AZ

Nüvə müharibəsi riski artır

Beynəlxalq aləm narahatdır...

Beynəlxalq gərginliyin ən yüksək həddə çatdığı son günlərdə səslənən bəyanatlar, verilən anonslar özündə neqativ yük daşıyır. Xüsusilə Mərkəzi Avropada baş verənlər sona çatmamış Yaxın Şərqdə yeni müharibə sədalarının eşidilməsi, dünyanın aparıcı dövlətlərinin silah təchizatını gücləndirməsi və canlı hərbi qüvvələrini hərəkətə gətirməsi böyük narahatlıqlara yol açır. Nəzərə alsaq ki, yeni dövrün müharibələri özünün bəzi elementləri ilə fərqlənir, başqa sözlə, daha böyükmiqyaslı dağıdıcı komponentlərə əsaslanır, narahatlıqların səbəbsiz olmadığı ortaya çıxır. İki ildən artıqdır ki, nüvə ritorikasının hakim kəsildiyi Rusiya-Ukrayna qarşıdurmasında Qərbin vahid güc şəklində Ukraynaya dəstək olması Moskvanın təhlükəli ssenarilər hədəsini səsləndirməsinə yol açıb. İndi isə Yaxın Şərq çalxalanır - İran, Livan, İsrail və başqa dövlətlər olduqca kəskin bəyanatlar səsləndirir, kompromisdən uzaq mövqe ortaya qoyurlar. Bu isə yuxarıda bəhs olunan təhlükələri daha da real edir.

BMT baş katibi təhlükə anonsu verir...

Nəticə etibarı ilə bu təhlükə artıq ən yüksək tribunalardan səslənməyə başlayıb. Məsələn, BMT-nin Baş katibi Quterreş dünyanın yenidən nüvə silahından real istifadə təhlükəsi ilə üz-üzə gəldiyini hesab edir. Bunu o, ABŞ-ın Hirosimaya nüvə bombası atmasının 79-cu ildönümü ilə bağlı anım mərasimində BMT Baş katibinin müavini və tərk-silah məsələləri üzrə ali nümayəndəsi İdzumi Nakamitsunun oxuduğu müraciətdə bildirib. “Nüvə silahları və onlardan istifadə ilə bağlı təhdidlər təkcə tarix dərsliklərinin səhifələrində deyil, bu cür gündəlik ritorika beynəlxalq münasibətlərdəki vəziyyət fonunda yenidən özünü büruzə verir”, - deyə Quterreş bunun indi dünyanın üzləşdiyi real təhlükə olduğunu vurğulayıb.
BMT-nin Baş katibi əmindir ki, nüvə silahı təhlükəsini nəhayət aradan qaldırmağın yeganə yolu ondan tamamilə imtina etməkdir. “Nüvə müharibəsində qalib ola bilməz və belə bir müharibə heç bir halda başlanmamalıdır”, - o vurğulayıb.
Bəli, qeyd edildiyi kimi bəşəriyyət yeni sınaq qarşısındadır. Artıq davam edən, hətta proqnozlaşdırılan müharibələrin hər birinin yeni mərhələyə - lokal səviyyədən qlobal müstəviyə transferi hər an baş verə bilər. Hazırkı siyasi gedişat da bunu diqtə etməkdədir. Son günlər baş verən mühüm kataklizmləri də nəzərə alsaq, fərqli güclərin, daha doğrusu, maraqlı güclərin münaqişəyə daxil olması artıq aktuallıq daşıyır. Məsələn, NATO, dolayısı ilə ABŞ dünənə qədər Mərkəzi Avropada Rusiya ilə “haqq-hesab” çəkməyə hazırlaşırdısa, artıq Yaxın Şərqə müdaxiləsini istisna etmir. ABŞ-ın hansısa münaqişəyə daxil olması isə hərbi platformada qütbləşməni daha da dərinləşdirəcək. Qarşı tərəfi dəstəkləyənlər də geri durmayacaq və bu amil qarşıdurmaların həm sərhəddinə, həm mahiyyətinə, həm də xarakterinə təsir göstərəcək. Və hətta cənab Quterreşin real təhlükə saydığı nüvə məsələsini də yenidən müzakirə predmetinə çevirəcək.

Qərb cəbhəsindən üzü Şərqə doğru...

Bəzi siyasi  analitiklər baş verənləri ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə bir neçə mərhələdə keçirilən “Demokratiya Sammiti” ilə əlaqələndirirlər. Hələ 2021-ci ildə siyasi təhlilçilər bu siyasi xətti “yeni dövrün yumşaq yürüşü” adlandırır, onun nələrə yol açacağının ştrixlərini bəlli edirdilər. Bəzi ölkələrdə yumşaq güc yolu ilə öz maraqlarını təmin etməyə, demokratiya pərdəsi altında həmin dövlətləri öz nüfuzu altına almağa çalışan Qərb qanadı yeni şəkilləndirmə axtarışında olduğunu bariz faktlarla ortaya qoyur. Həm Avropa cəbhəsində, həm də Şərq cəbhəsində kompromisdən uzaq davranışları ilə yadda qalan “göy qanad” sakit şəkildə, “ənənəvi demokratik” yolla sıradan çıxara bilməyəcəyi güclərə qarşı monolit təzyiq kampaniyası yaradır. Bu gün Quterreşin bəhsini açdığı həmin “nüvə təhlükəsi” real mənzərənin ortaya çıxardığı siyasi  nəticələrdir:
- Avropada Ukraynanı silahlandıran, maddi yardımlarını artıran və hətta Fransanın timsalında əsgəri yardımlarını belə “əsirgəməyən” Qərb bununla münasibətlərin masa arxasında müzakirəsini istisna edir;
- Şərqdə bitərəfliyini nəinki qorumayan, özünün bəzi maraqlarını aşkar şəkildə nümayiş etdirən Qərb yeni eskalasiya üçün fürsət güddüyünü bütün parametrlər üzrə biruzə verir.  

