AZ

"Deputat seçilsəm, kasıblara və qocalara yardım edəcəm" - Ən gənc NAMİZƏD

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar Parlament seçkiləri keçiriləcək. Bu seçkilərdə ən gənc namizəd 18 yaşlı tələbə Zəbulla Hüseynovdur. O, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən öz namizədliyini irəli sürüb.

 

Zəbulla Hüseynovun cəmi 18 yaşı var. Onun sözügedən dairədə rəqibləri arasında Ana Vətən Partiyasının sədri, VI çağırış Milli Məclisin deputatı Fəzail Ağamalının 41 yaşlı qızı Günay Ağamalı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi 34 yaşlı Emin Ağayev və digər şəxslər var.

 

AzEdu.az xəbər verir ki, Modern.az Zəbulla Hüseynovla həmsöhbət olub.

 

O, Türkiyənin Giresun Universitetində iqtisadiyyat və inzibati elmlər üzrə təhsil alır. Zəbulla hər zaman xaricdə təhsil almaq arzusunda olduğunu bildirib. "Türkiyəyə getmək də bunun üçün fürsət idi. Bunun üçün çalışdım və məqsədimə çatdım", - o deyir.

 

18 yaşlı namizəd Türkiyədən Azərbaycana qayıtdıqda parlament seçkilərinin keçiriləcəyini öyrənib. "Mən ölkəyə gələndə Parlament seçkiləri olacağını öyrəndim və şansımı sınamağa qərar verdim. Bunun karyeram üçün uğurlu olacağını düşünərək bu addımı atdım. Beləliklə Azərbaycanda gənclərə verilən imkanlardan istifadə etdim və namizədliyim qeydə alındı".

 

Mövcud qanunvericiliyə görə Azərbaycanda 18 yaşı tamam olan şəxslər deputatlığa namizəd ola bilər. Zəbullanın 18 yaşı bu ilin yanvar ayında tamam olub. 

 

O, artıq təşviqat kampaniyasına başlayıb və seçicilərlə görüşlər keçirir: "Təşviqat kampaniyası dövründə azı 5-6 görüş keçirməyi planlaşdırıram".

 

Ailəsi və müəllimləri də deputatlıq yarışında Zəbullaya dəstək verir. "Ailəm bu məsələdə də hər zaman olduğu kimi yanımda olduğunu bildirdi. Müəllimlərim və məktəbimizin direktoru mənimlə qürur duyduqlarını deyərək dəstəklərini ifadə ediblər", - gənc namizəd bildirib. .

 

Deputatlıq uğrunda yarışa qoşulan ən gənc namizəd bu məsuliyyətli vəzifəni daşımağa hazır olduğunu bildirib. O, seçiləcəyi təqdirdə hər zaman xalqın yanında olacağına söz verib.

 

Digər namizədlərə gəlincə, Zəbulla onları yaxından tanımadığını deyir. Qeyd edək ki, 65 saylı seçki dairəsində gənc namizəddən başqa 9 nəfər seçki yarışında iştirak edir. "Namizədlərin heç biri hələlik mənimlə əlaqə yaratmayıb", - o bildirib.

 

Gənc namizəd seçki kampaniyası müddətində sosial şəbəkələrin imkanlarından da istifadə etdiyini bildirib. O, bir neçə sosial şəbəkə platformalarında aktiv olduğunu və şəxsi hesablarında namizədliyi ilə bağlı paylaşımlar etdiyini deyir.

 

Təşviqat mərhələsində Zəbulla uşaqlara, maddi imkanı zəif olan insanlara və qocalara yardım vəd edir və həssas qruplara yardım göstərmək əsas planlarım arasında olduğunu bildirir.

 

Qeyd edək ki, seçkiqabağı təşviqat seçkilərə bir gün qalmış, avqustun 31-nə keçən gecə başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
260
2
azedu.az

10Mənbələr