AZ

Harris immiqrasiyada prokurorliq təcrübəsinə arxalanır, Tramp isə kütləvi deportasiya vəd edir

İmmiqrasiya ABŞ seçkilərinin əsas mövzusu olaraq qalmağa davam edir. Vitse-prezident Kamala Harris prokuror kimi nailiyyətlərini qeyd edir. Sabiq prezident Donald Tramp isə cari administrasiyanı immiqrasiya mövzusunda tənqid edir və kütləvi deportasiyalar vəd edir.

Təşviqat görüşlərində vitse-prezident Kamala Harris Kaliforniyada şəhər və ştat səviyyəsində prokuror kimi təcrübəsindən danışır.

Kamala Harris, Demokratların prezidentliyə namizədi: “Mən hüquq-mühafizə əməkdaşları ilə bərabər Birləşmiş Ştatlar və Meksika arasında yeraltı tunnellərdə gəzmişəm. Mən ölkəyə qeyri-qanuni gəlmiş transmilli cinayətkarlar, narkotika kartelləri və insan alverçiləri ilə mübarizə aparmışam. Onlara qarşı işlərdə qalib olmuşam.”

Prezident olduğu dövrdə Donald Tramp təxminən 50 mil uzunluğunda yeni sərhəd divarı tikib, sığınacaq alanların illik limitini tarixi səviyyədə azaldıb və uşaqları valideynlərindən ayıran siyasət yeridib.

Donald Tramp, Respublikaçıların prezidentliyə namizədi: “Noyabrda amerikalılar bu işləri müqayisə edəcək və deyəcəklər ki, Sərhəd Çarı Harris, sənin gördüyün iş bərbaddır. Sən bizim ölkə üçün rüsvayçılıqsan. Səni işdən qovuruq. Get burdan.”

İmmiqrasiya prezident seçkilərinin əsas mövzularından biridir. Çikaqo Şurasının sorğusuna əsasən, respondentlərin 50 faizi çox sayda miqrantların Birləşmiş Ştatlar üçün təhlükə olduğunu bildiriblər. Amerikalıların yarısından çoxu sərhəd divarının tikintisini və ölkə qoşunlarının ABŞ-Meksika sərhədinin mühafizəsinə cəlb olunmasını dəstəkləsələr də, əksəriyyət kütləvi deportasiyanın əleyhinədir.

Konqres immiqrasiya islahatı qanununu qəbul edə bilmədiyə görə, ölkə prezidentin kimliyindən asılı olmayaraq sərəncamlardan, nizamlamalardan asılı qalır.

Kori Forman, İmmiqrasiya hüquqşünası: “Mövcud siyasi mühitdə bu, çətindir. Belə ki, sərəncamlar hər zaman məhkəmə işlərinin subyekti olacaq. Konqresimizin isə iş görmək niyyəti yoxdur.”

İlin əvvəlində hər iki partiya tərəfindən hazırlanmış qanun layihəsinin Trampa görə qəbul edilməməsini qeyd edən Harris sərhəd təhlükəsizliyi qanununa dəstək vəd edir.

Kamala Harris, Demokratların prezidentliyə namizədi: “O, ikipartiyalı sazişi batırdı. Çünki düşündü ki, bu ona seçkidə qalib gəlməyə yardım edəcək. Bu, Donald Trampın sərhəd təhlükəsizliyinə əhəmiyyət vermədiyini göstərir. O yalnız özü haqda düşünür. Beləliklə mən sizə söz verirəm. Prezident kimi mən Donald Trampın iflasa uğratdığı sərhəd təhlükəsizliyi qanununu qaytaracağam və onu imzalayacağam.”

Trampın Respublikaçı müttəfiqləri ona Harris üzərində üstünlüyə malik olduğu sahələrə diqqət yetirməyi tövsiyə edir. Xüsusən də immiqrasiya.

O, sənədsiz miqrantların deportasiyasına çağırışa davam edir və Bayden-Harris administrasiyasını açıq adlandığı sərhəd siyasətinə görə tənqid edir.

Donald Tramp, Respublikaçıların prezidentliyə namizədi: “Səsinizlə inflasiya dayanacaq, qeyri-qanuni xaricilər geri qayıdacaq. Biz bunu dayandırmalıyıq. Siz gördünüz, o deyir ki, “bizim çox yaxşı sərhədimiz var”. Bu, dünya tarixinin ən bərbad səhədidir.”

ABŞ Sərhəd Patrulu iyun ayında 130 min miqrantın sərhədi keçdiyini qeydə qalıb. Bu, Trampın pandemiyadan öncəki son ilində - 2019-cu ilin eyni ayından 104 min şəxs çoxdur. Bununla bərabər son ayın rəqəmi 2023-cü ilin dekabrında 300 min təşkil edən pikdən aşağıdır.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
11
visiontv.az

7Mənbələr