AZ

Levandovski Flikin “Barsa”ya qənimət qazandıracağına əmindir

“Barselona”nın hücumçusu Robert Levandovski “blauqrana”nın yeni baş məşqçisi Hans-Diter Fliklə işləməsi haqda söhbət açıb.

Arena.az “Sport Bild” nəşrinə istinadən, polyak hücumçunun alman mütəxəssis haqda fikrini təqdim edir:

“Hansi” ilə yenidən işləməkdən çox xoşbəxt və məmnunam. İnanıram ki, gözəl mövsüm keçirəcəyik və nəticədə qənimət qazanacağıq. Bizə 1:0 hesabı ilə önə keçdikdən sonra hücumu dayandırmaq olmaz, amma möhtəşəm futbol nümayiş etdirməyə davam etməliyik. Çünki bu, klubun DNT-sidir. “Hansi” isə öz hücum yanaşması ilə bu DNT-yə çox uyğun gəlir”, deyə “Lyova” vurğulayıb.

Xatırladaq ki, alman mütəxəssis Hans-Diter Flik cari ilin iyulunda “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Flikin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Alman mütəxəssisin qarşısında bir məqsəd qoyulub – “Barselona”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.

Robert Levandovski isə “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə daha 1 il müddətinə uzadılması inkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə polyak hücumçu “Barselona”nın heyətində bütün yarışlarda 49 oyuna çıxıb. “Lyova” bu oyunlarda 26 qol vurub, 9 məhsuldar ötürmə verib. Levandovskinin “blauqrana”nın heyətində çıxışı rəqəmlərin gözü ilə belə təsvir yaradır: 95 oyun, 59 qol, 17 məhsuldar ötürmə.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 151 oyun keçirib, 82 qol vurub, 33 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 35 yaşlı polyak mərkəz hücumçusunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
arena.az

3Mənbələr