AZ

ABŞ bölgəyə “açıq qapı”dan girir

ABŞ-nin Ermənistandakı addımları Rusiyanı qəzəbləndirib.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Moskvada keçirilən mətbuat konfransında ABŞ-ni Ermənistanı Rusiya ilə müttəfiqlik münasibətlərini korlamağa təhrik etməkdə günahlandırıb. “RİA Novosti”-nin məlumatına görə, M. Zaxarova ABŞ rəsmilərinin Ermənistanla bağlı son bəyanatlarını əsassız adlandırıb. O qeyd edib ki, heç bir ölkə Rusiya-Ermənistan müttəfiqlik münasibətlərini korlaya bilməz.

“ABŞ-nin Ermənistanın Rusiyadan üz döndərmək istəməsi ilə bağlı bəyanatları əsassızdır. Rusiya Federasiyası ilə Ermənistan arasında əsrlər boyu formalaşmış əlaqələr Qərbin bütün güclü hücumlarına tab gətirəcək. Tarix boyu biz qardaş erməni xalqına dəfələrlə çiyin-çiyni vermişik və bunu davam etdirmək niyyətindəyik ”, – deyə M. Zaxarova vurğulayıb. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, Vaşinqton hər vasitə ilə Ermənistan və Cənubi Qafqazda təsir imkanlarını artırmağa çalışır:

“Ceyms O`Brayenin Ermənistanın Rusiyadan üz döndərmək istəməsi ilə bağlı əsassız bəyanatlarına gəlincə, bu, amerikalılara xas olan geosiyasi mühəndisliyin növbəti nümunəsidir. Yəni dünya ictimaiyyətinin gözündə Vaşinqtona lazım olan “reallığı” uydurmaq istəyidir”. 

ABŞ-nin Ermənistan siyasətində baş verən son proseslər onu deməyə əsas verir ki, bu gün ABŞ Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarıb öz təsir dairəsinə qatmaq istəyir. Bəzi ekspertlər hesab edirlər ki, ABŞ Fransa kimi məhz Ermənistan üzərində Cənubi Qafqazda proseslərə müdaxilə etməyə çalışır. Hətta ola bilər ki, yaxın zamanda ABŞ-nin Ermənistanda hərbi baza qurmaq ilə bağlı məsələlər də gündəmə gələ bilər. 

Məsələ ilə bağlı politoloq Natiq Miri “Cümhuriyət”-ə şərhində qeyd edib ki, ABŞ-nin İrəvana yardımı və dəstəyi artırması Ermənistanın Rusiyadan asılılığının azaldılmasına yönəlib:

“ABŞ hər zaman beynəlxalq ictimaiyyətin gözündə cəzbedici olması üçün yumşaq gücdən istifadə edir. Vaşinqton Ermənistanla istər maliyyə və iqtisadi-ticari, istərsə təhlükəsizlik-müdafiə, istərsə də enerji məsələsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir. ABŞ Ermənistanda bütün sahələr üzrə ciddi fəaliyyətə başlayıb.

Xüsusilə qeyd edim ki, aprelin 5-də Brüsseldə ABŞ Dövlət katibi Entoni Blinken, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə əsas gündəm Ermənistanın xarici təsirlər qarşısında dayanıqlı olması ilə bağlı məsələ olub. Görüşdə bu məsələ üzrə ciddi razılaşmalar əldə olunub. ABŞ də artıq bu razılaşmaları icra etməyə başlayıb. Eyni zamanda, son zamanlar ABŞ rəsmilərinin Ermənistana səfərlərinin intensivləşdiyinə də şahid oluruq. Bu, nə dərəcədə yetərli olacaq, bunu yalnız zaman göstərəcək”. 

Politoloqun sözlərinə görə, Vaşinqton Ermənistanın Rusiyadan enerji asılılığının azaldılmasında maraqlıdır:

“ABŞ Paşinyan hakimiyyəti ilə Ermənistanda modul-tipli atom elektrik stansiyasının tikilməsi ilə bağlı danışıqlar aparır. Vaşinqton Ermənistanın bütün sahələr üzrə Rusiyadan asılılığını azaltmaq, Ermənistanın sərbəst olması üçün addımlarını daha da artırıb”. 

