AZ

Əvvəl SSRİ, sonra Rusiyanın dostu oldu – ABŞ o ölkəni tərəfinə çəkir

Hindistan Baş naziri Narendra Modinin üçüncü dəfə tutduğu posta seçilməsindən sonra Moskvaya səfəri və Prezident Vladimir Putinlə görüşü Kiyevin narazılığına səbəb oldu. Hətta Ukrayna Prezidenti Vladimir Zelenskinin səfərlə bağlı sərt tənqidi Hindistanın Kiyevdəki səfirinin müvəqqəti olaraq geri çağrılması ilə nəticələndi.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Rusiyaya səfərinə baxmayaraq, Hindistan baş naziri ABŞ və Avropa İttifaqı ilə sıx əməkdaşlığı davam etdirmək niyyətindədir:

“Hindistan üçün əsas bazarlar məhz Qərb ölkələridir. ABŞ-də prezident seçkisindən sonra Modinin Vaşinqton səfəri və yeni Ağ Ev sahibi ilə görüşəcəyi ehtimalı yüksəkdir. Prezident olduğu illərdə Donald Trampın Dehliyə uğurlu səfəri olmuşdu. Yenidən prezident seçilməsi halında Trampın Hindistana növbəti səfəri reallaşacaq. Onun rəqibi Kamala Harris ana tərəfdən hindli olduğundan, o da qələbəsi halında Hindistana səfər edəcək.

Ayrıca, Hindistan və ABŞ “Javelin” tank əleyhinə raketlərin birgə istehsalını müzakirə edir. Bununla yanaşı, “Strayker” zirehli transportyorların birgə istehsalı ilə bağlı da danışıqlar gedir. Bu xəbəri ABŞ dövlət katibinin birinci müavini Kurt Kempel də təsdiqləyib. Birgə istehsalla bağlı danışıqlar sürətlənib. Bununla kifayətlənməyən Vaşinqton Hindistana Amerikanın MQ-9B hücum və kəşfiyyat dronlarının satışına dair təklif də göndərib.

Hindistan vaxtilə keçmiş SSRİ ilə hərbi əməkdaşlığa üstünlük verirdi. Bu əməkdaşlıq SSRİ dağıldıqdan sonra Rusiya ilə davam etdi. Amma Rusiya-Ukrayna müharibəsi Hindistanın Rusiya silahı və hərbi texnikasına marağı azaldıb. Hindistan son illər ABŞ və bir sıra Avropa dövlətinin silah, hərbi texnika və hərbi təyyarələrinə maraq göstərir”.

Mərkəzin ekspertləri hesab edirlər ki, ABŞ ilə Hindistanı bir-birinə yaxınlaşdıran başqa səbəb də var:

“ABŞ-Hindistan Strateji Tərəfdaşlıq Forumunun prezidenti Mukeş Aqi Dehli və Vaşinqtonun Çinin artan təhlükəsi səbəbindən birləşdiyini söyləyərək qeyd edib ki, hər iki ölkənin Çinlə məşğul olmaq üçün bir-birinə ehtiyacı var. O, Hindistanın ABŞ ilə əlaqələrinin çoxşaxəli olduğunu deyib: “ABŞ prezidentinin demokrat və ya respublikaçı olmasından asılı olmayaraq, əlaqələr əhəmiyyətli dərəcədə böyüməyə və möhkəmlənməyə davam edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
50
teleqraf.com

10Mənbələr