüksək həcmdə tullantılarla daha bir sahəni təmsil edir. İqlim dəyişmələrinin qiymətləndirilməsi barədə BMT-nin hesabatında göstərilir ki, istixana qazlarının qlobal emissiyasının təqribən 22 faizi məhz bu sektorun payına düşür.

Lakin süni intellektdən istifadə vəziyyəti dəyişə bilər. “Ağıllı” şəbəkələr vasitəsilə süni intellekt məhsullara tələb və təklifi balanslaşdıra, bununla da enerji təchizatı sistemlərinə bərpaolunan enerji mənbələrinin inteqrasiyasını asanlaşdıraraq, mədən yanacağından asılılığı azalda bilər. Bundan başqa, süni intellekt tullantıları azaltmaqla və ətraf mühitə ekoloji təsiri minimallaşdırmaqla kənd təsərrüfatı təcrübəsini həm kiçik fermer təsərrüfatları, həm də iri korporasiyalar üçün optimallaşdırmağa kömək edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
440
50
azertag.az

10Mənbələr