Natiq Miri, həmçinin vurğulayıb ki, ABŞ məhz Ermənistan üzərində Cənubi Qafqazda proseslərə müdaxilə etmək niyyətindədir:

“Bu regionda ən zəif dövlət Ermənistandır. Əsrlər boyu bütün güc mərkəzləri hər hansısa regionda öz təsir imkanlarını artırmaq üçün həmin regionda yerləşən zəif ölkədən istifadə ediblər. Hazırda da bu siyasət davam etdirilir. Güc mərkəzləri zəif ölkələrdən sui-istifadə etməklə regionda təlatümlərə də yol açırlar. Bu baxımdan ABŞ və digər Qərb güc mərkəzləri məhz Ermənistan üzərindən Cənubi Qafqaza müdaxilə etmək və regionda təsir imkanlarını artırmaq, xüsusilə də Rusiyanı bu regiondan sıxışdırılıb çıxarılmasına çalışırlar”. 

ABŞ-nin Ermənistanda hərbi baza qurmaq ehtimalına gəlincə, N. Miri bildirib ki, bunun üçün ilk növbədə Ermənistanın Rusiyadan tam asılılığına son qoyulmalıdır:

“ABŞ silahlı qüvvələrinin Ermənistanda yerləşməsindən əvvəl bu ölkə Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatından çıxmalı, Rusiya ilə imzalanan 49 illik hərbi anlaşmaya son qoyulmalı, Gümrü şəhərindəki 102-ci rus hərbi bazası ölkədən çıxarılmalıdır. Yaxın perspektivdə bütün bunların baş verməsi qeyri-mümkündür. Amma bu, o demək deyil ki, ABŞ Ermənistanda mövcud deyil. Vaşinqton bu ölkədə günbəgün təsir imkanlarını artırır. ABŞ Rusiyanı Ermənistandan, o cümlədən bütün Cənubi Qafqazdan çıxarmaq üçün ciddi fəaliyyətlə məşğuldur. Yaxın gələcəkdə ABŞ-nin Ermənistanda hərbi bazasına ehtiyac olub-olmayacağı məsələsinə gəlincə, bu, hələ sual altında qalır.

Ona görə ki, Ermənistan hələ də Qərbin onun qarşısına qoyduğu bir çox öhdəlikləri yerinə yetirməyib. Düzdür, Ermənistanın Zvartnots hava limanından rus hərbçiləri çıxarılıb, Ermənistan KTMT-də üzvlüyünü dondurub və təşkilatın tədbirlərində iştirak etməkdən imtina edir. Buna baxmayaraq, Ermənistan iqtisadi-ticari cəhətdən Rusiyaya çox bağlıdır. Bu tellər qırılmadan, eləcə də bu telləri əvəzləyəcək alternativ kanallar tapılmadan, Ermənistan üçün bu istiqamətdə hərəkət etmək çox çətin olacaq”. 

Sonda N. Miri vurğulayıb ki, Ermənistanın Rusiya ilə ABŞ arasında geosiyasi mübarizə poliqonuna çevrilməsi Cənubi Qafqazda ciddi təlatümlərin baş verməsinə səbəb ola bilər:

“Buna Ukraynada çox açıq şəkildə şahidi oluruq. ABŞ təkcə Ukrayna ilə kifayətlənmir, həmçinin Rusiya ilə həmsərhəd olan Cənubi Qafqaz və Mərkəzi Asiyada da öz geosiyasi təsir imkanlarını artırmaq istəyir. Ermənistanda hazırki proseslər məhz buna istiqamətlənib. Heç bir şəkildə inkar oluna bilməz ki, ABŞ Cənubi Qafqaza diqqətini çox artırıb. Hətta bir müddət sonra ABŞ üzünü Mərkəzi Asiyaya da çevirəcək. Artıq bunun işartılarını görürük. Hesab edirəm ki, Cənubi Qafqazda daimi sülh, sabitlik və əmin-amanlığın bərqərar olunması üçün regionun bütöv bir sistem olaraq fəaliyyət göstərməsinə ehtiyac var. Yəni regionun üç ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistan birgə regionun təhlükəsizlik arxitekturasını müəyyən etməlidir.

Qeyd edim ki, regionun təhlükəsizlik arxitekturası ilə bağlı təklif məhz Azərbaycan tərəfindən irəli sürülüb. Bu, çox doğru yanaşmadır. Təəssüflər olsun ki, bu yanaşmanın həyata keçməsinə əngəl olan yeganə ölkə Ermənistandır. Əgər Ermənistan bu yanaşmaya müsbət mövqe sərgiləyərsə, Azərbaycanla sülh sazişinə imza atarsa, o zaman Cənubi Qafqaz tam müstəqil, sabit və təhlükəsiz bir regiona çevriləcək. Belə olan halda qlobal güc mərkəzlərinin regiona müdaxiləsinin qarşısı alınacaq”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
50
cebheinfo.az

10Mənbələr