Beləliklə, “göy qanad” Şərqdə qurduğu yeni hərbi koalisiya vasitəsilə öz dayaqlarını daha da möhkəmləndirir. AUKUS Şərqi Çin dənizini, Atlantik sularını, Sakit Okean hövzəsini daim nəzarətdə saxlayacaq gücə çevrilmə yolunda inamla irəliləyir. Yaranacaq təhlükə qarşısında isə AUKUS və tərəfdaşları (Yaponiya, Cənubi Koreya) Qərbin maraqlarının ifadəçisi rolunda çıxış edir.

Nüvə nümunəsi - 79 il öncənin acı təcrübəsi...

İki illik Ukrayna təcrübəsinin ardından Şərqdə yeni cəbhənin formalaşdırılması və qeyd edilən siyasi-hərbi üstünlüklər qlobal məkanda yeni siyasi reallıqlar formalaşdırır -yeni siyasi reallıqlar hərbi əməliyyatların müaisir günümüz kontekstində daha aqressiv mərhələyə keçməsini şərtləndirir. Müharibənin bu mərhələsi isə “nüvə müharibəsi” riskini daha da artırır. Qutereşin təhlükə anonsu isə onu göstərir ki, bəzi dövlətlər artıq katapultu hazır vəziyyətə belə gətirib.

Yeri gəlmişkən, 6 avqust 1945-ci ildə Hiro?imada 15 kiloton “Little Boy” adlı uran-235 atom bombası partladılmışdı. Şəhər mərkəzini tamamilə sıradan çıxaran bu hadisə nəticəsində şəhər əhalisinin üçdə bir hissəsinə yaxını, yəni 120 min adam ölmüşdü. Geriyə qalan minlərlə adam isə mutasiyaya uğramış, xərçəng xəstləyinə tutulmuş və yaxud orqanlarından birini itirmişdi. 3 gün sonra, 9 avqust 1945-ci ildə sabaha yaxın Naqasakidə, 45 kiloton çəkisindəki “Fat Man” adlı, plutonium-239 atom bombası partladıldı. Hirosima bombasından üçqat daha ağır və urandan daha radioaktiv, plutonium bombasını şəhərin tam mərkəzinə düşürməyi tutdura bilməyən pilot, 80 min insanın ölümünə səbəb oldu.

Dünyanı dağıtmağa bəs edəcək qədər bomba var

“Qiyamət silahı” adlanan nüvə başlıqları müasir günümüzdə cəmisi bir neçə ölkənin arsenalında yer alır. Nüvə silahlarının sayı barədə isə son dərəcə təxmini fikir yürütmək olar. Stokholm Beynəlxalq Sülh İnstitutu (SIPRI) və Amerika Elm Adamları Federasiyasının (FAS) bir neçə il öncə birgə apardığı araşdırmalara görə isə hazırda dünyada sadəcə 9 ölkədə nüvə silahı var. Siyahıya 6 min 850 nüvə silahı ilə Rusiya rəhbərlik edir. İkinci yerdə ABŞ dayanır ki, onun da 6 min 450 nüvə silahı mövcuddur. Baydenin ABŞ Konqresi ilə məsləhətləşmədən nüvə silahlarından istifadə hüququ var. Üçüncü yerdəki Fransanın isə sadəcə 300 ədəd nüvə silahı var ki, bundan istifadə hüququ prezidentin səlahiyyətindədir. İlk nüvə silahını 1952-ci ildə sınaqdan keçirən İngiltərə isə 225 ədəd nüvə başlığı ilə siyahının dördüncüsüdür. Bu ölkədə nüvə silahından istifadə hüququ ölkənin baş nazirində və ya onun təyin etdiyi bir millət vəkilində olur. Çindəki nüvə prosesləri haqqında çox məlumat yoxdur. 1964-1996-cı illər aralığında ölkədə 45 nüvə silahı sınaqdan çıxarılıb və hazırda Çinin 280 ədəd nüvə silahının olduğu ehtimal edilir. Bu say Çini siyahıda 5-ci yerə qoymağa icazə verir. İlk nüvə silahını cəmi 21 il bundan əvvəl sınaqdan çıxarmış Pakistan isə təxminən 140-150 nüvə başlığı ilə 6-cı yeri tutur. Pakistanda baş nazir Nüvə Qərargahına nəzarət etdiyi üçün nüvə silahları onun tabeçiliyndə sayılır. 7-ci yerdəki Hindistanın isə 130 və ya 140 nüvə silahı olduğu ehtimal edilir. Burada da nüvə silahlarına baş nazir nəzarət edir. Nüvə silahı olan digər bütün ölkələrdən fərqli olaraq 8-ci yerdəki İsraildə bu silahların istifadə hüququ bir nəfərdə deyil. Beynəlxalq ictimaiyyət İsrailin nüvə silahı olduğundan şübhə eləmir, ancaq İsrail hökuməti indiyə kimi heç vaxt bu barədə rəsmi açıqlama verməyib. Sonuncu yerdəki Şimali Koreyanın isə 10 və ya 20 nüvə başlığı olduğu ehtimal edilir.


Pərviz SADAYOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
50
yeniazerbaycan.com

10Mənbələr