AZ

Ukrayna ordusu Moskvaya yaxınlaşır - Rusiya nüvə silahına əl atacaq?

Ukrayna ordusunun Kursk vilayəti istiqamətində hücumu davam edir. Rusiya mənbələri tərəfindən hazırda 28 yaşayış məntəqəsinin Ukrayna silahlı qüvvələrinin nəzarətində olduğu bildirilir. Döyüş bölgəsindən minlərlə insan təxliyə olunub. Rusiya ordusu Kiyevin hücumları qarşısında çıxılmaz vəziyyətdədir. 

Ukraynanın bu gözlənilməz hücumu müharibənin gedişini kökündən dəyişə bilərmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, Ukraynanın Kurska hücumu başlıca olaraq təbliğat məqsədi daşıyır:

“İlk öncə onu qeyd etmək lazımdır ki, Ukrayna mənbələri özləri etiraf edirlər ki, əməliyyata cəlb olunan qüvvələrin sayı 4 batalyon və yaxud briqadadan ibarətdir. Bu da onu göstərir ki, hücumda iştirak edənlər 5-10 min nəfərlik canlı qüvvədir. Təbii olaraq bu qədər hərbçi ilə Rusiyanı məğlub etmək və ya Moskvanı zəbt etmək mümkün deyil. Mənə elə gəlir ki, bu ilk növbədə təbliğat üçün istifadə olunan bir vasitədir. Əslinə qalsa, heç Ukrayna rəhbərliyi də bunu gizlətmir. Çünki uzun müddətdən sonra, belə bir fikir formalaşıb ki, Ukrayna ordusu zəifləyib və Rusiya ordusu intensiv hücumdadır. Bu tendensiyanı dəyişmək üçün Kurska edilən hücum əməliyyatı ilk növbədə təbliğat baxımından təsirlidir. Digər tərəfdən, ABŞ və Rusiya arasında Ukrayna münaqişəsi ilə bağlı müzakirələr aparılır. Bəlkə də gələcəkdə hansısa razılaşmalara hazırlıq görmək üçün belə əməliyyatlardan istifadə edilir. Yekun olaraq belə bir fikir söyləmək olar ki, hərbi baxımdan bu məsələ elə bir ciddi təəssürat yaratmır. Amma təbliğat baxımından onun təsiri çox böyükdür. Bu nəticələrin necə istifadə olunacağını zaman göstərəcək”. 

Tofiq Zülfüqarov Rusiyanın nüvə silahından istifadə ehtimalına da münasibət bildirib: 

“Əslinə qalsa, müharibənin ilk günlərindən Rusiya üçün münaqişəni başlamağa hansısa real və yaxud düzəldilmiş səbəb lazım deyildi. Çünki Moskva beynəlxalq qanunları pozaraq, suveren ölkənin ərazisinə hücum edib. Bu baxımdan Ukraynanın son hücumundan hansısa bəhanə üçün istifadə edəcəyini real görmürəm. Rusiyanın imkanı olsaydı, daha genişmiqyaslı hücum edərdi. Nüvə silahından istifadə məsələsinə gəlincə isə, doğrusu hərbi baxımdan bu əməliyyat o qədər də genişmiqyaslı deyil. Rusiya üçün real təhlükə yaratmır. Yəni 5-10 min nəfərlik Ukrayna hərbi qruplaşmasının uğurlu hücumu cəbhədə faktiki real vəziyyəti dəyişə bilməz. Bunun üçün daha genişmiqyaslı hərbi əməliyyatlar lazımdır. Bu baxımdan Rusiyanın nüvə silahından istifadəsi real görünmür”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
50
yenisabah.az

10Mənbələr